Cərrah Vüqar Qurbanov həmkarları ilə
21 dekabr 2020 16:48 (UTC +04:00)

Cərrah Vüqar Qurbanov həmkarları ilə

“Hərəsi yaxasında Şuşa üçün bir bayraq gizlədibmiş...” – Müharibədən qayıdan həkim danışır

 

44 günlük Vətən müharibəsində əsgərlərlə yanaşı, həkimlər də döyüşdü. Döyüşçülər düşmənlə, həkimlərsə ölümlə… Yaralıları həyata qaytarmaq üçün qədərlə savaşa çıxdılar. Vətən Müharibəsində döyüşçülərimiz qələbə çaldı. Bəs, döyüşçüləri ölümün əlindən almağa çalışan həkimlərimiz necə, qalib gələ bildilərmi? Lent.az-ın bu və digər suallarını  həmin günləri cəbhə bölgələrində olan “döyüşçü”lərdən biri - tibb üzrə fəlsəfə doktoru ağız, üz-çənə cərrahı – implantoloq Vugar Qurbanov cavablandıracaq.

 

- Necə oldu, cəbhə bölgələrinə getməyə qərar verdiniz?

- Sentyabrın 27 də ailəmlə, bazar günü olduğu üçün, istirahət edirdik. Təxminən saat 11-də dostlar zəng etdilər ki, müharibə başlayıb, döyüş gedir. Təbii ki, xəbərə sevindim, gözləyirdik, torpaqları geri almalıydıq gec-tez. Sonra dərhal beynimdə yaranan sual o oldu ki, mən bu müharibənin harasında olmalıyam?

Sentyabrın əvvəlində Hərbi səfərbərlik idarəsinə yazılı müraciət etmişdim ki, müharibə başladığı təqdirdə mən də könüllüyəm.

Bir az gözlədim, gördüm hərbi çağırış olmadı, həmin gecə TƏBİB-ə müraciət etdim ki, mən istənilən bölgəyə ezam oluna bilərəm. Sonra da MN Baş Klinik hospitalına getdim və orda hadisələrdən məlum oldu ki, yaralılarımız Bakıya çatdırılıncaya qədər orda, yaxın məsafələrdə yardıma ehtiyacları olur.

Həftənin ilk iş günü TƏBİB-dən Gəncəyə getmək üçün göstəriş gəldi. Mən də Gəncəliyəm, heç düşünmədən öz şəhərimə getdim. Mən artıq Gəncəyə çatanda ezam olunduğumuz 1 saylı xəstəxana Bakıdan gəlmiş həkim və tibb işçiləri tərəfindən Hospital kimi formalaşdırılırdı. Bütün aparıcı mütəxəssislərlə bərabər ilk yaralıları qəbul etməyə başladıq.

Xatırlayırsınızsa, müharibənin ilk günlərində əsas döyüş istiqaməti Goranboy, Murov tərəfdən idi və ağır yaralılar o bölgələrdən bizim çalışdığımız mərkəzə göndərilirdi.

- Neçə gün oldunuz cəbhə bölgələrində, başqa  haralarda oldunuz? Nələrlə rastlaşdınız? Ümumi ab-hava necə idi döyüşçülərdə, siz həkimlərdə?

 

- Döyüşlər Qubadlı, Füzuli istiqamətində irəliləyəndə hiss etdik ki, orda lazımıq. Həmkarlarla yığışıb, ora yollandıq. Füzuli Diaqnostika mərkəzində həmkarlarımıza kömək lazım idi. Orda başladıq fəaliyyətə, əməliyyatlar çox olurdu. Yaralıların əksəriyyəti  əməliyyat olunurdu, başqa cür alınmazdı. 

44 günlük Vətən Müharibəsinin 30 günə yaxınını xəstəxanalarda keçirdik. Əsas fəaliyyət göstərdiyimiz yerlər Gəncə şəhəri və Füzuli idi, amma düzü, harada ehtiyac olurdu, ora baş vururduq.

Bərdə terrorunda orda idik. Bir yaralını Şirvan şəhərində əməliyyat etmişəm. Çağırdılar ki, burda bir yaralı əməliyyat olunmalıdır, maşına oturub, getdim.

Ab-hava deyirsiniz, möhtəşəm idi. Bunu izah etmək bir az çətindir, ancaq canlı yaşamaq lazım idi. Qorxu görünmürdü heç kimin gözündə. Qorxmazlıq, ölümsüzlük salnaməsi yazıldı. Döyüşçülərdə ruh o qədər böyük idi ki, bəzən biz onlara təsəlli verməliykən onlar bizə dəstək olurdular. Ölümdən-filan qorxuları yox idi. Yarasını sarıyırsan, oturmur ki, tez elə, qayıdıram. Qan götürüb gedir, bir ayağı qaçaqdır ki, qayıtmalıyam. Ən çox təəccübləndiyim o idi ki, zarafatlarından qalmırdılar.

Əməliyyata girəndə biri dedi ki, doktor, erməni mərmisi öldürməyib, yəqin sənin narkozun da öldürməz məni?

Elə yaralılarımız var idi, heç xəstəxanada qalmaq istəmirdilər. Bilirsiniz niyə? Birdən hansısa məntəqəni, şəhəri geri alarıq, mən orda olmaram, mənim əməyim olmaz – deyə qorxurdular, ölümdən yox, ondan qorxurdular.

Şuşaya bayraq sanca bilmədiyi üçün üzülən əsgər gördüm. Hamısının amalı, arzusu Şuşaya bayraq sancmaq imiş, hərəsi yaxasında bir bayraq gizlədibmiş.

Biri cibindəki bayrağı çıxardıb bizə verdi ki, mənə sancmaq qismət deyilmiş. O birlik, amal bizə də sirayət etmişdi. Həkimlərimiz, tibb işçiləri arasında ilk dəfə belə birlik görürdüm. İxtisasından asılı olmayaraq, hamı bir nəfər kimi ürəkdən xidmət edirdi yaralılara.

Müharibənin üçüncü günü Naftalan istiqamətində ən ucqar bölgəyə qədər getdim. Füzulidə olduğum zaman isə bir dəfə yaralı arxasınca Qubadlıya getmişdim. Müharibənin öz qaydaları var. Hesab edirəm, döyüşçünün səngərdə olması nə qədər önəmli idisə, hər kəsin də həmin vaxtlar öz mövqeyində olması elə önəmlidir. Həkimlərimizin də həmçinin, biz də öz postumuzda o döyüşçü qədər faydalı olurduq.

Amma ehtiyac yaransa, təbii ki, səngərdə olacaqdıq. Bu başqa şərəf idi ki, bu şərəfə layiq olan həmkarlarımız oldu. Şəhidlik zirvəsinə ucaldılar.

Ağır yaralılarımız çox idi, yuxusuz gecələrimiz olurdu. Bəzən ardıcıl əməliyyat otağında qalırdıq, çıxa bilmirdik, o qədər yaralı gəlirdi. İnsanların əzmini, o birliyi görəndə, inanın, hər şey unudulurdu, hamı bir amal üçün əl-ələ verirdi, qələbənin özülündə bu oldu.

Tək deyildik, müxtəlif ixtisaslar üzrə bütün cərrahlar bu işə qoşulmuşdu. Təbii ki, hamı ön cəbhədə ola bilməzdi. Bakıda ATU-nun Üz-çənə Cərrahiyyə kafedrası və şöbəsinin bütün əməkdaşları, KTM-in Üz-Çənə Cərrahiyyə şöbəsinin bütün əməkdaşları, güc strukturlarında çalışan üz-çənə cərrahları arxa cəbhədə uğurlu fəaliyyət göstərirdilər. Oktay Mehdiyev, Məhəmməd Davudov, Murad Osmanlı, Cahid Məmmədov, Rəşid Yusifov, Elnur Abdullayev, Rəşad Məmmədzadə, Xəyal Aşurəliyev kimi üz-çənə cərrahlarının böyük əməkləri olub. O günlər ön cərgələrdə olub yaralıların qayğısına qalan bütün kolleqalarımı, adlarını unutduğum dostlarımı, bu qələbə münasibətilə ürəkdən təbrik edirəm.

Bizim işimiz yekunlaşmayıb, bundan sonra da vətəndaş kimi, həkim olaraq qazilərə onların yaxınlarına, şəhid ailələrinə eyni həssaslıqla xidmət göstərəcəyimizə əmin ola bilərsiz. Bu yolda, inanıram ki, bütün dostlar bizə dəstək olacaqlar.

- Döyüşçülərimiz bu müharibədən qalıb çıxdılar. Həkimlərimiz necə hesab edir, qalib gələ bildinizmi müharibədə?

- Bəli, çox sevindirici haldır ki, bizim sahədə - üz-çənə cərrahiyyə travması olan yaralılarımızın hamısını həyata qaytara bildik. Bəzilərini Bakıya normal həyati göstəricilərlə təxliyə etmişəm. Bəziləri də təkrar döyüşlərə qayıdıb. Biz də qalibik.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15831
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar