Bu gün Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.
Lent.az xəbər verir ki, iclasda Şuranın cari ilin 1-ci rübü ərzində həyata keçirdiyi fəaliyyətlər, əldə olunmuş nəticələr və qarşıda duran vəzifələr müzakirə olunub.
Həmçinin Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 5.1 və 5.2-ci bəndlərinin icrası istiqamətində görülmüş işlər ətraflı nəzərdən keçirilib.
İclas zamanı qeyd olunub ki, hesabat dövründə İctimai Şura öz fəaliyyətini dövlət-vətəndaş əməkdaşlığının inkişaf etdirilməsi, ictimai iştirakçılığın genişləndirilməsi, şəffaflığın təşviqi və korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə işinin gücləndirilməsi istiqamətində qurub.
Bu məqsədlə vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə bir sıra müzakirə xarakterli görüşlər keçirilib, şəffaflığın artırılması, ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və vətəndaş iştirakçılığının genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda müxtəlif fəaliyyət istiqamətləri üzrə korrupsiya risklərinin azaldılması məqsədilə ekspertlər və ictimaiyyət nümayəndələri ilə müzakirələr təşkil olunub.
Bununla yanaşı, korrupsiyaya qarşı mübarizə, etik davranış qaydaları, şəffaflıq və ictimai nəzarət mövzularında silsilə maarifləndirici tədbirlər həyata keçirilib. Qəbul edilmiş tövsiyələrin icra vəziyyəti mütəmadi izlənilib, aparılan monitorinqlərin nəticələri təhlil edilərək müvafiq təkliflər hazırlanıb.
Sonda qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib, aidiyyəti məsələlər üzrə müvafiq tapşırıq və tövsiyələr verilib.