Erməni terrorunun qurbanı Qurbanovlar -  Bir ailənin 5 üzvü şəhiddir..  - VİDEO
27 sentyabr 2021 18:59 (UTC +04:00)

Erməni terrorunun qurbanı Qurbanovlar - Bir ailənin 5 üzvü şəhiddir.. - VİDEO

Ötən il sentyabrın 27-də saat 6 radələrində Ermənistan silahlı qüvvələri cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutmağa başladı. Ali Baş Komandan İlham Əliyev qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərar verdi. Məhz bundan sonra Ermənilər azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini intensiv atəş altında saxladı. Ali baş komandanın tapşırığı ilə bütün hüquq mühafizə orqanları, səhiyyə, FHN, rayon icra hakimiyyətləri gücləndirilmiş iş rejiminə keçdi. İlk olaraq ən çox atəşə məruz qalan Ağdam, Tərtər rayonlarının dinc əhalisi təhlükəsiz əraziyə çıxarıldı. Amma atəşə məruz qalan ərazilərdə evlər və təsərrüfatlar yararsız hala düşdü, dinc sakinlər yaralandı. Günün ikinci yarısında isə ən acı xəbər Naftalandan gəldi. Rayonun Qaşaltı kəndinə düşən mərmi bir ailənin 5 üzvünün ölməyinə səbəb oldu.

Bu gün APA TV həmin ailənin üzvlərinin yanında olub.

“Atam, anam, qardaşımın yoldaşı, qardaşım oğlu bir də qızım 5 nəfər dünyasını dəyişdi, şəhid oldular. Mehriban, həmişə hamımızı şənləndirirdi. Nəyinki o, onlar gedəndən özümüzə yer tapa bilmirik. Artıq 1 ildir ki, biz özümüzə yer tapa bilmirik.”

Bəli, terrorçu Ermənistan dövləti sentyabrın 27-si günün ikinci yarısında Naftalanın Qaşaltı kəndində Qurbanovlar ailəsinin həmin vaxt evdə olan 5 üzvünün bir anda ölümünə səbəb olub. Elşən Qurbanov atasını, anasını, qardaşının həyat yoldaşı və onun oğlunu itirdiyi gün, 14 yaşlı qızını da itirib.

Həmin gün ailə başçısı -1951-ci il təvəllüdlü Elbrus Qurbanov, həyat yoldaşı - 1956-cı il təvəllüdlü Şəfayət Qurbanova, evin gəlini -1981-ci il təvəllüdlü Afaq Əmirova, uşaqlar 2006-cı il təvəllüdlü Fidan Qurbanova, və 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov erməni terrorunun qurbanı olub.

Elbrus Qurbanovun digər övladları evə gələndə artıq çox gec idi. Onların düşmənin hədəfinə çevrilən evi xarabalığa dönmüşdü. Evdə olan hər kəs tikə-tikə olmuşdu: “Babasıgil həmişə gedib gəldiyi yer idi. Qonşuyuq. Təzəcə gedibmiş. Sinaryadın biri qonşunun həyətinə düşüb. Bunlar da hamısı çıxıb ki, görək hara düşdü. Elə bunlar qapının ağzında olanda öz qabaqlarına düşmüşdü.”

Bəxtiyar Qurbanov deyir ki, yaşıdlarımla məktəblərdə bayatılar oxumuşam: “Əzizim balam hanı, asta çalın balam hanı. Hamının balası gəldi, bəs mənim balam hanı?” Mənim balalarım getdi, körpələrim getdi. Nəslim köküm getdi, hamısı. O şərəfsizlər hamısını qırdı. Kişilər ağlıyar körpələrdən ötrü. Kişi, kişi kimi dalaşar. Kişi kimi döyüşər, qabaq-qabağa döyüşər. Ya silahla, ya silahsız qabaq-qabağa döyüşər. Amma yanında duran uşağa qışqırmaz. Onu eləməz kişi. “

Həmin hadisədən sonra yararsız hala düşən ev dövlət qurumları tərəfindən tamamilə sökülüb və hazırda yerində yeni ev inşa edilir. Ailə isə torpaqlarımızın alınmasını ən böyük təsəlli kimi qəbul edir: “Möhtərəm prezidentimiz çıxış edəndə ki, Şuşa alındı, Kəlbəcər alındı oturub televizorun qarşısında sevinc göz yaşları tökürdük. Qanları yerdə qalmadı şəhidlərimizin. Çox sevinirdik.”

44 günlük Vətən müharibəsinin ilk günlərindən Ermənilərin Azərbaycanın sərhədə yaxın yaşayış məntəqələrini intensiv atəşə tutması zamanı top və raket mərmiləri dinc sakinlərin yaralanmasına, yaşayış evlərinin yararsız hala düşməsinə, mal - qaranın tələf olmasına səbəb olub. Bir çox dinc sakin erməni terrorunun qurbanına çevrilib.

Erməni terrorunun qurbanı Qurbanovlar

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3831
avatar

Oxşar yazılar