“Peyvənd millətçiliyi” narahatlıq doğurur
01 iyun 2021 15:18 (UTC +04:00)

“Peyvənd millətçiliyi” narahatlıq doğurur

2021-ci il mayın 24-dən 31-dək Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının "Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması" mövzusuna həsr edilmiş 74-cü sessiyası keçirilib. Ümumdünya Səhiyyə Təşkilatının dəvəti əsasında sessiyanın bağlanış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi qonaq qismində videodeoformatda çıxışı iştirakçıların və dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.

Heç kimə sirr deyil ki, artıq dünyanın bir sıra ölkələrində COVİD-19-a yoluxmaların sayının azalması sərt karantin rejimlərinin yumşaldılması ilə müşahidə olunmaqdadı. May ayının 31-dən etibarən Azərbaycanda da sərt karantin rejimində tətbiq edilən bir sıra məhdudiyyətlər aradan qaldırılıb, yumşaldılma qərarları verilib. Çünki yanvar ayından tətbiq edilən ölçülər effektivliyi təmin etdi, eləcə də vətəndaşların çox hissəsinin vaksinasiya olunması da müsbət dəyişikliklərə səbəb oldu. 
O da məlumdu ÜST dəfələrlə Azərbaycanın COVİD-19 pandemiyası ilə mübarizəsini digər ölkələrə örnək göstərib və bu da təsadüfi deyil. Məsələn, ölkəmiz regionda irimiqyaslı peyvəndlənmə prosesinə ilk başlayan dövlətlər sırasında yer alır. Cari ilin yanvar ayından may ayının sonlarına qədər təqribi hesabla 2,253 milyon antikovid vaksin dozları istifadə olunub. Əsasən, ikili dozlar vasitəsi ilə immunlaşdırma prosesində 900 min insan iştirak edib, 1,353 milyon vətəndaşımız isə birinci dozadan keçib. Proqram xarakterli immunlaşdırma ölkənin 20% əhalisini əhatə etməklə yanaşı, proses tam sürətlə davam edir, göstəricilər isə postsovet məkanında liderlik səviyyəsinə yüksəlib. 
Onu da qeyd edək ki, bu gün artıq yoluxma sayı sürətlə azalaraq 2 faizdən aşağı düşüb, ölüm halları isə təkrəqəmli ədədlə ifadə olunur. 

Dövlətimizin başçısı çıxışında bir vacib məqama da toxunub. “Peyvəndlərin ədalətli şəkildə bölüşdürülməsində müşahidə edilən ayrıseçkilik məyusluq yaradır”. Prezident pandemiya ilə mübarizə istiqamətində ölkəmizdə görülən işlərdən danışarkən, bu sahədə Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi tövhələri də qeyd edib. O, ölkəmizin təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirus xəstəliyi ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının, Türk Şurasının fövqəladə Zirvə görüşünün keçirildiyini bildirib. Martın 21-də isə BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edildiyini vurğulayıb. Dövlətimizin başçısı dünyada pandemiyaya qarşı mübarizənin əhəmiyyətinə toxunaraq peyvənd millətçiliyi ilə bağlı ictimaiyyətə açıqlamalar verdiyini, bəzi ölkələrin tələb olunandan daha çox peyvənd sifariş etdiyini, bəzi ölkələrin isə ciddi problemlərlə üzləşdiyini bildirib. O, peyvəndlərin ədalətli şəkildə bölüşdürülməsində müşahidə edilən ayrıseçkiliyin məyusluq yaratdığını diqqətə çatdırıb. Prezident İlham Əliyev bildirib ki, davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur: “Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0.3 faizi azgəlirli ölkələrin payına düşmüşdür”. 
Dövlət başçısı qeyd edib ki, bu problemin həlli məqsədilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunub: “Bu xüsusda, biz inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırırıq”.

# 1524
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar