Payız ağac əkini mövsümü çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
təşkilatçılığı ilə həyata keçirilən növbəti genişmiqyaslı ağacəkmə aksiyasına “Kristal
Abşeron” şirkəti də qoşulub.
Dekabrın 28-də Xocasəndə baş tutan aksiyada Ekologiya və Təbii Sərvətlər Naziri
Muxtar Babayev, “Kristal Abşeron” şirkətinin təsisçisi Mahayət Nəbiyev və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev iştirak edib. 15 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun Eldar şamı, zeytun, Şərq çinarı, oleandr ağaclarından ibarət ümumilikdə 10 000-ə qədər ağac əkilib. Damla suvarma sistemi quraşdırılıb.
Aksiya ağac əkməklə ekoloji tarazlığın bərpası, ətraf mühitin qorunmasına kömək
edilməsi, atmosferin oksigenlə zənginləşdirməsi məqsədilə həyata keçirilib.
"Kristal Abşeron" bu cür ekoloji aksiyalarda mütəmadi olaraq iştirakı ilə ətraf mühitin mühafizəsinin vacibliyini daim diqqət mərkəzində saxlamağı əsas məqsədlərdən biri hesab edir və bu sahədə şirkət tərəfindən bu günədək müxtəlif aksiyalar da həyata keçirilib.