Bilgəhdəyik. Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində. “Evsiz qonşular”ın evində...
Bu dəfə əzbərləri pozmağı qərara aldıq. “Qocalar evi”ndən indiyə kimi, çoxlu sayda reportajlar, müsahibələr oxumusunuz yəqin. Amma bu dəfə fərqli bir işlə qarşınızdayıq.
Lent.az bu dəfəki ora səfərində “evsiz qonşu”larla qeybətləşib, mahnı oxuyub, sevgi hekayələrini dinləyib.
Redaksiyadan “Qocalar evi”nə yolumuz bir az uzundur. Yol boyu onlarla necə danışacağımızı düşünərək xəyala dalmışıq.
Budur, çatdıq. Dəmir darvazadan içəri daxil olub, əsas müəssisəyə yaxınlaşırıq. Həyətdə ağac sulayan, nərdtaxta oynayan ahıl dayılarımız var.
Maşın irəlilədikcə hamısı bir ümid “bəlkə, gələn bizimkidir” deyə düşünürlər.
Uzun, qaranlıq bir dəhliz... Sanki bu dəhlizdən irəli baxdıqca insanı həyatın bütün çətinlikləri sorğulayır. Hə, bir də bu dünyada bütün çətinlikləri görmüsənsə, daha çətindir. Təəssüf ki, həyat hər kəs üçün adil olmur...
Müəssisənin rəhbəri Samirə Mehdiyeva bizi qapıda qarşılayır. İlkin məlumatları öyrənmək üçün Samirə xanımın otağına gedirik.
Onun sözlərinə görə, hazırda müəssisədə 205 nəfər ahıl şəxs var:
“Onlardan 108-i kişi, 97 nəfər isə qadındır. Bu rəqəm hər gün yenilənir. Müraciət edənlər çox olur. Onların yaşayış şəraiti araşdırılır. Hər bir sənəd qaydasında olduqda biz həmin şəxsləri müəssisəmizə qəbul edirik. Gündə 3 dəfə hazır yeməklər gəlir. Ketrinq şirkətləri ilə əməkdaşlıq edirik. Burada qalan ahıllarımızın hər biri ailə münasibəti görür. Bəlkə də ailələrindən daha yaxşı biz baxırıq. Hər həftə Futbol Federasiyasından məşqçi gəlir, onlarla futbol oynayır. Düzdü, gəzinti futbolu adlandırmışıq, amma yenə də idmandır. Onları gümrah hiss etdirir. Yayda dənizə, rayonlara istirahətə gedirlər”.
O qeyd edir ki, qocalarla işləmək səbir tələb edir:
“Çox çətindir. Hər biri ayrı-ayrı xasiyyətdədir. Onlara burda sadəcə qayğı lazımdır. Onları anlamalı, başa düşməliyik. Ailədə övlad ara-sıra cavab qaytarır valideyninə amma burda elə şey ola bilməz. Ən ahılı 97 yaşı, ən gəncinin isə 60 yaşı var”.
Bu anda qapı döyülür. Müəssisənin müğənnisi kimi tanınan Əli Cəfərov “Özümü pis hiss edirəm” deyərək içəri girir. Sanki qocalıb balacalaşan bir uşaq kimi...
- Özümü pis hiss edirəm.
- Nə olub Əli dayı? Təzyiqin var?
- Bilmirəm, ancaq özümü pis hiss edirəm.
- Narahat olma. Təzyiqin yoxdu. Bir azdan bizə bir mahnı oxuyarsan, kefin düzələr.
Əli dayı “mahnı oxuyarsan” sözünü eşidəndə gözlərində sanki ulduz parladı. Amma bunu büruzə vermək istəmədi:
- İndi mən sizə xəstə-xəstə mahnı oxumalıyam. Oxumuram. (gülür)
Desə də, gözlərindəki o mahnı oxumağın həyəcanını hiss edirik. Elə bu andaca Əli dayı “bir azdanı” gözləmədən oxumağa başlayır.
Yurdum, yuvam, məskənimsən, Azərbaycanım...
Bir az keçdikdən sonra otağa bir yaşlı dayı daxil olur. Bizi salamlayıb oturur. Üzündəki təbəssümdən hiss olunur ki, dayı özünü təqdim etmək istəyir:
- Adınız nədir? Neçə yaşınız var?
- İbrahim Abdullayev. Neçə yaş verərsən mənə?
- 50.
- 87 yaşım var e mənim. Mən qoca qurdam (gülür). Yoldaşım öldü, tək yaşaya bilmədim. Gəldim bura.
- Ən yaxın dostunuz kimdir burda?
- Əli. Məhəllədə də bir yerdə olmuşuq. Burda da bir yerdəyik.
İbrahim Abdullayevdən cavanlığını soruşduq...
- Ay qızım, mənim cavanlığım... Eh, eh... Dünyanın o ölkəsi qalmayıb ki, olmayım. Bolqarıstana getmirdim e. Ora mənim üçün Biləcəri kimi idi. Mən özümü tərifləmirəm. Amma İçəri Şəhərdə qalırdıq. Ali savadlı, cibi pulla dolu cavan oğlan olmuşam. İndi özünüz fikirləşin. (Gülməkdən uğunub gedir)
Müəssisənin digər nümayəndəsi İsa Bağırov:
- Ən yaxın dostum aşağıdadır. İndi bu birilərindən nə isə desəm, inciyəcəklər.
İbrahim Abdullayevin yaxın dostu Arif Babayev:
- Küsüb məndən. Necə deyirlər, ətini də yesəm, onun sümüyünü tullamaram. Hamı onu yox, məni çox istəyir. Baxın, bir nömrəli kişi gəlir (gülür).
Müəssisənin digər nümayəndəsi Elmira Məhərrəmova:
- Kimsə mənim otağımda “pletqa”nı qoşub. Kim idisə düşmənçilik edir. Bir tikə çörək yeyə bilmədim...
Hələ daha nələr-nələr qeybətlər var burda. Kimisi saçını yolur, kimisi gecə divarını döyür, kimisi isə küsülü olduğu dostunun evindən çörək oğurlayır. Bu barədə sonrakı yazımızda oxuyarsınız. Bizimlə qalın...
“Evsiz qonşu”ların evlərini gəzdikcə bir şeyi anlayır insan. Uzaqdan bir yeni ayaq səsi eşidəndə, bir kölgəni qaranlığını gördükdə sevinir bu evin sakinləri. Hər qapı açıldıqda "bu dəfə əzizimdir, deyəsən, gələn" deyib bir ümid çırağı yanır ürəklərində. Bir kiçik nəvazişə, doğma nəfəsə möhtac qalanlarla doludur bu məkan...
Bir də həyatın çətin üzündən bura sığınanlar arasında əsl sevgini tapanlar da var. Həbib dayı və Məlakə xanım kimi...
Daha ətraflı növbəti yazımızda. Lent.az-da qalın...