Araz Zeynalov
04 avqust 2022 20:15 (UTC +04:00)

Araz Zeynalov

Eh, yoldaş Zeynalov - Səbuhi Məmmədli yazır...

- Nə var, nə yox oralarda?

- Həmişəki kimi işləyirik?

Düz bir il idi ki, lənətə gəlmiş xəstəliyə tutulandan onunla söhbətə belə başlayırdıq. Ardınca da Əhmədi soruşurdum ondan. Əhməd fizioterapevti idi, onu müalicə edirdi. Söz vermişdi ki, o, ayağa duracaq, yeriyəcək.

- Əhməd nə deyir?

- Heç nə. Deyir, bir aya da sağala bilərsən, bir ilə də, görək də.

Bir də Fəridi soruşardı tez-tez. “Yaxşıdı” deyirdim, başını aşağı salıb işləyir.

Ardınca da deyərdi:

- İdiot.

İdiotu o qədər şirin deyərdik ki, heç kim inciməzdi.

Çox pozitiv idi. Enerjili, incə yumorlu və hazırcavab. İllərdi tanıyırdım, dəyişən bircə yaşıydı. Heç o yaşı da vermək olmazdı.

Bir dəfə demişdim, mən mətbuatda iki nəfərə müəllim demişəm. Bir, sözün həqiqi mənasında müəllimim Mehman Cavadoğluna, bir də ona. Və mübaliğəsiz deyə bilərəm ki, hər ikisi Azərbaycan mətbuatına onlarla jurnalist bəxş edib. Belələrinə isə USTAD deyirlər.

Hə, USTAD idi. İki dəfə yoxdan bir media qurumu yaratmışdı. 

“Mən özümü jurnalistikadan ayrı təsəvvür eləmirəm. Hərdən dostlarım da zarafatla mənə deyir ki, sən adamlara da mövzu kimi baxırsan. Bundan sonra jurnalistikadan getsəm də, jurnalistika hər zaman mənimlə olacaq”. 

Belə demişdi müsahibələrin birində. Təpədən dırnağacan  jurnalist idi, adam. Onunla işləmək çox rahat idi. Bir dəfə elə beləcə də demişdi: “Mən indiyəcən hələ heç kimi işdən çıxarmamışam”. 

Kiməsə pislik etmək, ziyan vurmaq, onun xislətində yox idi. O, ancaq yaxşılıq üçün yaranmışdı. Bunu mübaliğəsiz deyirəm.

Adamın peşə intuisiyasına sadəcə həsəd aparmaq olardı. Təsəvvür edin, bir dəfə mənə dedi: “İş üçün yanıma gələnlərin gözlərinin içinə baxanda bilirəm ki, ondan jurnalist alınar, alınmaz. Gözünün içində azca da olsa işıq varsa, ona “hə” deyirəm”. 

Hə, tanıyanlar bilir. Etiraf edim ki, gözdə işıq görüb kəşf etməyi də ondan əxz eləmişəm. Və yanılmamışam heç vaxt. 
Bir il idi ki, duaçıydıq Allaha onun üçün. 

Sağalacağına ümidliydi, ümidliydik. 
Sağalacağına inanırdı, inanırdıq. 

Bir dəfə onunla söhbət zamanı dediyi bu sözü unutmayacam heç vaxt. 

“Bilirsən, Səbuhi necədi? Bircə dəfə durum öz ayağımla işə gəlim, oturum yerimdə, uşaqlara da deyim ki, vsyo alə, işləyirik”.

Onu deyirdim axı. Tez-tez danışırdıq. Son vaxtlar səsində bir az avazılıq vardı. Nurşən də hiss etmişdi bunu.

- O gün danışdıq, səsi nəsə xoşuma gəlmədi.

 

Elə mənim də xoşuma gəlmirdi düzü. Gücümüz ancaq və ancaq təskinlik verməyə çatırdı. Bir də buna: “Yaxşı olacaq, səbirli ol, müəllim”.

Elə sonuncu dəfə də belə dedim. Son yazdığı da bu idi mənə:

- Heç nə yaxşı olmayacaq, bir ildi heç nə dəyişmir, heç nə.

İlk dəfəydi onu belə pessimist görürdüm. Ümidsiz görürdüm. Amma mən ümidliydim. Hamımız ümidliydik.

Tələbəsi, dostu, sirdaşı Mətin Yaşaroğlununun dilindən düşməyən, bir sözü vardı. Hal-əhval tutanda belə deyirdi ona:  

“Eh, yoldaş Zeynalov, gecəmiz yox, gündüzümüz yox”. 

 

Hə, Mətin, gün batdı, gecə düşdü. Və bir xəbər gəldi dünən gecə: Zeynalovun yoxdu. Araz Zeynalov daha yoxdu. 
İndi oradadır. Elə bir yerdə ki hamımızın son ünvanında. İdiotu da ora gedəcək, qeyrisi də. Hamımız ora gələcəyik, yanına. Bir il tez, bir il gec. Cümə günləri görüşərik yenə. Orada da bir Səyavuş tapılar, bir Göygöl tapılar yəqin.

Orada hamımıza yer tapılar...

# 7728
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar