"General zəng edib dedi ki, onların hər birinə..." - Döyüşçü həkim Lent.az-a elə şeylər danışdı ki...
21 sentyabr 2022 17:00 (UTC +04:00)

"General zəng edib dedi ki, onların hər birinə..." - Döyüşçü həkim Lent.az-a elə şeylər danışdı ki...

Lent.az İkinci Qarabağ Müharibəsi iştirakçısı, Xocavəndin və Füzulinin azad olunmasına görə medallarla təltif olunmuş  döyüşçü həkim Tural Xaspoladla müsahibəni təqdim edir
 
- Müharibənin hər dəqiqəsi, saniyəsi xatirələrlə doludur. Hərdən yaddaşımda təzələnir, yadımdan çıxdığı da olur. Sıravi insanlar üçün 44 günlükdür, mənim üçün elə deyil. Unudulmur, təzə olmuş kimidir sanki. Ümumiyyətlə, bu müharibədə döyüşçü həkimlər az olub.
 
- O günlər ən çox nə vaxt yadınıza düşür?
 
- Telefonumda döyüş gedən vaxtı və digər günlərdə çəkdiyim videolarım var, onlara baxanda yadıma düşür. “Həmlə” taborunda döyüşmüşəm. Hazırda da hərbçi yoldaşlarımızla danışırıq. Vaxt olduqca görüşürük, şəhid ailələri və qazilərimizə baş çəkirik.
İki qardaşım var, amma döyüş yoldaşlarım mənə öz qardaşlarımdan daha yaxındı. Ən çətin anlarda bir-birimizin yanında olmuşuq. Ac-susuz qalanda, üşüyəndə. Çiyin-çiyinə olmuşuq. Heç birimiz müharibə görməmişdik. Mən Murovdağ istiqamətdə əsgərlik keçmişəm və düşünürdüm ki, oradan çətin yer yoxdur. 
 
- Bir döyüşçü həkim kimi müharibə sizin üçün nə deməkdir?
 
- Müharibə düşündüyümüz kimi deyil. Dəhşətli bir şeydir. Özəl klinikaların birində həkim-fizioterapevt işləyirdim. Müharibə başlayanda könüllü kimi yazıldım və oktyabrın 1-i 20 nəfərlik könüllü qrupla yola düşdük. Onda oğlum 6 aylıq idi, pandemiya dövründə çalışırdıq deyə heç üzünü düz-əməlli görə bilmədim. Ağcabədiyə gətirildik, demək olar ki, hər rayondan gələn könüllülər var idi. Hamımız hələ mülki geyimdə idik, bir zabit gəldi və onu görəndə hamımız bir ağızdan “Ali Baş Komandan, silah ver bizə” şüarını oxuduq. O video sosial şəbəkələrdə yayılmışdı. Yenə də heç birimiz müharibəni tam dərk edə bilmirdik. Mənim ailəm Laçının Ağcakənd kəndindən məcburi köçkün düşüb. Gah Qubada məktəbin bir küncündə məskunlaşdıq, gah Bakıda qaldıq. Torpaq itirməyin, məcburi köçkün həyatı yaşamağın nə olduğunu çox yaxşı bilirəm. Atam tarix müəllimidir deyə mənə düşmənin kim olduğunu aydın izah edib. Düşmənə nifrətim uşaqlıqdan formalaşıb. Mənim üçün medallarımdan da vacib Laçınla yanaşı, digər torpaqlarımıza tezliklə əhalinin köçürülməsidir.

 
- Bəs nə zaman müharibəni tam başa düşdünüz?
 
- Ağcabədi rayonundan Füzulinin Şükürbəyli kəndinə göndərildik. Səhər general-mayor Mais Bərxudarov və şəhid polkovnik Şükür Həmidov yeni gələn könüllülərlə görüşməyə gəldilər. Yanımızdakı zabitlərdən biri onlara dedi ki, burada həkim var. Mais Bərxudarov dedi ki, sən burada nə edirsən? ” Əhmədbəyli kəndindəki hospitala getməlisən”- dedi. Şükür Həmidova dedi ki, izah edin, aparsınlar hospitala. Dedim ki, yox, bura həkim kimi gəlməmişəm. Burada qalacağam, yoldaşlarımı tək buraxan deyiləm. Rəhmətlik Şükür Həmidov əlini qoydu çiynimə, dedi ki, çox istəyirsənsə, qal onda.
Orada artıq atışma səslərini, atılan mərmilərin göydə yaratdığı işıqlanmanı gördükcə dərk etdik ki, nə baş verir. Oktyabrın əvvəli şəhid olanların yerinə əsgər seçirdilər. Mən də seçilən 30-35 nəfərin içində idim. Yarı zarafatla dedilər ki, göydən güllə yağış kimi yağacaq, kömək edə biləcəksən? “Hə” cavabı verdim. Getdik müharibənin taleyində xüsusi dönüşlər edən “Həmlə” taboruna. Bizim taborun 55 qəhrəman şəhidi var. Füzulidən Şuşaya qədər döyüş yolumuz olub.  

- Ailənizlə danışmağa macal olurdumu?

-  Çox vaxt danışa bilmirdim. Elə olurdu ki, əlaqə tutmurdu və s. Ermənilərin qoyub getdiyi maşınların akkumlyatorundan telefonlarımıza enerji doldururduq. Hər saniyəmiz mübarizə olduğu vaxtda ailə çox da yada düşmürdü. 
Bir dəfə telefonla danışmaq istəyirdim, “set” tutmurdu. Telefonumun ekranına oğlumun şəklini qoymuşdum. Dilqəm adlı sürücü görüb hiss etdi ki, mən niyə baxıram. Onun da iki uşağı var. Telefonunu çıxarıb uşaqlarının şəklinə baxdı. Atışma gedə-gedə deyirdik ki, nə olacaqsa, olacaq. 

- Ən ağır döyüşlər hansı istiqamətdə gedib? 

- Əsas Füzuli rayonu istiqamətində oldu. Alxanlı kəndində Bakıdan mənimlə birgə cəbhəyə gələn, dənizçi Şahgündüz Cabbarov, bölük komandiri və baş leytenant Hüseynov Əfşan şəhid oldu. Hər bir yüksəkliyin, əhəmiyyətli yerlərin alınması hərbçilərimizin qanı, canı bahasına olub. Orada hər addımbaşı bir şəhidin, qazinin qanı var. Kim deyir ki, müharibədən qorxmuram, yalan söhbətdir. Yaşı və təcrübəsi çox olanlar, yaşı az olanlara heç olmasa, ürək-dirək verirdi. Düşünün, mərminin haradan gəldiyi və hara düşəcəyi bilinmir, kimi vuracağı da bilinmir. Sanki cəhənnəmdəsən, başına nə gələcəyi məlum olmur. 


 
- Ələlxüsus, siz həkimsiniz, qan, yaralılar görmüsünüz…
 
- Bəli, hələ ömründə  qan görməyən 18-19 yaşlı əsgərlər üçün çox çətin idi. O vaxtı adamı ayaqda tutan stress, gərginlik idi desəm, yanılmaram. Bir dəfə Şuşa-Xankəndi istiqamətində idik. Yağış yağırdı, əynimiz də nazik idi. Soyuqda üşüyürdük. Onda ilk dəfə içalatımın əsməyini hiss etdim. Çənənin, dilin titrəməsi başqadır, daxili orqanların əsməsi başqa. Heç cür isinə bilmirsən. 

- Gənc əsgərlər dediniz. Onlar barəsində nələr xatirinizdə qalıb?
 
- Şuşakənd istiqamətində döyüşdə idik, başqa hərbi hissələr də bizim idi. Ora çataçatda kolluq ərazi var idi. Həmin ərazidən yuxarı, təpə hissəyə çıxanda düşmən tərəf rahat görünürdü. Qazaxdan, ya da Ağstafadan bir gənc əsgər tankın silahı ilə ermənilərin silah-sursat daşıyan maşınını vurdu. Tək özü etdi bunu. Sevindik təbii ki. Qayıtdı, gəldi biz olduğumuz mövqeyə. “N” saylı hərbi hissənin qərargah rəisi dedi ki, artıq düşmən yerimizi bilir. Təzədən getdi ki, işlək vəziyyətdə qalmış tankın mövqeyini dəyişsin. Dedik getmə, vuracaqlar. Ora çatanda vurdular tankı.  Amma zərbənin təsirindən dalğa onu qırağa tulladı. Çox pis kəllə-beyin travması aldı. Əlini qulağına tutub dəhşət içində qışqırırdı. Başını, qulaqlarını sarıyıb sıxmaqdan savayı edəcək bir şey yox idi. Ön cəbhədə hər ləvazimat əlimizin altında olmurdu deyə, nə tapdıqsa, yardım edirdik. Komandir “sakit ol!” deyə-deyə qışqırırdı. Səsdən yerimizi təyin edə bilərdilər, ona görə də təxliyə etmək lazım idi. Danışdırırdıq ki, başı qarışsın, qışqırmasın. Olduğumuz yerdə hər tərəf təpə, hər tərəf erməni idi. Yəni, çıxsaq, görəcəkdilər. Bir təhər gözlədik axşam düşsün. Yol duman olanda getmək rahat olacaqdı. Ondan sonra təxliyə edə bildik. 

- Başqa haralardan keçib döyüş yolunuz?
 
- Laçında, Böyük Kirs dağı istiqamətində də olduq. Tapşırığımız adsız yüksəkliklərdən erməni hərbi birləşmələrinin çıxarılması idi. Qarlı, şaxtalı bir gün idi. Dekabrın əvvəli səhər tezdən 20 nəfərlik qrupumuzla ora getdik. Atəşkəs olmuşdu, amma ermənilər tərk etmirdi oranı. Döyüş əməliyyatına gedirdik bildiyiniz. Bizi dağa heç bir avtomobil apara bilmirdi. Bircə zirehli texnika bizi meşənin girişinə qoya bildi. Koordinatla hansı istiqamətə gedəcəyimizi dedilər. On altı kilometr yoxuşlu yolu gedəcəkdik. Orada neçə gün qalacağımız məlum deyildi deyə, ağır yüklər vardı belimizdə. Meşədə irəlilədikcə ermənilərin səsini aydın eşidə bilirdik. Sağımız, solumuz erməni idi. Danışmırdıq. Duman idi deyə nə onlar bizi görürdü, nə də biz onları. Meşədən çıxdıq. Dumanla qar tufanı bir-birinə qarışmışdı. Komandirimiz dedi ki, aramızda 20-25 metr ara məsafəsi saxlamalıyıq. Həm minaya, həm də hər ehtimala qarşı. Məndən qabaq biri gedirdi, arxasınca gedirdim. Çovğun o qədər güclü idi ki, onun addımlarını qar tez örtürdü, izlər itirdi. Görmək də çətin idi. Birdən ayağımı düz qoymadım, bir-iki metr sağa qoydum. Ayağım boşluğa girdi və düşdüm daşlığa. Yaxşı ki, başım dəymədi, ancaq qar yığıldı üstümə. Dedim ki, vəssalam, qaldım burada. Heç kim də bilməyəcək, öləcəyəm…

 

- Sizi kim xilas etdi bəs?
 
- Can şirin şeydir, çabaladım bəlkə çıxaram deyə. Arxadan Şəmistan adlı əsgər görübmüş. Kömək etdilər çıxmağa. Hiss elədim ki, nəsə sınıb. Sən demə, sınan qabırğamdır. Paltarım qalın idi, bildim ki, şpris girəsi deyil. Çiynimi açdım, ağrıkəsicini vurdular. Ondan sonra dedilər ki, hələ beş kilometr yol qət etməliyik. Nəfəs ala bilmirdim və o vəziyyətdə getdim. Çatana yaxın ermənilər bizi gördü. Rusca “dayan! Bura bizim ərazimizdir” dedilər. Əsgərlərimizin arasında Tərlan adlı oğlan ləzgi idi, rusca yaxşı bilirdi. Rus dilində onlara izah etdi ki, xəritədə bura bizim ərazimizdir.

- Maraqlıdır, öldürə, ya da əsir də götürə bilərdilər sizi…
 
- Silahlı idik, biz onları öldürə bilərdik. Lakin onlar bizdən çox idilər. Nə desən, ola bilərdi. Bilmədim qorxdular, yoxsa necə… Komandirimiz Tərlana dedi ki, onlara de ki, bir addım belə atsalar, atəş açacağıq. Onlar da eynisini bizə dedi. Gördülər ki, qərarlıyıq, dönüş yoxdur. Düşünün, lüt dağdır, bircə dizdən yuxarı qar var. Başqa heç nə yoxdur. Açıq hədəf idik. Mövqelərində isə hər cür silahları mövcud idi. Yəqin fikirləşiblər ki, soyuqdan donub öləcəyik burada. Komandirimiz generala vəziyyəti məruzə etdi. General cavabında “o mövqeyi tərk etməyin”, - dedi.

Səhər saat 6-ya yaxın gördük ki, iki əsgərimizin ayağını don vurub. Yanımızda spirt, morfin və s. var idi. Ovuşdururduq da. Amma dizə qədər qarın içində nə qədər elə dayana bilərdik ki? Sağ qalmaq mümkünsüz görünürdü. Tabora məlumat verdik ki, vəziyyət pisdir. Düzdür, yeməyimiz var idi, lakin o mənəvi stimul bizə dayanmağa kömək edirdi. Hətta orada “Laçınım” mahnısını oxuduq. Cahangir adlı oğlan “Qarabağ şikəstəsi”ni oxuyurdu, ermənilər də qulaq asırdı (gülür).
Daha sonra tapşırıq aldıq ki, balaca bellərlə yeri qazaq. Yarım metr qazdıq, torpağı çıxardıq üstə. Balaca da olsa, növbə ilə girib orada qızındıq. Sonra üç-üç, dörd-dörd dərəyə odun gətirməyə getdik. Başqa variantımız yox idi. Bir təhər orada qalmalı olduq. Bir neçə gündən sonra başqa bir hərbi hissə gəldi, bizi əvəz etdilər. General zəng etdi bizim zabitə, dedi ki, hər birinə təşəkkür edirik. 16 kilometr yolu zülmlə, qırıq qabırğa ilə düşdüm aşağı… O ağrını yadıma salmaq istəmirəm, dəhşət idi.

 


- Oradan hara gəldiniz bəs?
 
- Şuşaya gətirdilər məni, orada qaldım. Səhəri gün qarlı hava “UAz” markalı maşınla Əhmədbəyli hospitalına gətirildim.  

- Şuşaya da getdiniz onda…  

- Heç bilmirdik Şuşaya necə gedirlər. Öncə Xüsusi Təyinatlılar getmişdi, onların burada olması bizə ürək-dirək verirdi. Bizim tabor Daşaltı istiqamətindən girdi Şuşaya. Dedilər ki, girişdəki “Zapravka”nın yanında ermənilərin qoyub getdiyi tankın yerində 1992-1993-cü illərdə Milli Qəhrəman  Albert Aqorunovun tankı vurulub. Qismətə baxın… Şuşanın aşağı tərəfində erməni meyitləri qalaqlanmışdı. Hər rütbədən var idi aralarında. Dəhşətli mənzərə idi. 
Onlar atəşkəs elan olunana və rus sülhməramlıları gələnə qədər oradaca qalmışdılar. Erməni tərəfindən adam gəldi, yığıb apardılar. Özü də necə? Zənbil kimi götürüb atırdılar tibbi yardım maşınına. Öz ölülərinə hörmət də etmirdilər. Oradan sonra Şuşa həbsxanasında qaldıq bir az. Sonra azərbaycanlıların qoyub getdiyi, ermənilərin yaşadığı həyət evlərində məskunlaşdıq.  

- Şuşa həbsxanasından danışardınız. Necə yerdir ora?

- Bizim hərbi hissəni başqası əvəz edəndən sonra Şuşa həbsxanasına gəldik. Ora ayaq qoyanda çox qəribə hisslər keçirdim. Eşitmişdim, ilk dəfə görürdüm. Əsl “türmə” vahiməsi hiss etdim. Şuşa həbsxanası qayalığın üzərində tikilib deyə bir tərəfi qayalıqdır. Hündür hasarlarının üstündə tikanlı məftillər var. Divarın bir tərəfinə “Qadağan olunmuş ərazi” yazılmışdı. İkimərtəbəli kiçik bir yer zabitlər üçün idi. Bircə oranın şəraiti yaxşı idi. Saxlanma kameralarının divarlarında qan ləkələri var idi, çox güman işgəncələr verirdilər. Məhbuslar dəmirin üstündə yatırmış. Hətta, məhbusların havaya çıxarıldığı yer darısqal olmaqla yanaşı, həmin yer tikanlı məftillə hörülmüşdü. Təsəvvür edin ki, səmaya baxanda da tikanlı məftil görürdülər.  Bundan başqa, ümumi bir otaq var idi: pəncərəsiz, qapısı ikiqat dəmirdən və yerdə qazılmış ayaq yolusu olan... Yəqin ki, əsirləri ora yığmışdılar. Müharibədən sonra yəqin ki, orada saxlanılanların çoxu azərbaycanlılar olub. Deyərdim ki, Şuşa həbsxanası dünyanın ən acınacaqlı, qaçışı mümkün olmayan həbsxanalarından biridir. Orada da qala bilmədik, havaya görə. 

-  Oradan hara getdiniz?

-  Şuşa məktəbinə. Məktəbin qarşısına raket düşmüşdü deyə pəncərələri dağılmışdı. Amma çox yaxşı vəziyyətdə idi, ən çox da yeməkxanası. Bir müddət qaldım orada. Sonra hospitala gəldim. Dekabrın axırı təxliyə olundum Bakıya.

- Şuşaya sağalandan sonra getmədiniz? 

- Xeyr. Keçdiyim yolları, yaşadıqlarımı xatırlayıb yaddaşımı təzələməyim deyə istəmədim. Həm də turist kimi getmək pis təsir edir. Çox istərdim ki, qazilərə, veteranlara, bütün şəhid ailələrinə ora gediş-gəliş ödənişsiz təşkil olunsun. 

Deyirlər ki, orada ancaq kasıb döyüşüb. Xeyr. Şəxsən şahidi olmuşam. Topun, güllənin altında, çox çətin şəraitdə mənim kimi yüksək maaşla işləyənlər də, biznesmen də, məktəb direktoru da, vəzifəlilərin uşaqları da döyüşürdü. Heç kim bildirmirdi statusunu, yəni, ayrıseçkilik yox idi. Aralarında şəhid olanlar da oldu. Amma vətən hamımızındır. Bəzi təşəbbüslər reallaşsa, təqdirəlayiq addım olardı. Ən azından bu, mənəvi haqqımızdır.

Qazi var ki, yaralandığı yeri gedib görmək istəyir. Heç olmasa, dövlət dəstəyi ilə hissə-hissə göndərilsələr, yaxşı olmazdımı? Elə qazilər var ki, məmur özbaşınalığı ucbatından canına qəsd edir. Dəhşətli müharibədən sağ çıxıb haqsızlığa uğrayırlar, incidilirlər. Psixoloqlar da həm bölgələrdə, həm də şəhərlərdə onlara dəstək olmalıdır. Mən özüm müharibədən sonra üç psixoloqdan reabilitasiya almışam. Təbii ki, asan məsələ deyil. Düzdür, cəmiyyət də qazilərə dəstək olmalıdır. Canlarına qəsd etməməsi üçün şərait yaradılmamalıdır. Videoya çəkib paylaşmaq yox, qazini intihardan yayındırmaq lazımdır.

# 10503
avatar

Nigar Namiq

Oxşar yazılar