Kirayə bazarında yeni fırıldaq: Bu elanlara diqqət edin!  -VİDEO
27 aprel 2022 00:42 (UTC +04:00)

Kirayə bazarında yeni fırıldaq: Bu elanlara diqqət edin! -VİDEO

Texnologiyanın inkişafı özü ilə bərabər yeni dələduzluq üsulları da gətirir. Təssüf ki, son vaxtlar bu cür hallara ölkəmizdə də tez-tez rast gəlirik. Vətəndaşların ən çox aldadıldığı sahələrin başında isə onlayn alqı-satqı platformaları gəlir.

Lent.az-ın xəbərinə görə, bu günlərdə elan saytlarında kirayə ev axtaran Günel Poladqızı da yeni növ dələduzluqla qarşılaşıb. Onun söylədiyinə görə, bəyəndiyi evin elanını sayta yerləşdirən şəxslə əlaqə saxlayıb, mənzili götürmək istədiyini bildirib. Bütün oyun da bundan sonra başlayıb.

Mütəxəssislər bildirir ki, qanunvericilikdəki bəzi boşluqlar dələduzluğun rahat və təhlükəsiz hala gəlməsinə səbəb olur. Bu cür hallarla mübarizə aparmağın yeganə yolu isə əməliyyatları tam rəsmi və hüquqi əsaslar üzərində aparmaqdır.

Əmlak üzrə ekspert Elnur Fərzəliyev deyir ki, aldanmaq istəmiriksə, alqı-satqı zamanı müqavilələri mütləq notarial qaydada bağlamalıyıq: “Bu cür hallarla rastlaşmamaq üçün ilk növbədə elan verən şəxsə zəng edərək mənzilin dəqiq ünvanını öyrənmək lazımdır. Həmin mənzilin yerinə baxış keçirdikdən sonra sahibi, yaxud etibarnamə verdiyi şəxslə qiymət sövdələşməsi etmək olar. Daha sonra isə əldə olunan bütün müqavilələrin notarial qaydada bağlanması şərtdir. Notarial qaydada bağlanan bütün müqavilələrdə mənzil sahiblərinin və kirayə götürən şəxslərin hüquqları qorunur”.

Bəs dələduzlar qanunvericilikdəki hansı boşluqlardan istifadə edirlər? Yaxalansalar, onları hansı cəzalar gözləyir? Bu cür hallarda zərərçəkmiş nə etməlidir?

Suallarımızı “Norma” Hüquq Mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev cavablandırdı: “Beh müqaviləsi yazılı formada bağlanmalıdır. Hazırda beh almaq üçün zəng və yaxud karta pul göndərilməsi yolu ilə istəyirlər. İnsanlardan pul alıb həmin vədi yerinə yetirməmək isə bir dələduzluq cinayətinin tərkibi əlamətlərinin yaradılmasıdır. Azərbaycan Respublikası “Cinayət məcəlləsi”nin 178-ci maddəsinə görə, dələduzluğun yaranması üçün 500 manatdan yuxarı məbləğ lazımdır”.

Hüquqşünas bu cür dələduzların cinayət məsuliyyətinə hansı şərtlərdə cəlb oluna biləciyinə dair fikirlərini də bölüşüb: “Bir vətəndaş vahid niyyətlə 10-15 adamdan müəyyən məbləğ alırsa, bu ümumilikdə piramida şəkilli pul dövriyyəsi edir ki , bununla da cinayət məsuliyyətinə cəlb edilə bilər”.

Gördüyünüz kimi, bütün ekspertlər deyir ki, daşınmaz əmlak alqı-satqısında, kirayə götürülməsində rəsmi müqaviləsiz heç kimə güvənmək olmaz. Çünki cinayət məsuliyyətinin formalaşması 500 AZN-dən sonra başlayır, deməli, istənilən fırıldaqçı bizə 200-300 manat məbləğində zərər vurduqdan sonra problemi “könüllülük” prinsipinin üzərinə yıxıb vəziyyətdən çıxa bilər. Bəs biz necə? Dəyən ziyanın altından çıxa biləcəyikmi? Nəticə atacağımız addımdan asılıdır. İki seçim var: Ya hüquqlarımızı bilib fırıldaqçıların qurbanı olmayacağıq, ya da “kişi sözü”nə güvənib çətin durumda qalacağıq. Seçim öz əlimizdədir, təbii, buna seçim demək mümkündürsə...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5289
avatar

Oxşar yazılar