O qıfılı açın:   Və ya siz də deyirsiniz futbolçu niyə yetişmir? -  REPORTAJ
13 may 2022 20:15 (UTC +04:00)

O qıfılı açın: Və ya siz də deyirsiniz futbolçu niyə yetişmir? - REPORTAJ

“Qazandığımız bütün uğurlara görə, o asfalt meydançaya borcluyuq”. 

Bunu Lent.az-a  “Araz-Naxçıvan” klubunun və Azərbaycan futzal üzrə yığmasının kapitanı Rizvan Fərzəliyev deyir. 

Rizvan Fərzəliyev

Hə, o futbolçu karyerasını başladığı Biləcəri qəsəbəsindəki Dəmiryolçular Parkında yerləşən futbol meydançasından danışır...
İllər öncəyə, uşaqlığının sevimli məkanlarından olan parka, oradakı meydançaya qayıdır xəyalən Rizvan. 
- Uşaq vaxtı Biləcəridəki parkda asfalt meydança var idi. Günümüz orada futbol oynamaqla keçirdi. İndi o meydança dəyişilib, amma əvvəllər asfalt idi. O asfalt meydançada demək olar ki, bir çox yerlərdən futbol oynamağa gələnlər var idi. Bizlər də o meydançada başlamışıq futbola. Bir çox tanınmış futbolçular da həmin meydançadan çıxıb. Azərbaycan millisində oynamış Bəxtiyar Musayev, Aslan Kərimov və mənim böyük qardaşım Fuad Fərzəliyev...
  
Rizvan bəy uğurlarına görə, həmin meydançaya borclu olduğunu deyir...
 
- Biləcəridə demək olar ki, hamının marağı o futbol meydançasında oynanan oyunlarda idi. Oradan çıxan idmançıların demək olar ki, çoxu milli komandanın üzvü olub. Onlar arasında hazırda mən bu yolu davam etdirirəm, baxmayaraq ki, yaşım çoxdur. Qazandığımız bütün uğurları o asfalt meydançaya borcluyuq. 

Rizvan bəyin adını qeyd etdiyi Bəxtiyar Musayev də asfalt meydança ilə bağlı xatirələrini bölüşür.

Bəxtiyar Musayev

- Doğrudan da, Biləcəridəki Dəmiryolçular Parkı mənim həyatımda mühüm rol oynayıb. 
Hər gün gedib o parka baş çəkirdik, yaşıllıqlardan həzz alardıq. Futbolçu karyeramda müəyyən bir yerə gəlib çatmışamsa, uğur qazanmışamsa, bütün bunlarda o asfalt meydança böyük rol oynayıb. Biz hər gün orda olurduq. Səhərdən axşamadək orda futbol oynanırdı. Uşaqlığımızın hər gün orada top qovmuşuq. Amma o meydançadan çıxan ən böyük futbolçu Bəxtiyar Qulamovdu. Düzdü, o bizdən çox, lap çox böyükdü.  Amma o da həmin meydançanın yetirməsidir. 

Bəxtiyar deyir ki, 17 yaşında “Neftçi”yə dəvət alıb.
-  O zaman “Neftçi” SSRİ çempionatında çıxış edirdi. Ora gedəndən sonra boş vaxt axtarırdım ki, məşqlərdən sonra gedim o meydançada futbol oynayım. Orda futbol oynamaqdan həzz alırdıq. Məşqlərdə edə bilmədiklərimi həmin stadionda məhəllə uşaqlarımızla edirdim. Ondan da zövq alırdım. Bir sözlər Biləcəridəki balaca meydança mənim həyatımda böyük rol oynayıb.

Onu da qeyd edək ki, Bəxtiyar Musayev “Neftçi”, “Qarabağ”, “Şəmkir”, “Şəfa”, “Xəzər Lənkəran” kimi klublarda çıxış etmiş, karyerasını bitirdikdən sonra seleksiyaçı-məşqçi kimi fəaliyyət göstərmiş Azərbaycan millisinin sabiq yarımmüdafiəçisidir. 

Bəs, Biləcəri meydançası indi də futbolçular yetişdirirmi? İndiki gənclərdə orada səhərdən axşama qədər limitsiz futbol oynaya bilirlər?

Biz də elə meydançanın yerləşdiyi ucsuz-bucaqsız Biləcəri parkını ziyarət etdik. Parkda gəzişən sakinlərin dediyinə görə, park indi daha təmiz, daha gözəl olsa da, amma əvvəlki abı-hava yoxdu: 


Əvvəllər burda demək olar ki, olmayan meyvə ağacı yox idi. O ağacların başına çıxıb yay klubunda film də izləyirdik. O zamanlar burda qurbağa heykəlləri var idi. Sonra parkın girişində sıra ilə idmançı heykəlləri düzülmüşdü. Mən özüm o vaxt Yasamalda yaşayırdım, səhər 9-dan gəlib burda futbol oynayırdım. Qəşəng tut ağacları var idi. Hamısını məhv etdilər. Parkın özü isə indi yarımcan qalıb. Belə ki, parkın çox hissəsini müxtəlif obyektlər tutur. Orada restoran və kafelər, başqa tikililər var. Amma əvvəllər oralar sıx ağaclıq imiş. Bir zaman parkda gənclərlə yanaşı uşaqların da ən çox oynadığı yerlər vardı. İndi parkda onlara balaca bir yer ayrılıb.

Adə gedən meydançanın qapısına isə yekə bir qıfıl vurublar. Uşaqların əllərində top matdım-matdım baxmaqdan başqa əlacları yoxdu. Çünki indi həmin meydançada yalnız pul ödəyib futbol oynamaq olar...

Həmin kilidli stadion

Sakinlər deyir ki, istər uşaq olsun, istər böyük, bir saata görə hər komanda 25 manat ödəməlidir. Stadionun açarı isə mühafizəçidədir. 
Yeri gəlmişkən, parkın əsası 1957-ci ildə qoyulub. Sovet vaxtı Bakının ən gözəl parklarından sayılırdı. Parkda Mədəniyyət evi, qış və yay kinozalları, meyvə bağı, attraksionlar vardı. Hə, bir də indi ağzı bağlı stadion.

O stadion ki, Biləcəridə yerləşən 4 orta məktəbin uşaqlarının cəmləşdiyi ortaq məkan idi. 
O stadion ki, qəsəbənin məktəblərarası bütün futbol yarışları orada keçirilirdi.
O stadion ki, Azərbaycan futboluna, yığmasına Bəxtiyar Musayev, Aslan Kərimov, Rizvan və Fuad Fərzəliyev kimi futbolçular bəxş edib. 
O asfalt stadionu deyirəm. Sübh tezdən qaş qaralana qədər boş qalmayan o stadion. 
Hətta Əhməd Ələsgərovun “Neftçi”si bütün heyətlə tez-tez yığışıb orda öz aralarında futbol oynayıb... 
İndi o stadion uşaqların üzünə bağlıdı. Siz də deyirsiniz, Azərbaycanda futbolçu niyə yetişmir?

 

# 8499
avatar

Aytəkin Cəlali

Oxşar yazılar