Evdə oturaraq məişət problemlərini həll et - “AĞILLI KƏND”DƏN XÜSUSİ REPORTAJ
22 iyul 2021 19:34 (UTC +04:00)

Evdə oturaraq məişət problemlərini həll et - “AĞILLI KƏND”DƏN XÜSUSİ REPORTAJ

Aprelin 26-da Prezident İlham Əliyev Zəngilana səfəri zamanı 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edəcək “Ağıllı kənd” layihəsinin təməlini qoydu.

APA TV xəbər verir ki, bununla işğaldan azad olunmuş ərazilərdə müasir çağırışlara cavab verən və beynəlxalq standartlara əsaslanan yeni inkişaf modelinin icrasına başlanıldı.

Sizləri doğma Zəngilan torpağından salamlayırıq. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti Ayxan Satıcı ilə birlikdə sizlərə Qarabağda ilk dəfə həyata keçiriləcək “Ağıllı kənd” layihəsinin icrası bağlı görülən işləri təqdim etmək niyyətindəyik.

“Ağıllı kənd” layihəsi dünyanın müxtəlif ölkələrində reallaşdırılır və məqsədi kənd sakinlərinin həyatını yüngülləşdirmək və yaşayış səviyyəsini yüksəltməkdir.

Qarabağda ilk dəfə həyata keçiriləcək “Ağıllı kənd” layihəsinin icrası 5 komponent üzrə aparılacaq. Bunlar - yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə edilməklə 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq.

İİTKM-nin eksperti Ayxan Satıcı deyir ki, işğaldan azad olunmuş rayonlarımız, eləcə də, Zəngilan rayonu bütövlükdə ölkəmizin iqtisadiyyatına və sosial rifahına bir nömrəli dayaq olacaq: ““Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası dünyanın bir çox ölkələrində tətbiq edilməkdədir. Prezident İlham Əliyevin də öz çıxışlarında vurğuladığı kimi “Ağıllı şəhər” və “Ağıllı kənd” layihəsi Azərbaycanda, ümumilikdə desək dünyada baş verən texnoloji imkanlara, qlobal innovasiyalar yönümlü layihələrin tətbiqi üçün drayver olaraq çıxış edəcəkdir”.

Ekspertin sözlərinə görə, bütün dünyada ağıllı kənd layihəsinin müəyyən məqsədləri var. Bunlardan biri insanların kəndlərdən şəhər yerlərinə axınının qarşısını almaqdır. Yəni kənd yerlərində insanlara elə şərait yaradılsın ki, onların şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə çıxışı olsun.

”Ağıllı kənd” layihəsinin ikinci məqsədi insanlara kənddə pul qazanmaq imkanının yaradılmasıdır.

Üçüncü məsələ isə odur ki, hər bir ölkə vətəndaşının olduğu kimi, kənd sakinlərinin də dövlət xidmətlərinə çıxışı olmalıdır:

Ekspertin sözlərinə görə, dünya əhalisinin 54 faizi şəhərlərdə yaşamaqdadır. 2050-ci ilə qədər, bu sayın dünya əhalisi üzrə 66 faizə çatması gözlənilir: “Dünya əhalisinin artım tempini ölçmək məqsədi ilə deyilən rəqəmdən də aydın olur ki, 2.5 milyard insan şəhərlərə köç edəcəkdir. Bu minvalla onu demək olar ki, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin implemitasiyası qaçılmazdır. Bu gün fəxr hissi ilə deyə bilərik ki, bu layihələrin tətbiqi Qarabağımızda realizə edilməkdədir”.

Ayxan Satıcının sözlərinə görə, kənd yerlərinin aktual problemlərdən biri alternativ enerji mənbələridir. Bura günəş, bioenerji, külək və sair enerji mənbələri aiddir.

