Müəllimlər ölməsin, sənətkarlar onsuz da yaşayır 
17 yanvar 2024 17:17 (UTC +04:00)

Müəllimlər ölməsin, sənətkarlar onsuz da yaşayır 

Sənətin sənətkarı gözlərini əbədi yumdu. 1970-2024. 

- Reportajlıq bir mövzu tapmışam. Nə deyirsən, Fidan? Yazaq? 

- Bəs nə, müəllim. Reportajı yazmamaq olar? Sabah mən hazır. 

Birlikdə işlədiyimiz 2 ilin ilk 1 ilinin hər günü bu dialoqla başlayırdı. Amma onunkular elə-belə reportajlardan olmurdu. Gedib, görüb, təsvir etmək çətin idi. Yazdığını ustada bəyəndirmək isə müşkülə çevrilirdi. Hələ başlıq seçimlərini demirəm. Elə olurdu ki, 1 günə yazdığım reportaja başlığı mənə 3 gün fikirləşdirirdi. 

Özü deyə bilərdi. Demirdi. İstəmirdi. Mənim onun kimi, yazıdakı “civə”ni görməyimi istəyirdi. 

Ağırdır. Otağımız üçün. Bizim üçün. Media üçün. Jurnalistika üçün. Reportyorluğun atası getdi. Kəlimələri aşıq ustalığı ilə nazik simdən keçirən adam getdi. Bu dünyadan bir Səbuhi Məmmədli getdi...

Adətiymiş: Yeni gələn müxbirlərin reportajını silib, təzədən yazdırmaq. Gözümü bu qorxutmuşdu. Özü də bilirdi. Axı, söz insana bir dəfə gəlir. Sonrası birinci kimi olmur. 

Amma məndə oldu. Çünki yazımı silmədi, ilk dəfədən sayta qoydu. Soruşmadı. Bəyəndiyini bildirmədi. Mən otaqdan çıxanda “Bu qızdan reportyor olacaq” dedi. 

Bir də əsəbiləşib acılamağı vardı. O ki görürdü artıq incimişik. İki qollarını açıb, bizi gözləyirdi. Gözləyirdi ki, gəlib onu qucaqlayaq. Qucaqlamaqla da hər şey, kin-küdurət, əsəb su olub axırdı. Deyirəm axı, bizi çox istəyirdi. 

Həmkarım Arzu Qurbanlını acılayıb ağlatmışdı, o da ağlayıb bunları dedi:

“Azərbaycan dilində bir sözün mənasını bilmədim. Bunun üstündə əsəbiləşib məni acıladı. Mən də çox pis oldum. Ağladım. Amma dözmədi ürəyi. Gəlib qucaqladı”. 

Jurnalist Aytəkin Cəlali Səbuhi Məmmədlini xatırlayır:

“Elə bilirəm ki, yenə o koridora gəlsəm, yenə Səbuhi müəllim qollarını açıb qucaqlamaq istəyəcək. Səbuhi müəllimlə biz həm də çox mübahisələr edirdik. Çox istəyirdim onu. Mənə hirslənməsi ona görə də məni çox üzmürdü”.

Sonuncu gəlişini xatırlayıram. Çayını dediyi vaxtdan bir az gec süzmüşdüm deyə incimişdi. Amma incikliyi “Ay müəllim” deməyimə baxırdı. Bu sözün vurğusu ürəyindən yağ kimi süzülürdü. Oradaca “Gəl e, gəl. Sənə bir yazı tapım ki, bu günü partlat” deyirdi. Nə yalan deyim, elə dediyi kimi günün yazısına çevrilirdi.

Ötən gecə 2-də xəbər aldıq: “Səbuhi Məmmədlinin ürəyi dayandı”. Sizcə, bu tək onun ürəyi idi? Məncə, Azərbaycan reporyorluğunun ürəyi idi, qələmin qoluydu ki, qırıldı. 

Bu dəfə qollarınızı açıb bizi gözləmədiniz, ay müəllim. Qucaqlaşa bilmədik, heç nə keçmədi, hər şey qaldı. Darıxmaq qaldı, gözləmək qaldı, sizsizliyə öyrəşmək qaldı.

Geriyə daha bir şey qaldı: Səbuhi Məmmədli yazır...

Gəzən adamın son sətirləridir. Artıq Səbuhi Məmmədli yazmayacaq, amma bizi uzaqdan da olsa oxuyacaq.

Sonsuzluğa qədər oxuyacaqsınız, ustad. Oxuyun, müəllim. Səhv varsa, özüm görüb düzəldim. Siz əsəbiləşməyin, rahat uyuyun.

Biri var sənət, biri də var sənətkar. Sənətkardan xəbər aldıq: “Səbuhi Məmmədli Tanrıya qovuşdu”. 

Gözlərinizi əbədiyyətə yumdunuz. Sizə rəhmət düşür, elə mediada...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8139
avatar

Fidan İlqar

Oxşar yazılar