Səbinə ƏVƏZQIZI
31 avqust 2023 11:52 (UTC +04:00)

Səbinə ƏVƏZQIZI

İndi yüzlərlə uşaq intiharı düşünür - Hayqırtılara qulaq verək

Nə gözəldi, sosial şəbəkələrdə insanlar övladlarını, yaxınlarının universitetə qəbulunun sevincini yaşayır, bu şadlıqdan bizə də pay düşür. Təki həmişə belə şad xəbərlər alaq. Amma bu real həyatın yalnız bir hissəsidir, bundan da böyük bir məyusluq var ki, biz onu görmürük, bilmirik. Hazırda bir çox evlərdə depressiyaya girən balalar, göz yaşlarına hakim ola bilməyən analar, əsəbindən “zəncir çeynəyən” atalar da var.

Hər il universitetlərə ixtisas seçiminin nəticələri açıqlananda bu hadisə yadıma düşür.  Görünür, böyük travma olaraq beyində iz buraxıb...

Qızım universitetə qəbul olan ili həyəcandan nə edəcəyimi bilmir, 7727-yə dayanmadan SMS atırdım. Nəsə mənə elə gəlirdi ki, nə qədər çox SMS atsam cavab daha tez çatdırılacaq. Və o qədər həyəcanlı idim ki, bu SMS-lərin birində yanlışlıqla kodun birini səhv yazdım. Birdən mənə iki mesaj gəldi, birində övladımın şad xəbərini aldım, ikinci mesajda isə belə yazılmışdı: Elmira Filankəsova siz müsabiqədən keçə bilmədiniz. İnanın ki, qızıma sevindiyim qədər, o biri qız balamıza da ürəyim yandı, sevincim tam olmadı, axı niyə bu mesaj mənə gəldi ki?.. Həmin an o uşağı bağrıma basıb demək istədim ki, hər şey irəlidədir, hər şey sənin əlində. Öz sevincimdən utanırdım ki, indi Elmiranın anası kədərlənir. Anaların kədəri isə uşaqları daha çox depressiya salır. Ananın gözündən axan hər damcı övladı hətta intihara belə sürükləyə bilir. İndi əsl ana olmağın, göz yaşlarını içinizə axıtmağın və heç nə olmamış kimi balanın əlindən bərk-bərk yapışmağın vaxtıdır. Təsəvvür edin ki, bir evdə qəbul nəticələrinə görə ana ağlayır, ata əsəbi formada deyinir... O uşağın halını təsəvvür edə bilirsinizmi? Bilmir ki, özünün suya düşən xəyallarının acısını yaşasın, ya evdəki təzyiqə tab gətirsin. Və bu vəziyyətdə iradəsi o qədər də güclü olmayan balalar ən son varianta əl atmaq istəyir ki, bu kədərlərə son versin. Əziz valideynlər, uşaqlarınızın içindəki hayqırtılara qulaq verin, yoxsa, sonunda ən çox yanıb-qovrulan da elə siz olacaqsınız.

Universitet qazanmayan balalar, araşdırsanız görərsiniz ki, yüzlərlə zəngin, məşhur insan var ki, onlar da universitetə ilk ildə qəbul olmayıblar, bu məsələni qəti ciddi dərd etməyin. Növbəti illərdə də cəhd edin, alınmasa da demək belə daha xeyirlidir. Və ümumiyyətlə, unutmayın ki, ali təhsil həyati bir məsələ deyil.

Bu məsələlərdə ən narahatlıq yaradan məqamlardan biri də budur ki, bir çox ailələrdə qız balalara universitetə qəbul üçün yalnız bir dəfə şans verilir. Əgər bundan düzgün faydalana bilmədisə onu artıq ərə vermək barədə planlar qurulur. Ürəyində böyük arzuları olan bir qızın universitet xəyallarını əlindən alıb ailə qurmağa məcbur edilir. Əksər hallarda da bu ailələr heç də uğurlu olmur. Çünki çiliklənən arzuların üzərində qurulub, o qız hər dəfə ərinə baxanda xəyallarının əngəlini görəcək.  

Atalar da oğulları ilə bağlı həmişə xəyallarını maksimum yuxarıda tuturlar. Həyatın onlara vermədiyi bütün şansları, bacara bilmədiklərinin hamısını ondan istəyirlər. Bunun hansı fəlakətlərə yol açacağını isə yenə də çox vaxt hesab edə bilmirlər. İstədikləri olmayanda... Hə, hə hər şey bu zaman başlayır, elə ciddi etirazlar edirlər ki, 16-17 yaşlı uşağın bu psixoloji (hətta fiziki də ola bilir) təzyiqə tab gətirməsi sizə asan gəlməsin. Axı o övladın ən böyük arzularından biri də atasından “AFƏRİN” almaqdır. Sizin istəkləriniz övladlarınızın həyatından önə çıxmamalıdır əziz valideynlər. Onları sizin qədər sevən heç kim tapılmaz bu həyatda, sevdiklərinizə hə halında, hər vəziyyətində, hətta ən böyük səhvlərini etdiklərində belə sahib çıxın.

İnanın ki, hazırda nə qədər uşaq intiharın eşiyindədir. Hayqırtılara qulaq verək, onları xilas etməyə gec qalmayaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 19098
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar