Limonlar təravətini itirmədən bir aya qədər saxlanıla bilər. Mütəxəssislərin sözlərinə görə, limonları düzgün şəraitdə saxladıqda uzun müddət şirəli və dadlı halda qorumaq mümkündür.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə tanınmış məsləhətçi Marta Stüartın saytında məlumat verilib.
Qeyd olunur ki, bütöv limonlar soyuducuda, xüsusilə də hermetik qabda saxlanıldıqda daha uzunömürlü olur. Tam yetişməmiş limonların isə saralana qədər masa üzərində saxlanması tövsiyə edilir. Dilimlənmiş limonlar, limon suyu və qabıq isə hava keçirməyən qabda, soyudulmuş və ya dondurulmuş halda saxlanılmalıdır ki, qurumasın və təravətini itirməsin.
Mütəxəssislər bildirirlər ki, limonlar müəyyən müddət otaq temperaturunda qala bilsə də, maksimum təravətin qorunması üçün əsas amil məhz soyudulmadır.
Limonlar giləmeyvə və ya yarpaqlı salat kimi tez xarab olan məhsullar sırasına daxil olmasa da, düzgün saxlanılmadıqda tez quruyur və dadını itirir. Imperfect Foods şirkətinin davamlı inkişaf üzrə rəhbəri Mədii Rotmanın sözlərinə görə, təzə limonlar daha şirin və az turş olur, lakin otaq temperaturunda saxlanıldıqda bu xüsusiyyətlərini daha tez itirirlər.
Araşdırmalara əsasən, bütöv limonlar masa üzərində təxminən bir həftə saxlanıla bilər. Soyuducuda isə bu müddət bir aya qədər uzanır. Onları sadəcə tərəvəz üçün nəzərdə tutulmuş bölmədə saxlamaq mümkündür, lakin Farm to the People qida çatdırılma xidmətinin həmtəsisçisi Anina fon Heften limonların əvvəlcə hermetik qaba qoyulmasını məsləhət görür. Bu, meyvələrin şirəliliyini və nəmini daha uzun müddət qorumağa kömək edir.
Eyni zamanda, yetişməmiş limonların saralana qədər masa üzərində saxlanması, daha sonra isə soyuducunun tərəvəz bölməsinə yerləşdirilməsi tövsiyə olunur.
İstifadə olunmuş limon yarıları, limon suyu və qabığı da düzgün saxlanmalıdır. Əgər limonun yalnız yarısı istifadə edilibsə, açıq hissə qida plyonkası ilə örtülməli, hermetik qaba qoyulmalı və soyuducuda saxlanmalıdır. Mütəxəssislər belə limonun bir neçə gün ərzində istifadə olunmasını məsləhət görürlər.
Qalan limon suyunu hava keçirməyən qabda soyuducuda bir neçə gün saxlamaq mümkündür. Daha uzun müddət üçün isə onu buz qəliblərinə tökərək dondurmaq tövsiyə edilir. Dondurulduqdan sonra kubiklər ayrıca qabda saxlanıla bilər.
Ekspertlər limon qabığının da atılmamasını məsləhət görürlər. Çünki limon qabığından alınan zest kulinariya və şirniyyat hazırlığında geniş istifadə olunur. Lazım olmadığı halda qabıq hermetik qabda dondurucuda saxlanıla və sonradan limonlu desertlərin hazırlanmasında istifadə edilə bilər.
Qeyd edək ki, mütəxəssislər oxşar qaydaların digər meyvələrin, o cümlədən narın saxlanmasında da tətbiq oluna biləcəyini bildirirlər. Nar da düzgün şəraitdə saxlanıldıqda uzun müddət təravətini qoruyur.