Şəhid Şamil Əliyev anası ilə
23 dekabr 2020 17:24 (UTC +04:00)

Şəhid Şamil Əliyev anası ilə

“Elə bilirəm döyüşdədir, gələcək...”- Şəhid Şamilin anası Lent.az-a danışdı

“Səhər zəng etdi mənə dedi ki, “mənim üçün dua et”. Dedim ki, “bütün dualarım səninlədir, bala”...”

Şəhid anası Sədaqət xanım deyir bu sözləri. Şəhid Şamil Əliyevin gözü yollarda qalan anası... 

24 yaşlı Şamil Əliyev Füzulinin Böyük Dəhnə kəndində anadan olub. Evin ikinci uşağı olan Şamildən böyük bir qardaşı və özündən kiçik bacısı var. Məktəbdə dərslərində əlaçı olsa da, ali təhsil ala bilməyib. Musiqiyə, xüsusilə, qarmona böyük marağı olub. Bir müddət musiqiyə də gedib. Şamil elə uşaqlıqdan işləyib pul toplayıb. Sonra topladığı pulla özünə qarmon alıb. Məktəbi bitirən kimi əsgərliyə yollanıb. Qarmonu da ailəsinə bir ömürlük xatirə qalıb:

“Əsgərliyini Tovuzun Əlibəyli kəndində çəkdi. Oralar elə düşmən atəşi altında idi. Uşaq əsgərlikdən gəldi dedi ki, mən müddətdən artıq əsgərlikdə qalmaq istəyirəm. Biz də qarşı çıxmadıq. Elə qardaşı da müddətdən artıq xidmət edir. Hazırda yaralı olduğu üçün o da müalicə alır”.

Beləliklə, Şamil kəşfiyyatçı kimi xidmət edir. 3 ildən sonra isə baş kəşfiyyatçı təyin olunur. İki il də baş kəşfiyyatçı kimi xidmət etməyə başlayır. Müharibə başlayandan 20 gün sonra, Füzulinin Musabəyli kəndində şəhid olur.

“Oktyabrın 16-sı səhər saatlarında zəng etdi mənə dedi ki, “mənim üçün dua et”. Mən də dedim ki, “bütün dualarım səninlədir, bala. Allaha əmanət ol, özünü qoru...Hardan bilərdim ki, bir neçə saat sonra şəhid olacaq balam...”

Anası ilə danışıb döyüşə gedir, saat 6 da isə şəhid olur, Şamil. Sədaqət xanımın təkcə oğlu yox, həyat yoldaşı, qardaşı, atası və ən yaxın dostu şəhid olur həmin gün. 

46 yaşlı Sədaqət xanım həyatının ən yaxşı günlərində, ömrünün baharında həyat yoldaşını itirib. Üç övladını min əziyyətlə böyüdüb. “Uşaqlarım artıq böyüyüb. Həyat üzümə gülər, bundan sonra əziyyət çəkmərəm” dediyi vaxtda həyat üzünə gülmür. Ona ikinci zərbəni vurur. Övlad acısı ilə baş-başa buraxır:

“Baxma ki, evin ikinci uşağı olub. Sanki evin böyüyü idi. Həyat yoldaşım rəhmətə gedəndən sonra o mənə təklik hiss etdirməyib. İnan bala, qızıma demədiyim sözümü, sirrimi ona danışırdım. O da mənə təsəlli verər, “hər şey yaxşı olacaq” deyirdi. Evin bütün kartlarının kodunu o bilirdi. Ondan sonra tamam başımızı itirdik. Bilmədik heç nə nədir. Can balam... Saçımın rənginə qədər o alıb gətirirdi. Heç bilmirəm saçıma nə rəng qoyurdum. Özümüzün evi yoxdur. Baldızımın evində qalırıq. Mənə axırıncı dəfə gedəndə dedi ki, qayıdıb gəlib ev tikəcək”.

Şamil təkcə anasına dayaq yox, bacısına da atalıq edib:

“Bütün cehizini o aldı. Ən xırda şeylərə qədər aldı ki, “bacım boynu bükük durmasın”. Atasız köçdüyünü hiss etdirmədi bacısına”. 

Şamil kənddə sevilib-seçilən cavanlardan olub. Bütün camaatın xeyir-şər məclisində yaxından iştirak edib. Anası deyir ki, oturub-durduğu adamlar da kəndin ağsaqqalları idi:

“Hamı ona “Canavar Şamil” deyirdi. Getdiyi bütün məclislərə öz ab-havasını aparırdı. Hamı onu o qədər çox istəyib ki, indi bütün kənd ona yas tutur. Heç kimin gözünün yaşı qurumur. Elə ki, kənddə hansısa məclisdən evə gələrdi tez üzərlik yandırardım onun üçün. Ala gözləri, boyu-buxunu diqqət çəkən idi. Sevdiyi qız da var idi. Hə, mənimlə tanış etmək istəyibmiş. Bibisinə deyib ki, anama sürpriz edəcəm. Edə bilmədi...”

Şamil axırıncı dəfə evlərinə gəlməzdən əvvəl 4 qəlpə yarası da alır. Kürəyindən yara alır və bunu bilənləri tənbehləyir ki, “anama deməyin”. Xəstəxanada qalıb müalicə belə almır. Evlərinə gəlir, anası ilə halallaşıb geriyə, döyüş yoldaşlarının yanına qayıdır.

“Mənə ana demirdi. Qapıdan girən kimi qışqırırdı “Sədaqət, ay Sədaqət”. Mən də çıxıb qarşılayırdım. Axırıncı dəfə də elə oldu. Gəldi, məni bərk qucaqladı. “Qayıdıb gəlib sənin üçün ev tikəcəm” deyib getdi. Gəlmədi... İndi gözüm elə hey o qapıdadır. Hər qapı açılanda boylanıram ki, bəlkə gələn Şamildir. Hər adım çağırılanda diqqətlə qulaq asıram ki, bəlkə səsləyən Şamildir. Elə bilirəm döyüşdədir, gələcək...”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 21000
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar