Son zamanlar Azərbaycanda marketlərdə pişiklərin ət və ət məhsullarının üzərində gəzdiyi əks olunan videoların sayı çoxalıb. Aydın məsələdir ki, belə hallar qidaların təhlükəsizliyinin düzgün şəkildə təmin olunmamasından xəbər verir. Bəs bu hadisələrin yaşandığı müəssisələrin sahibkarlarını hansı cəza gözləyir?
Məsələ ilə bağlı Lent.az-a açıqlama verən qida eksperti Ağa Salamov bildirib ki, qida məhsullarının fiziki, kimyəvi və mikrobioloji çirklənməsi deyə bir sistem mövcuddur:
“Qida məhsullarının təhlükəsizliyini qorumaq, qida zəncirində qırılmalara yol verməmək və onların düzgün şərtlər altında emalını və daşınmasını həyata keçirmək sahibkarların məsuliyyətindədir".
Ekspert vurğulayıb ki, son vaxtlar Azərbaycanda pişiklər trendə çevrilib:
“Doğrudur, bir heyvan kimi pişiyi sevib qorumaq lazımdır, amma onu əzizləyərək marketə gətirib buraxmaq olmaz. Görünür, pişiyi bəslədikləri üçün marketə dadanıb. Belə hallar həm fiziki, həm də pişiyin tüklərində və ağzında olan bakteriyaların məhsullarla təmasından yaranan çarpaz çirklənmə nəticəsində qida zəhərlənmələrinə səbəb ola bilər. İt, pişik, quş və s. kimi heyvanların, eyni zamanda torpaqda yetişən gül-çiçəklərin mətbəxə, qida şöbələrinə daxil edilməsi qadağandır. Təəssüf ki, marketlərin bəzilərində nəzarət sistemi çox zəifdir”.
Cəza məsələsinə gəldikdə isə Ağa Salamov qeyd edib ki, qida çirklənməsinə səbəb olan hallar yaşandıqda ilk olaraq AQTA tərəfindən müəssisəyə xəbərdarlıq edilir:
“Əgər hadisə bir neçə dəfə təkrarlanarsa, sahibkar inzibati cəza ilə üz-üzə qala bilər”.