Ekspert deyir ki, Almaniyada kəndə qaz verməkdənsə, bioenerjidən və günəş enerjisindən istifadə edirlər. Finlandiyanın Laplandiya əyalətində isə küçələrin işıqlandırılması, ATM-lərin işi və sair cihazlar günəş enerjisindən istifadə edilməklə istifadə olunur: “Konsepsiyanın mahiyyətinə gəlincə bu bir neçə əhəmiyyətli məsələləri özündə ehtiva edir. Burda elektrik enerjisinə qənaətdən tutmuş, alternativ enerji tullantıların idarə olunması məsələsi də xüsusi yer alır. “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin əsasında duran bulud texnologiyalarına dayanan məlumat bazalarının toplanması, həmin məlumat bazalarına əsasən idarəetmə formalarının tətbiqidir. Bu idarəetmə formalarının müxtəlif yönümləri var”.

Yeri gəlmişkən, Prezidentin tapşırığına əsasən ən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, Qarabağda bərpa olunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək yaşıl zona, yaxud “Yaşıl məkan” konsepsiyasının hazırlanmasına da başlanılıb. Bu istiqamətdə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi ilə müzakirələrin aparılması diqqət mərkəzində saxlanılıb:

 

Ayxan Satıcı deyir ki, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrində yaşıl zonanın yaradılması o deməkdir ki, burda olacaq enerji daha səmərəli üsulla paylanacaq: “Toplanan enerjilər heç bir kəsinti olmadan sensorlar, sensor formalı işıqforlaramı deyək və başqa enerjilərin toplanılaraq işlənməsinə şərait yaradacaq. “Ağıllı kənd” layihəsində tətbiq olunan nəzəri biliklərdən biri də odur ki, bu həm də “Azalma həlqəsi”nin qarşısını almaqdır”.

Ekspertin sözlərinə görə, bu layihələr, ilk növbədə, dünyada baş verən qlobal çağırışlara adekvat cavab verməklə yanaşı, həm də Qarabağ regionunun texnoloji investisiyalar üçün maraq mərkəzinə çevrilməsinə, eləcə də, digər regionlarımızda “Ağıllı şəhər” və “Ağıllı kənd” texnologiyalarının tətbiqi üçün təcrübə rolunu oynamasına şərait yaradacaq.

Ekspert deyir ki, “Ağıllı kənd” konsepsiyası regionda turizmin inkişafına da dəstək verəcək: ““Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri gələcəkdə bölgənin dünyada daha da tanıdılmasında əhəmiyyətli rol oynayacaq. Layihə texnoloji əsaslara dayandığı üçün texnoinvestorların cəlb olunmasına startapların başladılmasına, ən əsası burda yaradılacaq aqroparkların inteqrasiya olunmasına gətirib çıxaracaq. Bu isə özlüyündə Qarabağ iqtisadiyyatının, yəni bölgə iqtisadiyyatına, ölkə iqtisadiyyatına öz müsbət töhvəsini verəcəkdir”.

Mütəxəssisin sözlərinə görə, “Ağıllı kənd”in əsas xüsusiyyətlərindən biri də odur ki, insan evindən çıxmadan uzaq məsafədən idarə edə biləcəyi geniş texniki imkanlara malik olur. Belə ki, kənd sakini vahid mərkəzdən informasiya sistemlərini idarə etmək, məlumat əldə etmək, iş və digər əməliyyatlar aparmaq, kommunikativ xidmətlər (onlayn danışıqlar aparmaq bacarığı) həyata keçirmək imkanı qazanır. Beləliklə, “Ağıllı kənd” sakinləri layihənin formalaşdırdığı avtomatlaşdırılmış mərkəzi sistem sayəsində ciddi vəsait və vaxt sərf etmədən cari məişət problemlərini həll edə bilərlər.

Ən əsası, bu layihələrin həyata keçirilməsi nəticəsində Qarabağ regionunun həm də texnoloji innovasiya-startap mərkəzi kimi cəlbediciliyi də artacaq.

# 3963
avatar

Oxşar yazılar