"Məşədi İbad"ın Gədəbəydə təzə macərası
12 dekabr 2022 16:49 (UTC +04:00)

"Məşədi İbad"ın Gədəbəydə təzə macərası

Hə, sizə kimdən deyim, kimdən danışım, Gədəbəydə yaşayan təzə Məşədi İbaddan. Yox, narahat olmayın, kefi kökdür, başına iş zad gəlməyib, sadəcə, beşinci dəfə evlənməyə hazırlaşır. Qızın da cəmi-cümü 17 yaşı var, başqa adaxlısı filan da yoxdu. Yəni, təzə Məşədi İbadın bəxti köhnəninkindən bir az daha çox gətirib.

Deyilənə görə, "tazə bəy" dörd dəfə evlənib, boşanıb. Atalar həmişə üçəcən deyib, bizim təzə bəy deyib ki, bu dəfə istisna olsun, atalar beşəcən desinlər. Əvvəl dörd dəfə boşansa da, qudalıq münasibətlərinə də çox sadiq adamdı ha...

Hazırda nişanlandığı 17 yaşlı qızla oğlunun nişanında tanış olub. Belə ki, kişi oğlunun nişanında gəlinin bacısını görüb, bəyənib. Deyib, elə oğlumla bacanaq olmağım məsləhətdir. Sonra oğlu ilə nişanlısı ayrılsa da, bizim bəyin gələcək qudalarını, indiki qayınatasını nətəri gözü tutubsa, deyib, “yox e, ölsək də, qohum olmalıyıq. Oğlum evlənmir, özümə nə olub, cavan oğlana oxşayıram. Cavan oğlandan nəyim əskikdir?”. Bu fikirlə də gedib keçmiş qudalarının 17 yaşlı qızına nişan taxıb. Bu durum qız evini xeyli bəxtiyar edib.

Əlbəttə, nə yoğurursan, nə yapırsan, hazırca kökə tapırsan. Qız ər evində gün gördü, görmədi kimə nə dəxli var. Ərdir, sevər də, söyər də. Getdiyi evdən bir də kəfəni ilə çıxar. Elimizdə ərə gedən qıza adətən alqış, xeyir dua əvəzinə belə deyirik axı.

Belə dediyimizə görə də yüz illərdir heç zad dəyişmir. Uzaq başı deyirlər ki, alan razı, satan razı...

Çox söz demək olardı, amma nə dəyişəcək? Bu dəyirman bildiyini edir, çax-çax baş ağrıdır.

Bircə o qalır, cütlüyə xoş arzular diləmək. Bu dəfə sözün həqiqi mənasında qoşa qarıyasınız. Əsas odur, beşdən sonra altı gəlməsin...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4557
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar