Pendir alarkən nəyə DİQQƏT ETMƏLİYİK?  - Bunları BİLİRDİNİZMİ?
12 may 2021 14:22 (UTC +04:00)

Pendir alarkən nəyə DİQQƏT ETMƏLİYİK? - Bunları BİLİRDİNİZMİ?

Gündəlik qida rasionumuzda əsas yer tutan süd məhsullarından olan pendir insan orqanizmi üçün çox faydalıdır. Tərkibində zülal, yağ və digər bioloji fəal maddələr olan pendir, həmçinin A, B, D, E vitaminləri və kalsiumla zəngindir.

Lent.az xəbər verir ki, pendir südün mayalanması ilə əldə olunan yüksək kalorili qida məhsuludur.

Süd və süd məhsulları yüksək risk qrupuna aid olduğundan istehlakçılar pendir alarkən mütləq bəzi məqamlara diqqət yetirməlidirlər.

Pendir alarkən saxlanma şəraitinə, məhsulun orqanoleptik göstəricilərinə mütləq fikir verilməlidir. Çünki köhnə və keyfiyyətsiz pendir zəhərlənməyə səbəb ola bilər.

Satış şəbəkələrindən alınan pendirin qida dəyərini qoruması üçün saxlanma şərtlərinə əməl olunmalıdır. Belə ki, pendiri alıb evə gətirdikdə dərhal soyuducuya yerləşdirmək lazımdır. Soyuducuda olan pendirin bir qismini istifadə etdikdən sonra, qalan hissəni əmtəə keyfiyyətini qoruyub saxlaya bilməsi üçün  öz suyunda saxlamaq tövsiyə olunur. Əgər pendirin suyunda hər hansı keyfiyyət dəyişikliyi müşahidə edilərsə, onu evdə hazırlanan duzlu su məhlulu ilə əvəz etmək olar.

Qablaşdırılmış ağ pendir qapağı açıldıqdan sonra da öz suyunda saxlanmalıdır. Gündəlik tələbata uyğun, lazımi miqdar götürüldükdən sonra bu pendirlər öz suyunda və ya strec sellofana bükülmüş şəkildə 5-7 gün müddətində saxlanıla bilər. Ağ pendirlər, adətən öz təzəliyini və keyfiyyətini 2 həftə saxlayır. Motal və ya holland pendirləri kimi sərt pendirlər isə, bir neçə həftə istehlak yararlılığını qoruyur.

Pendirlər, adətən qaranlıqda,  +2℃ - +4℃ temperatur şəraitində saxlanmalı və istehlakçı satış obyektində məhsulun həmin temperaturda saxlanıldığından əmin olmalıdır.

Əgər pendir vakuumlaşdırılmış qablaşmadadırsa, o zaman ağzı açılmadığı müddət ərzində təminatlı saxlanma müdəti 1 ildir. Mikroorqanizmlərlə asanlıqla çirklənmə ehtimalı olduğu üçün yaxşı olar ki, qablaşdırması açıldıqdan sonra məhsul ən qısa müddətdə istehlak edilsin. Eyni zamanda, pendir şüşə, metal və ya keramik materialdan olan qablarda saxlanılmalıdır.

Holland pendirində isə bir qədər fərqli saxlanma şəraitinə əməl edilməlidir. Belə ki, lazımi miqdar götürüldükdən sonra qalan hissəni strec paketlə hava keçməyəcək şəkildə bükmək lazımdır. Əgər məhsul hava ilə təmas edərsə, pendirdə xarabolma əlamətləri daha da sürətlənəcək.

Qeyd edək ki, ağ pendir və onun növlərində  temperatur, motal və ya holland pendirlərində isə  rütubətin optimallığı qorunmalıdır.

Qablaşdırılmış pendirin üzərində məhsulun əmtəə nişanı, istehsalçının adı və ünvanı, istehsal tarixi, məhsulun xalis çəkisi qeyd edilməlidir. Son istifadə tarixi başa çatmış pendir istehlak edilməməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3090
avatar

Nigar Adil

Oxşar yazılar