Firuzə İsmayılbəyli, dizayner
31 iyul 2021 13:26 (UTC +04:00)

Firuzə İsmayılbəyli, dizayner

Hobbi kimi başladığı işi biznesə çevirdi - REPORTAJ

Dünyada hər gün yüzlərlə, minlərlə yeni ideya yaranır. Bir zamanlar bütün sevgililər kağıza qələmlə ürək sözlərini yazıb, arasına isə gül ləçəkləri qoyub, bir-birinə məktub göndərirdi. Bu, müəyyən dövrlərdə ən gözəl hədiyyə hesab edilirdi. Lakin zaman keçdikcə, bu cür sevgi etirafları tarixə köçdü.

Ancaq kağız tarixə qovuşmadı, bir çox yaradıcı insanlar kağızdan hazırlanan əşyaları gənclərin sevimli hədiyyələrinə çevirdi. Müasir dövrdə rəngli kağızlardan hazırlanan “sehrli qutu”lar ən kreativ hədiyyələrdən hesab edilir.

Uzun zamandır rəngli kağızlara yeni nəfəs verən dizayner Firuzə İsmayılbəyli deyir ki, bu işə əvvəlcə hobbi kimi başlayıb. Daha sonra hazırladığı əl işləri sosial şəbəkələrdə böyük marağa səbəb olub. Beləcə, hobbi kimi başladığı iş biznesə çevrilib: “İlk dəfə özüm üçün ad günü hədiyyəsi hazırladım və düzəltdiyim əl işi çox sevildi. Dostlarım mənə dedi ki, bu iş səndə yaxşı alınır, sosial şəbəkələrdə əl işlərini paylaş. Mən də özümə sosial şəbəkələrdə hesab açdım, sifarişlər gəlməyə başladı. Ən böyük işim isə bir həftəyə yekunlaşıb. Bu işdə sifarişin həcmi önəmlidir. Bəzi hədiyyələr var ki, çox xırda detallar tələb edir. O zaman dizayner gərək səbirli olsun”.


Dizaynerin sözlərinə görə, ona müraciət edən müştərilər şablon hədiyyə sevməyən gənclərdir. Sifariş verənlərin əksəriyyəti gənc olsa da, orta və yaşlı nəsildən ona müraciət edən şəxslər az deyil. Firuzə İsmayılbəylinin ən çox sevilən əl işi isə “Sehrli qutu” adı verdiyi hədiyyə qutusudur: ”İlk işim “Magic Box” olub, ölkəmizdə “Sehrli qutu” kimi tanınır. Onlar digər işlərimə nisbətən daha çox vaxt aparır. Belə “Sehrli qutu”ları düzəltmək üçün ilk növbədə ideya lazımdır. İdeyanız varsa və kreativdirsə, 15 dəqiqəyə hazırlaya bilərsiniz”.

Müsahibimiz bu işə başlamazdan əvvəl həyatında bir sıra çətinliklərlə üzləşib. Sevdiyi ixtisas dizayner olsa da, ixtisas kodlaşdırmasını aparan şəxs səhvə yol verdiyinə görə təsviri incəsənət müəlliməsi ixtisası üzrə təhsil alıb. Lakin arzusunda olduğu dizayner işini hobbi kimi davam etdirib. Bu gün o, sevərək çalışdığı yaradıcılıq işi ilə özünə maşın aldığını və güzəranını təmin etdiyini deyir. Bəzən isə hazırladığı məhsulu qəbul etməyən müştərilər də olur: “Bu işin məni xoşbəxt edən tərəfi sevdiyim iş olmasıdır. Biri var iş görəsən pul qazanmaq üçün, yəni əsas məqsəd yalnız aldığın məbləğ olsun, mən isə iş görürəm və əl işlərim bəyənilir. Bu, mənə vəsait qazandırır, amma mənə zövq verən əsas nüans müştərilərimə onların istədiyi kimi hədiyyələr hazırlamaqdır. Pandemiyadan öncə bir gündə 10-15 sifariş edirdim. Lakin pandemiyadan sonra günə bir-iki sifarişim olur, bəzən heç o da olmur. Əvvəllər isə sifarişlərim o qədər çox idi ki, gecələr belə yatmırdım. Qutuları, kreativ hədiyyələri sürətlə hazırlayırdım ki, vaxtında təhvil verim”.

Şəhid ailələri və qazilər üçün əl işlərini təmənnasız hazırlayan Firuzə İsmayılbəylinin ən böyük arzusu gələcəkdə kurs açmaqla iş tapa bilməyən xanımlara əl işlərini öyrətmək, beləcə, onların da şəxsi biznesinin qurmasına vəsilə olmaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2523
avatar

Oxşar yazılar