Kirvə evində qətl, İmişliyə sürgün, Vedidə Qəmlo "üsyanı" -  SƏBUHİ MƏMMƏDLİ YAZIR
15 noyabr 2021 20:15 (UTC +04:00)

Kirvə evində qətl, İmişliyə sürgün, Vedidə Qəmlo "üsyanı" - SƏBUHİ MƏMMƏDLİ YAZIR

“Gücünü arvadlara göstərirsən. Səni kişi bilirdim. Kişilərin heyfini arvadlardan çıxmazlar”.

Düz əlli əvvəl, 1971-ci ildə “Azərbaycanfilm” kinostudiyasında ”Axırıncı aşırım” filmi tamaşaçıların ixtiyarına buraxıldı. Kinoda hadisələr indiki Ermənistan ərazisində,  azərbaycanlılar yaşayan dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verənlərdən bəhs edir. Elə yuxarıdakı sitat da həmin filmdəndi. 

Hə, bu o filmdi ki Azərbaycanda ona baxmayan az tapılar. Mükəmməl aktyor oyunu, mükəmməl rejissor işi, mükəmməl musiqi bu filmi tamaşaçıya sevdirə bilmişdi. Amma… Elə hər şey də necə deyərlər, bu “amma”nın başındadı. Söhbət ondan gedir ki, olduqca böyük uğur qazanan bu film Azərbaycanın şəhərli-rayonlu bütün kinoteatrlarında alqışlarla qarşılansa da, bir müddət sonra Ermənistana, azərbaycanlıların kompakt yaşadığı Vedi rayonuna da aparılmışdı. Əslində, bu da təsadüfi deyildi. Çünki kinoda baş verən hadisələrin əsas qəhrəmanları elə bu yerlərin övladlarıydı. Amma - yenə bu amma? - film Vedidə uğur qazanmır. Bu yerdə uğur qazanmır ifadəsi də yerinə düşmür. 

Həm söhbətimiz, babası haqda Lent.az-a danışan Zahir İbrahimovun təbirincə desək, camaat “kinoçəkənləri”  sadəcə Vedidən qovur. Qovmaq bir yana, daş-qalaq edir.
 Niyə? 
Nə baş vermişdi axı. 
Bu qovğaya təkcə yuxarıda göstərdiyimiz sitat bəs edirdi. Və həm də təkcə o yox. “Kərbəlayi qalxıb Qarabağlara. Külli-ixtiyarı da verib Qəmloya, o da qaniçənin, cəlladın biridi”. 

Bəli, insanlar filmin əsas qəhrəmanlarının, Kərbəlayi İsmayılın, Abbasqulu ağa Şadlinskinin, nəhayət, ən başlıcası Qəmlonun təhrif edilmiş obrazlarını qəbul edə bilmirdilər. Gerçək tarixin, gerçək qəhrəmanların bu cür təsvir olunmasını həzm etmirdilər. Camaatı daha çox özündən çıxaran isə ssenari müəllifi Fərman Kərimzadəydi.

Film həm də onun “Qarlı aşırım” povesti əsasında çəkilmişdi. Dərd ondaydı ki, Fərman Kərimzadənin özü də əslən vedili idi. Camaat bu təhrifləri daha çox ona bağışlamırdılar. Xüsusən də Qəmlonun qohumları. 
Bəs niyə?
Qəmbəralı İsmayıl oğlu Abbasov 1893-cü ildə Vedi rayonunun Hand kəndində doğulub . 1931-cı ildə, 38 yaşındaykən elə Vedidəcə qətlə yetirilib. Amma bu 38 ilə bir əsirlik ömür sığışdırıb o.  Filmdə qəddar  birisi, Abbasqulu bəy Şadlinskinin az qala qanını içməyə hazır olan Qəmlo…əslində onunla dost olub. 
Zahir kişi danışır ki,  1918-ci ildə erməni daşnaklarına qarşı mübarizdə Qəmbəralı Abbasqulu ağanın vuran qolu imiş. 

“Nənəm danışırdı ki, 1918-ci ildə erməni təzyiqi başlayanda Abbasqulu ağa Qəmlonu tapır, onun evinə gəlir. Həyətdən bir qoç kəsib dağlara qalxırlar. Qəmlonun dağ kəndlərində xeyli dostu varmış. Hamını bir süfrəyə yığırlar. Çörək kəsirlər. And içirlər ki, sona qədər ermənilərlə vuruşacaqlar. Bir daha deyirəm, babam Abbasqulu bəyin ən etibarlı adamı sayılırdı”. 

Amma tale elə gətirir ki, bolşevik hökumətinin qurulması ilə dostlar da ayrı-ayrı cəbhələrdə yer alırlar. Şadlinski bolşevik hökumətinin tərəfdarlarından birinə çevrilir, Qəmlo isə əksinə, kolxozun əleyhinə çıxıb Kolanılı Kərbəlayi İsmayılla birləşir. Sovet hakimiyyəti tam möhkəmləndikdən sonra isə onlar Türkiyəyə keçirlər. 
Sonradan oğlu İbrahim İsmayılov deyəcəkdi ki, həmin vaxt o, 4 aylıq olub. Kərbəlayi İsmayıl onu kürkünün içində gizlədib Qarsa keçiribmiş. 
Amma Kərbəlayi İsmayıldan fərqli olaraq Qəmlo Türkiyədə çox qalmır. 4 ildən sonra Vediyə qayıdır. Az sonra isə qətlə yetirilir: 1931-ci ildə. Deyilənə görə, Qurban bayramı günü kirvəsi onu evinə qonaq çağırır.

Arvadı Teyfə  ondan silah götürməyi xahiş etsə də, kirvə evinə getdiyindən özün rəva bilmir, Qəmlo. Burada isə onu tələyə salıb öldürürlər. Deyilənə görə, həmin pusqunu quranlardan biri həmin dövrdə Vedidə milis rəisi olmuş, məşhur Azərbaycan yazıçılarından birinin atası olub. 

Qəmlo öldürüləndən sonra böyük izdihamla dəfn edilib. Amma ən maraqlısı odur ki, onun qatillərinin hamısı sonda bu və ya digər yolla öldürülür. 
Qəmlonun 4 övladı olub. Mafərə, Mahı, İbrahim, Əşrəf adlarında. Onun ölümündən bir neçə il sonra kiçik oğlu Əşrəf vəfat edib. Qəmlonun ailəsi başsız qalmasın deyə, ögey qardaşı Mehdiqulu onun arvadı Teyfə ilə evlənib. Bu nikahdan da üç uşaq  dünyaya gəlir. 

 

Zahir kişi deyir ki, 1947-ci ildə on minlərlə Azərbaycan türkü kimi Qəmlonun ailəsi və qohum-əqrəbası da Ermənistandan sürgün edilir. Qəmlonun həm qardaşı , həm də bacısı nəvəsi olan Zahir kişi deyir: 

- Düzdür, İmişli camaatı onlara xoş üzlə qarşılayıb, əksər problemlərini həll edirmişlər. Nələri çatmırmış evlərindən, qapılarından aparıb verirmişlər. Amma ömürləri boyu dağlarda yaşamış vedililər Aranın istisinə dözə bilmirmişlər. İqlimə öyrəşənə kimi xeyli adam qırılıb burda.

Köçkünləri əvvəlcə İmişli və Beyləqanın müxtəlif kəndlərinə bölüşdürüblər. Amma sonradan Qəmlo və onların qohumlarına İmişlinin Şahverdili kəndində yaşamasına icazə verilib. 

Qəmlonun qardaşı Mehdiqulu, qızı Mafərə və Teyfə xanım, oğlu İbrahim bu kənddə dəfn edilib. Bir maraqlı fakt: Qəmlonun oğlu olduğuna görə, İbrahimə ali məktəbə sənəd vermək nəsib olmayıb. 
İndi bü kənddə onun törəmələri yaşayır. Zahir kişi deyir ki, əslində vedililər, xüsusən də Qəmlonun qohumları Fərman Kərimzadənin “Qarlı aşırım” kitabı çapa çıxdıqdan sonra etirazlara başlayıblar. 

- Rəhmətlik Fərman müəllim də camaata söz verib ki, vallah, billah kitabı təzədən yazacam. Yeri gəlmişkən, Fərman müəllimin atası İsmayıl müəllim Vedidə NKVD-nin rəisi olub. Çox qınayıbmış camaat onu ki, nahaq kinonu da bu gündə çəkmisən. Amma o, sadəcə söz verib ki dəyişəcəm. Kimdi kinonu təzədən çəkən? Ya da kitabı təzədən yazan.   

Yeri gəlmişkən, ustad sənətkarımız Şeyx Əbdül Mahmudbəyov danışır ki, filmin sonunda  Qəmlonun öldürülməsi səhnəsi iki variantda çəkildi. Hər iki variant lentə alındı, biri rus, digəri Azərbaycan dilində. Filmin ilk orijinal versiyasında Qəmlonu Kərbəlayı İsmayıl öldürür. Kərbəlayı İsmayıl bunu ona görə edir ki, Qəmlo onun sözündən çıxır və Kərbəlayının dostu olan Abbasqulu bəy Şadlinskini öldürür. Yuxarı dairələrdə kino tənqidçilər tərəfindən sözügedən səhnə elə də yaxşı qarşılanmadı. “Səbəb kimi isə rejissorun Kərbəlayı İsmayılı sonda qəhrəman obraz kimi göstərməsi oldu. Bundan sonra Kamil Rüstəmbəyov filmdə dəyişiklik etdi. Yeni versiyada Qəmlonu Kərbəlayı İsmayıl yox, Xudayarın qardaşı öldürdü. Məhz bu versiya ilə film ictimaiyyətə təqdim olundu. Edilən montaja baxmayaraq, Qəmlonun ölüm səhnəsindən sonra Kərbəlayı İsmayılın adamlarından birinin dilindən “Kərbəlayı Qəmlonu gəbərtdi” ifadəsini eşitmək olar. 

Və sonda: Bu maraqlı məqamı bizə İmişlidə danışdılar, Dostlar deyir ki, Abbasqulu ağa və Qəmlo “davası” tez-tez gündəmə gəlir. Məsələn, kəndlərin birində toyda möhkəm yeyib-içdikdən sonra hər iki nəsli təmsil edən gənclər arasında dava düşübmüş. Səbəb isə bu imiş: Bizim babamızı sizin babanız öldürüb… Yəqin aydın oldu…

Bakı-İmişli

# 15120
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar