İsti hava, soyuq otaq, qızmar gündə işləyənlər... - KİMDİR GÜNAHKAR?
19 avqust 2022 12:33 (UTC +04:00)

İsti hava, soyuq otaq, qızmar gündə işləyənlər... - KİMDİR GÜNAHKAR?

Artıq 10 gündən çoxdur ki, ölkə ərazisində anormal istilər hökm sürür. Hər gün müvafiq qurumlar tərəfindən əhaliyə kəskin istilər barədə xəbərdarlıq olunur. Ardı-arası kəsilməyən xəbərdarlıqlara baxmayaraq, isti hava şəraitində sərinləşdirici qurğular olmadan işləyənlər də var. 

Məsələyə məhz bu konteksdən yanaşmağa çalışacağıq. Söhbət bir sıra müəssisə və təşkilatların qızmar yay günüdə, açıq havada, hətta müqaviləsiz olaraq işlətdiyi işçilərdən gedir. Belə olan halda vəziyyət olduqca acınacaqlıdır...

Bəs, bu məsələdə qanun nə deyir? Qanunvericilikdə qeyd olunanlara əməl etməyən şirkət rəhbərlərini hansı cəza gözləyir?

Bununla bağlı Lent.az-a danışan Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov deyir ki, Əmək məcəlləsinə görə, havanın tənzimlənməsi mümkün olmayan yerlərdə istilik +41 dərəcəni keçərsə, iş dayandırmalıdır: 

“Əgər işin ahəngi gedişatı dayandırmağa imkan vermirsə, bu zaman işə götürən elə tədbirlər görməlidir ki, işçiləri gün vurmasın. Bu tədbirlər isə bir neçə nüansdan ibarətdir. Məsələn, iş yerinin yaxınlığında çətirlərin qurulması, tez-tez fasilələrin verilməsi, işçilərin sərinləşdirici içkilərlə təminatı və s. “Bu sadalanan qaydalara əməl olunurmu?”, soruşsanız, əksər halda “yox”, deyərəm. Amma tək-tək əməl edənlər də var. Bu, işə götürənlərin vicdanından asılıdır”. 

Sahib Məmmədov əlavə etdi ki, Dövlət Əmək Müfəttişliyi Xidməti səyyar yoxlamalar (yəni ofisləri yerində yoxlama) həyata keçirmir, çünki qanunla qadağa qoyulub: 

“Bununla yanaşı, işə götürənlər öz işçisinin sağlamlığına görə məsuliyyət daşıyır. Ona görə də işə götürən işçiyə qul yox, sosial şəxs kimi baxanda, onların sağlamlığını da düşünür”.   

Sədr nümunə kim, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bəhs edərək bu qurumun fəaliyyətindəki neqativlərdən şikayətləndi:

“İşçiləri düşünmək AAYDA-ya aid deyil? AAYDA işçini düşünmür. Baxırsan ki, yollarda işçiləri üçün heç bir tədbir görməyib. Günün altında işləyirlər. Günvurma nəticəsində hansısa qurumun işçisi həyatını itirsə, ya sağlamlığına nə isə olsa, cinayət işinin başlanması üçün əsasdır. Əgər yüngül xəsarət olsa, o zaman səlahiyyətli şəxs inzibati məsuliyyət daşıyır”.

O da məlumdur ki, birbaşa soyuğa və yaxud əksinə, soyuq temperaturdan kəskin isti temperatura keçid insan orqanizmi üçün fəsadlar törədir. Çoxlarımız yayda qızmar günəş şüaları altında çalışanların olduğunun şahidiyik. Bəzən onların həddən artıq soyuq suyu bir nəfəsə içmələri, yaxud həddən ziyadə kondisionerli soyuq otaqlara çəkilərək sərinləmək istəkləri müşahidə olunur. 

Sərinləmək üçün üz tutduğumuz kondisionerlərin soyuqluğu orqanizmimizə hansı mənfi təsirlər göstərəcək?

Bununla bağlı sualımızı terapevt Sübhan Hacıyev cavablandırdı.

O bildirir ki, ümumiyyətlə kondisioner işləyən otaqda çox oturmaq müxtəlif iltihabi və alergik xəstəliklərə yol açır:

“Hazırda davam edən anormal istilər insan orqanizminə, xüsusilə, qan-damar sisteminə mənfi təsir göstərir. Bu istidən canını qurtarmaq üçün insanların sərin otaqlara üz tuturlar. Lakin bilmək lazımdır ki, bir insanın 30 dəqiqədən çox olduğu hava mühitindən digər bir məkana girdikdə 10-12 dərəcədən çox fərq olarsa, bu orqanizmə pis təsir edir. 

Bu zaman qan-damar sistemimizdə və nəfəs alıb-vermədə çətinliklər yaranır. Orqanizmin adaptasiyasında problem yarandığı üçün müxtəlif iltihabi və alergik xəstəliklərə yol aça bilir”. 

Terapevtin sözlərinə görə, immun sistemimiz zəiflədiyi üçün orqanizmimiz qışda baş qaldıran xəstəliklərə dayanıqlı olmayacaq:

“Eyni zamanda, immun sistemi zəiflədiyi üçün insanlar infeksion xəstəliklərə tez yoluxurlar. Bu səbəbdən payız və qış aylarında artıq biz rastlaşdığımız iltihabi xəstəliklərə dayanıqlı ola bilmirik”.

Mütəxəssis tövsiyə etdi ki, bacardığımız qədər qızmar günəş şüalarından uzaq durmalıyıq, xüsusilə də saat günorta 1-5 arası: 

“İşçilər açıq havada işləyirlərsə, papaqdan mütləq istifadə olunmalıdır. Eyni zamanda, hər bir kəs gün ərzində öz çəkisini 30 ml litrə vuraraq alınan rəqəm qədər qazsız su içməlidir”.

Ən önəmli məqam isə kondisionerlərdən istifadə qaydasıdır. Kəskin istilərdə sərinləşdirici texnikalardan necə istifadə etməliyik?

Kondisioner ustası Azad Şirinov saytımıza açıqlamasında dedi ki, çöldə 40 dərəcə olanda, otaqdakı kondisionerin soyuqluğu 25 dərəcədə olmalıdır:

“Kondisionerin temperaturu çöldəki havanın dərəcəsi ilə nisbət təşkil etməlidir. Otaq kəskin soyuq olduğu vaxt, bayıra çıxanda insanda boğulma olur. Məsələn, çöldə havanın temperaturu 40 dərəcədirsə, otaqda kondisionerin şkalası 25-26-nı göstərməlidir. Xəstəliklərin yaranmasının qarşısını almaq üçün dərəcəni əvvəlcə 20-yə qoymalıyıq. Otaq tam soyumalıdır. Daha sonra qurğunun işlədiyi müddətdə 25 dərəcəyə qaldırmalıyıq. O zaman kondisioner fasilə ilə işləyəcək. Tez-tez fasilə olduğu üçün otaq çox soyumayacaq. Fasiləsiz işlədikdə daim soyuq olur. Və bu zaman otaqla bayır arasında kəskin temperatur fərqi yaranır”.

Mütəxəssis əlavə etdi ki, kondisionerin filterləri ayda ən azı bir dəfə təmizlənməlidir, bu, mütləqdir.

Qeyd edək ki, Əmək Məcəlləsinə və ona edilmiş 2 saylı Əlavəyə əsasən, havanın temperaturu +41 dərəcə selsidən (2009-cu ilədək 45 dərəcə idi) çox olan hava şəraitində açıqlıqda və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlər dayandırılmalı və işçilərə fasilələrlə sərinləmək üçün imkan yaradılmalıdır. Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3639
avatar

Fidan İlqar

Oxşar yazılar