Məktəblərdən yayılan videoların SƏBƏBİ   – “Dərs oxumaq cəza növünə çevriləndə…”
11 oktyabr 2022 12:08 (UTC +04:00)

Məktəblərdən yayılan videoların SƏBƏBİ – “Dərs oxumaq cəza növünə çevriləndə…”

Son günlər məktəb şagirdlərinin həmyaşıdlarına qarşı aqressiv davranışları ölkə gündəmini zəbt edib. Belə ki, günü-gündən şagirdlərin aqressiv davranışlarını sərgilədiyi videolar ölkədə “trend”ə çevrilib.

Ötən günlərdə 112 nömrəli məktəbdə sinif yoldaşını döyən şagirdin yayılan videosu uşaqlarda təhsilə marağının azalmasını və aqressiv davranışlarının çoxaldığını bir daha sübut etdi.

Maraqlıdır, şagirdlərdə oxumağa marağın azalması, aqressiv davranışların artmasının səbəbi nədir?

Təhsil eksperti Kamran Əsədov Lent.az-a açıqlamasına şagirdlərin oxumağa marağının azalmasını qəbul ballarının aşağı olması ilə əlaqələndirib:

“İlk növbədə qeyd edim ki, hazırda ölkənin 4432 ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır. Biz təhlil aparanda görürük ki, son illər şagirdlərin nəticələrində azalma müşahidə edilir. Bunun bir neçə səbəbi var. 

Birincisi, artıq oxumanın kağız daşıyıcılar üzərində olan kitablardan həyata keçirilməsində effektivliyin olmaması, ikincisi isə uşaqların kifayət qədər elektron resurslara (komputer, televizor, telefon, planşet) meyillənməsi oxumalarına mənfi təsir göstərir. Şagirdlərin oxumağa marağının azalmasının digər bir səbəbi ali təhsil müəssisələrinə aşağı balla qəbul olmaqdır. Bu amil uşaqları daha çox oxumaqdan yayındırır. Mən hesab edirəm ki, biz uşaqların elektron resurslardan istifadə etməsinə maraqlı olmalıyıq. Əgər ənənəvi kitablardan oxumaq istəmirlərsə, onlara elektron kitabları təbliğ etməliyik”. 

Psixoloq Aytən Səfərova isə şagirdlərin elmə maraqlarının azalmasını valideynlərin çox şey tələb etməsi ilə əlaqələndirib:

“Uşaqların təhsilə maraqlarının azalmasının əsas səbəblərindən biri də odur ki, həddindən artıq yüklənmələri və valideyn basqıları. Misal üçün birinci sinif şagirdindən biz həm dərslərini oxumasını, hazırlığa getməsini istəyirik. Bununla yanaşı, hansısa idman növü ilə məşğul olması üçün məcbur edirik. Və uşağın özünə uyğun bir məşğuliyyət etməsinə icazə vermirik. Sanki məktəbi və dərs oxumağı onlar üçün ən ağır cəza növünə çeviririk. 
Buna görə də uşaqlarla yaranan münasibətdə neqativ hallar çox olur. Məsələn, müəllim uşağın zəif oxuduğunu bildirdiyi andan etibarən valideyn onun üzərinə düşür. Bu məcburiyyət get-gedə oxumağa meyli azaldır, oxumağa və məktəb nifrət obyekti kimi baxmağa gətirib çıxarır”. 

Onun sözlərinə görə, son günlər məktəbdə baş verən hadisələrin də əsas səbəbi valideynlərin övladlarında yaratdığı aqressiv davranışlardır:

“Bəzi uşaqlar yeniyetməlik dövrünü çılğın, aqressiv keçirir. Həmin çılğın uşaqlarda bu dövr dava-dalaş, sakit, özünə qapanıq uşaqlarda isə intiharla nəticələnir. 

Uşaqların oxumağa, elmə marağının azalması, onlarda aqressiv halların çoxalmasının başında valideynlərin səhv davranışları dayanır. Valideynlərin digər uşaqlarla övladını müqayisə etməsi onda yaşıdlarına qarşı aqressiv davranışları sərgiləməyə başlayır. Valideynlər övladlarını olduğu kimi sevməli, onları heç kimlə müqayisə etməməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3738
avatar

Fidan İlqar

Oxşar yazılar