"Niyyət axşamı"  - Bu gecənin arzu, istəklə bir əlaqəsi var? - AÇIQLAMA
01 aprel 2022 18:00 (UTC +04:00)

"Niyyət axşamı" - Bu gecənin arzu, istəklə bir əlaqəsi var? - AÇIQLAMA

“Oruc tutmanın fəlsəfəsi insanı özünü imtina etməyə alışdırmasıdır. Ümumiyyətlə insan yeganə varlıqdır ki, imtina etməyi bacarır. Ramazan ayında minimum ehtiyaclardan imtina etməklə əslində öz iradəsini gücləndirir, insan olduğunu hiss etdirir. Özü ilə mübarizə aparır və istəklərinə yox deməyi bacarır”. 

Bunu Lent.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşhədi Dadaş” məscidində imam-camaatı Hacı Şahin Həsənli deyib.  

Sabahdan Ramazan ayı başlayır. Ənənələrə uyğun olaraq bu axşam isə oruc tutacaq insanlar niyyət edəcək. Xalq arasında bu axşama “Niyyət axşamı” da deyirlər. 

Hacı Şahin Həsənli də deyir ki, istənilən ibadət niyyətlə başlayır: 

“Həmçinin Ramazan ayında insan bir aylıq orucunu niyyət edir. “Qurbeten llellah”, yəni allahın razılığı üçün bir aylıq oruc tutulur. Ramazan ayının ilk gecəsi ay görüldüyü zaman insan niyyət edir və oruc tutacağını nəzərdən keçirərək qərarlaşdırır. Bəziləri elə düşünür ki, niyyət axşamı ürəyində arzu tutulmalıdır və arzular dilə gətirilməlidir. Amma bu gecənin arzu, istəklə bir əlaqəsi yoxdur. Bu ibadətin niyyətini etmək üçündür”. 

QMİ rəsmisi Ramazan ayının Quranda adı çəkilən yeganə ay olduğunu vurğulayıb: 

“Ona görə ki, bu ayda Allahın bəşəriyyətə son kitabı olan “Qurani-Kərim” nazil olub. Ramazan ayı orucdan da öncə Quranın nazil olduğuna görə dəyərlidir. Eyni zamanda “Qurani-Kərim”in Bəqərə surəsində Allah buyurur ki, ey, iman gətirənlər sizdən öncəkilərə vacib buyurulduğu kimi oruc sizə də vacibdir. Bəlkə, təqvallardan, pəhrizkarlardan olasınız”. 

Hacı Şahin deyir ki, oruc ictimai, sosial bərabərliyi gücləndirən əhval-ruhiyyəni yaradan bir ibadətdir:

“Bunlarla yanaşı, Ramazan ayı həmçinin paylaşma, razılaşma, mərhəmət ayıdır. Oruc tutanlara iftar verməyin də savabı çoxdur. Peyğəmbərimiz buyurub ki, oruc tutan insan bir xurma ilə belə iftar versə, sanki bir qul azad etmiş kimi olur. 

Hədislərdə qeyd olunur ki, Allah orucu ona görə vacib buyurdu ki, zəngin insanlar yoxsul insanların halından xəbərdar olsun. Oruc zamanı sübh azanından axşam azanına qədər insanlar bir sıra əməllərdən çəkinməlidirlər. Yemək, içmək, cinsi münasibət, eyni zamanda qatı tüstünü, tozu udmaq kimi şeylərdən uzaq olmalıdırlar. İnsanın özünü qusdurması da orucu batil edir. Allahın, peyğəmbərin, imamların adından yalan danışmaq, sübh azanına qədər qüsl almadan imsak etmək orucu pozur”. 

Ramazan ayının ilk gününün xüsusi bir özəlliyi yoxdur…

“Yəni fəzilətli bir gündür, digər günlər kimi... Ramazan ayının gündəlik duaları evdə oxunula bilər, amma məscidlərdə də insanların bir araya gəlib dua etməsi daha bəyənilən əməldir. Keçən illərdə pandemiya səbəbindən kütləvi tədbirlər məscidlərdə keçirilmirdi. Bu il pandemiya qaydaları nisbətən yumşalıb deyə məscidlərdə də məscid  qaydalara uyğun şəkildə keçirilir və insanlar bu mərasimlərdə iştirak edirlər. Qısası insanlar evdə də, məsciddə də bu ayinləri icra edə bilərlər”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5085
avatar

Sevinc Fərid

Oxşar yazılar