Qadın ChatGPT-nin məsləhətindən sonra  az qala öləcəkdi
26 yanvar 2026 17:31 (UTC +04:00)

Qadın ChatGPT-nin məsləhətindən sonra az qala öləcəkdi

0

Bir qadın ChatGPT-nin fotoya əsasən zəhərli bitkini səhv tanıması səbəbindən az qala həyatını itirəcəkdi. Sosial şəbəkələrdə geniş müzakirə olunan hadisədə çat-bot təhlükəli zəhərli bitki olan boliqolovu tanımayıb və bir neçə dəfə təhlükə olmadığını iddia edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə barədə YouTube bloqeri Kristi danışaraq hekayəni Instagramda paylaşıb.

Onun sözlərinə görə, rəfiqəsi həyətində bitən bir bitkinin şəklini çəkib və bunun hansı bitki olduğunu öyrənmək üçün görüntünü ChatGPT-yə göndərib.

Cavabda bot bitkinin yarpaqlarının yerkökü yarpağına bənzədiyini bildirib. ChatGPT bunu yarpaqların xırda parçalanmış, lələkvari quruluşda olması ilə əsaslandıraraq, bunun yerkökü üçün klassik əlamət olduğunu qeyd edib.

Qadın birbaşa soruşduqda ki, bu bitki zəhərli boliqolov ola bilərmi, ChatGPT bir neçə dəfə bunu inkar edib. Hətta əlavə foto yükləndikdən sonra da bot mövqeyini dəyişməyərək bunun boliqolov olmadığını iddia edib. Səbəb kimi isə guya “bənövşəyi ləkələri olan hamar, içi boş gövdələrin olmamasını” göstərib. Kristinin sözlərinə görə isə həmin əlamətlər fotoda açıq şəkildə görünürdü.

Vəziyyət yalnız eyni şəkil Google Lens sisteminə yüklənəndə dəyişib. Sistem bitkini dərhal zəhərli boliqolov kimi tanıyıb. Daha sonra isə maraqlı bir detal ortaya çıxıb. Eyni görüntü telefon vasitəsilə başqa bir ChatGPT söhbətinə yüklənəndə bu dəfə süni intellekt tam əks cavab verərək təhlükə barədə xəbərdarlıq edib.

Kristi bildirib ki, rəfiqəsinin tənqidi düşünməsi və məlumatı mütləq şəkildə yenidən yoxlaması vəziyyəti xilas edib. O, bu barədə belə deyib: “Bu, yetkin bir insandır və o bilirdi ki, ChatGPT nə deyirsə, onunla kifayətlənmək olmaz. Bəs belə etməsəydi nə olardı? O, sözün həqiqi mənasında ölə bilərdi, bunun antidotu yoxdur”.

Bloqer bu hadisəyə əsaslanaraq nəticə çıxarıb ki, ChatGPT-yə, digər böyük dil modellərinə və ümumilikdə süni intellekt xidmətlərinə kor-koranə inanmaq təhlükəlidir.

Onun sözlərinə görə, bu texnologiyalar təkcə səhv etmir, eyni zamanda məsləhətləri yoxlanılmadan qəbul edilərsə, ciddi zərər də vura bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar