Nişanlı oğlu şəhid olan ata:  “Xərçəng xəstəsi qızımın sağ qalması üçün kömək istəyirəm” 
19 dekabr 2020 19:24 (UTC +04:00)

Nişanlı oğlu şəhid olan ata: “Xərçəng xəstəsi qızımın sağ qalması üçün kömək istəyirəm” 

Şəhid Qüdrət Əzizov sevdiyi qızla 1 il 6 ay idi nişanlanmışdı. Toy üçün həvəslə hazırlıq görürdü. Qazandığı pulla özü üçün bəy otağı da təmir etmişdi. Koronavirus pandemiyası ilə əlaqədar toy gününün vaxtını 3 dəfə təxirə salan Qüdrət noyabrın 3-də ailə həyatı quracaqdı.

Ana əziyyətlə böyütdüyü oğulu üçün evinə gəlin gətirməyə hazırlaşdığı məqamda Vətən müharibəsinin başlanması Qüdrətə daha böyük arzusuna çatmaq, şəhid yoldaşlarının, dostlarının qisasını almaq və torpaqlarımızı işğaldan azad etmək üçün imkan yaratdı. Qüdrət ailə qurmazdan əvvəl çətinlikdə olan Vətəni, 30 ildir qələbə xəbərlərinə həsrət qalan vətən insanlarını düşünərək sentyabrın 29-da könüllü olaraq Qarabağa yollandı.

Göyçay rayonunun Bığır kənd sakini, 1997-ci il təvəllüdlü əsgər Qüdrət Bəhruz oğlu Əzizov Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan və Şuşanın işğaldan azad olunmasında fəal iştirak etdi. Onun son döyüşü Şuşa ərazisində oldu. Noyabrın 8-də döyüşçü yoldaşları ilə Şuşanı işğaldan azad edən qəhrəmanımız noyabrın 9-da düşmən gülləsinə tuş gələrək şəhidlik məqamına ucaldı.

Qüdrət Əzizov sonuncu dəfə noyabrın 2-də valideynləri ilə telefonla danışıb, onlara narahat olmamağı, hər şeyin yaxşı olacağını, tezliklə qələbə qazanaraq evə qayıdacağını deyib.

Şəhidin atası Bəhruz Əzizov oğlunun Vətən uğrunda şəhid olmasından qürur duyduğunu bildirir. Ata oğlunun döyüş dostlarının Qüdrət haqqında, onun yaxşı xasiyyəti, döyüş bacarığı, qəhrəmanlığı barədə danışdığı xoş sözləri eşidəndə böyük fərəh hissi keçirdiyini deyir: "Oğlum noyabrın 2-də mənimlə danışdı, dedi ki, Şuşanın işğaldan azad olunması üçün döyüşürük. Sonrakı 8 gün ondan xəbər olmadı, hərbçi yoldaşları bizə zəng edib məlumat verən zaman Qüdrətin Şuşa ərazisindəki döyüşlərdə şəhid olduğunu öyrəndik. O, çox gözəl övlad olub. Hər kəsə onun kimi vətənpərvər oğul arzu edərdim. Qüdrət bizim hamımızın qüruru, şərəf və ləyaqət yeridir. Qüdrət minomyot atan idi. Komandiri deyir ki, oğlum Şuşa uğrunda gedən döyüşlərdə avtomatla açıq döyüşə çıxmaq üçün komandirindən xahiş edib və şəhidlərimizin qisasını alaraq, özü də şəhid olub".

Qüdrət müharibədən qayıdandan sonra işləyərək pul qazanmaq və hamıdan çox sevdiyi, onkoloji xəstə olan bacısı Aynanı müalicə etdirmək arzusunda idi. Döyüş yoldaşlarına deyirmiş ki, mən evə geri qayıtmasam, bacım öləcək.

18 yaşlı Ayna 2018-ci ildən Milli Onkologiya Mərkəzində qeydiyyatdadır. Onun sol qolu sümük xərçənginə görə amputasiya olunub. Hamıdan çox sevdiyi qardaşının şəhid olması xəbərini eşidən Aynanın xəstəliyi həyəcan, əsəb və stress səbəbindən yenidən ağırlaşıb. Vətən yolunda övladını itirən şəhid atası növbəti itkiyə - qızının məlum xəstəlikdən dünyadan köçməsinə dözə bilməyəcəyini bunun ailə üçün ikiqat faciə olacağını gizlətmir. Şəhid atası gözünün qarşısında şam kimi əriyən övladını müalicə etdirməyə maddi imkanı olmadığı üçün dövlətimizdən və iş adamlarından kömək istəyir: "Oğlum bacısına görə çox narahat idi, onun müalicə olunmasını istəyirdi. O, deyirdi ki, mən döyüşdən geri qayıtmasam bacım öləcək. Mən bir övladımı itirmişəm, ikinci övladımın ölümünə dözə bilmərəm. Dövlətimizdən, iş adamlarından kömək istəyirəm".

Şəhid bacısı qardaşının yoxluğuna davam gətirə bilmədiyi üçün dərdinin üstünə bir dərd də gəlib. Onun öz həyatı indi böyük təhlükə qarşısındadır. Ayna ölümlə üz-üzə dayanıb. Oğlunun şəhid olmasına görə qürur duyduğunu deyən anası Şəlalə Əzizova qızını itirmək istəmədiyini, onunla nəfəs aldığını bildirir, onun yaşaması üçün hamıdan kömək istəyir: "Oğlum döyüşlərdə iştirak edirdi, amma məndən gizlədirdi. Deyirdi, ana, qorxma, burda hər şey yaxşıdır, sağ-salamat evimizə qayıdacağam. O, həmişə telefonla danışanda deyirdi ki, bacım Aynanı qoruyun. Onun yeganə arzusu bacısının sağalması idi. Qızıma nə isə olsa, mən dözə bilmərəm. Sümük xərçəngi xəstəliyindən əziyyət çəkən qızımın bədənində əvvəllər ağrı olurdu, qardaşı şəhid olandan sonra onun vəziyyəti daha da ağırlaşıb”.

Şəhid bacısının müalicəsi üçün ailəyə yardım etmək istəyən şəxslər 050 611 62 88 və 050 671 35 35 nömrəli telefonlara zəng edə bilərlər.

# 5343
avatar

Oxşar yazılar