“Vətən Müharibəsindəki qələbədən sonra Azərbaycan prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən bir neçə fərman və sərəncamlar imzalanıb. Bu müharibədə iştirak etmiş şəxslər orden və medallarla təltif olunublar. Bu proses davam etdiriləcək”.
Bu sözləri Lent.az-a açıqlamasında Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli deyib.
O, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılmasına da toxunub: “Bu fondun yaradılması çox məqsədəuyğundur. Asan Xidmət indiyə qədərki fəaliyyəti ilə özünü sübut edib, əhali içərisində bu quruma böyük inam və etibar var. Fondun fəaliyyətini dünyanın istənilən yerində yaşayan azərbaycanlı izləyə biləcək. Eyni zamanda, şəhid ailələri və əlillər, 20 Yanvar şəhidləri və əlilləri, Çernobıl və Əfqanıstan hadisələrinin iştirakçıların təqaüdlərinin artırılması ilə əlaqədar sərəncamlar oldu. Bu kateqoriyadan olan insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində cənab Prezident mühüm addımlar atır. Eyni zamanda, yerli icra orqanlarında Vətən müharibəsi iştirakçıları ilə bağlı iş şöbələrinin yaradılması da çox mühümdür. Bu şöbələrdə, ümidvarıq ki, şəhid ailələri və qazilərimiz işləyəcəklər. Bu, çox təqdirəlayiq bir haldır”.
Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş torpaqlardan kənarda məcburi köçkünlər üçün tikilən evlərin şəhid ailələrinə veriləcəyini bildirib. E.Həsənli deyir ki, Prezidentin bu açıqlaması çox sevindirici hal oldu. “Qısa zamanda şəhid ailələri və qazilərin mənzil problemi bütünlüklə həll olunacaq. Qarabağ qazilərinə avtomobillərin, mənzillərin verilməsi və şəhid ailələri üçün atılan addımlar çox diqqət çəkir. Azərbaycan dövləti qanunvericilikdə fərq qoymur. İstər I Qarabağ, istər II Qarabağ savaşı olsun, eləcə də 20 Yanvar və digər müharibələrin iştirakçıları olsun, qanunvericiliklə eyni yanaşma sərgilənir. Eyni sözləri Çernobıl faciəsinin aradan qaldırılmasında iştirak edənləri və Əfqanıstan müharibəsinin iştirakçıları barədə də deyə bilərik”.
E.Həsənli medianı bu məsələlərdə diqqətli olmağa çağırıb: “Bu kateqoriyadan olan insanları bölmək olmaz. Bütün fərman və sərəncamlar hamıya eyni cür şamil olunur. Bundan sonra da belə olacaq. İndiyə qədər Azərbaycan dövlətinin siyasəti bu cür olub. Hər bir şəxs fikirlər səsləndirərkən həssas olmalıdır. Qazimizin hər biri bizim üçün əzizdir. Bunları müharibələrə və dövrlərə bölmək lazım deyil. Himnimizdə deyildiyi kimidir. Bu insanların hər biri Azərbaycan üçün qan tökmüş, can vermiş insanlardır. Ölkədə ən böyük status şəhid, sonra isə qazi statusudur. Son günlərdə medal alma ilə bağlı problemlər səsləndirilir. Qazilərimizin müalicəsi ilə bağlı də müəyyən problemlərin olması barədə fikirlərə rast gəlirik. Cəmiyyətimiz bu məsələlərdə çox həssas yanaşır. Dövlətimiz suverenlik, ərazi bütövlüyümüz uğrunda qan tökən, can verən hər bir şəxsə həssaslıqla, diqqətlə yanaşır. Bundan partiya, şəxsi məqsədlər üçün istifadə edilməsi yolverilməzdir. Ordu hamımızındır. Kimsə medal almayıbsa, haqqı tapdalanıbsa, araşdırılacaq, qərar qəbul ediləcək. Bunun nəticəsində bütün insanlar öz haqlarını alacaqlar”.
Müsahibimiz sözügedən istiqamətlərdə Heydər Əliyev Fondunun gördüyü işlərə də münasibət bildirib: “Heydər Əliyev Fondu istər müharibədən öncə, istər müharibə günlərində, istərsə də müharibədən sonra şəhid ailələri və qazilər üçün böyük işlər görüb. Fondun əməkdaşları bütün şəhid ailələrini, qaziləri ziyarət edərək, onların problemlərini həllinə böyük dəstək olub. Bu proses bu gün də davam edir. Fond müharibə dövründə ordumuza ciddi miqyasda dəstək verib. Bu qələbədə Heydər Əliyev Fondunun çox böyük rolu var. Fond əməkdaşları və Regional İnkişaf İctimai Birliyinin üzvləri, könüllüləri döyüş bölgəsinə hər gün davamlı olaraq hərbiçilərimizə maddi, texniki və mənəvi dəstək göstəriblər. Qazilərimizin müalicəsi üçün çox böyük işlər görüblər. Müharibədən əziyyət çəkən insanlara hər tərəfli diqqət və qayğı göstərilib”.
E.Həsənli deyib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bir neçə ildir ki, bayramlarda bütün rayon və şəhərlərimizdə şəhid ailələrin və qazilərimizi ziyarət edir: “Bu, artıq bir ənənə halın alıb. Xidmətin əməkdaşları şəhid ailələrinə, qazilərimizə maddi və mənəvi dəstək olurlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində şəhid ailələri, qazilər və onların ailə üzvləri işlə təmin edilib. Xidmət hərbi yönümlü QHT-lərlə sıx əməkdaşlıq edir. Bir çox tədbirləri onlarla bərabər həyata keçirir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları da şəhid ailələri və qazilərimizi ziyarət edirlər. Onları özünüməşğulluq proqramına cəlb edirlər. Son iki ildə nazirlik bu istiqamətdə xeyli işlər görüb. Şəhid övladları, qazilərimiz DOST mərkəzlərində işlə təmin olunular. Prezident yanında Qeyri hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Gənclər Fondu layihələrində şəhidlər, qazilər və ümumiyyətlə, vətənpərvərliklə bağlı mövzulara çox böyük üstünlüklər verilər. Hər birimiz şəhid ailələrinə, qazilərimizə diqqət göstərməliyik, əlimizdən nə gəlirsə, etməliyik”.