“Bax, o evdir” - SİRLƏR AÇILIR  - ARAŞDIRMA
02 iyun 2021 15:30 (UTC +04:00)

“Bax, o evdir” - SİRLƏR AÇILIR - ARAŞDIRMA

Düzü, bu mövzuya son qoyduğumuzu düşünürdük. Amma...Amma redaksiyamıza gələn qəfil bir zəng...

“Salam. Yazınızı oxudum. İcazənizlə bəzi məlumatları vermək istərdim. Mən də əslən həmin kənddənəm. Hazırda orada yaşamasam da, tez-tez gedib-gəlirəm”.

Danışan Aqil Zeynallı idi. Elə özünün də dediyi kimi Şəmkirin Yuxarı Seyfəli kəndi onun ata-baba yurdudur. Kənd haqqında məlumatlıdır. Elə bu mövzu haqda da. Aqil bəy deyir ki, Əhməd Cavadın evi dağıdılmayıb.

“Hə, hə düz eşitdiniz. Dağıdılmayıb. Qəzalı vəziyyətdə qalmaqdadır. Amma dəqiq yerini deyə bilməyəcəm. Bunu daha dəqiq həmin əraziyə cavabdeh olan icra nümayəndəsindən soruşun. Təkcə onu bilirəm ki, ev 1937-ci ildə kənd camaatı tərəfindən dağıdılmayıb”.

Bu zəngdən, bu məlumatlardan sonra mövzunun araşdırmasına davam etmək qərarına gəldik. Maraqlıdır ev həqiqətən qalıb?

İddialara görə, Əhməd Cavadın evinin qalıqları

Aqil bəyin köməkliyi ilə kəndin icra nümayəndəsi Fazil Həsənova zəng edirik. 61 yaşı var Fazil bəyin. O da bu kənddə doğulub böyüyüb.

“Hə, qızım düz məlumatdır. Yazınızı mən də oxudum. Oradakı şəkillərə də baxdım. Bir əmma var. Belə ki, şəkildə gördüyünüz ev Qənbər Vəliyevə aiddir. Amma elə onun yanında, hansı ki, sizin yazıdakı şəkillərin içində də yer alan tamamilə dağılan ev var ha, hə, bax o Əhməd Cavadın evidir. Aralarında 2-3 metr məsafə var. Yəni nə Qənbər Vəliyev, nə də kənd camaatı o evə əl vurmayıb”.

Fazil bəydən aldığımız məlumata görə, kənddə Əhməd Cavadın qohumları və vaxtı ilə onlarla qonşu olan şəxslər də var.

*

“Əhməd Cavad mənim babamla yaşıd olub. Tez-tez evimizə gəlib. Bizimlə onların evləri arasında haradasa 50-60 metr məsafə var idi. Düzdü, onda mənim cəmi bir yaşım olub. Amma evimizdə həmişə ondan danışılıb”.

İddialara görə, Əhməd Cavadın evinin qalıqları
 

Sabir müəllim danışır bunları. Əhməd Cavadın qonşusu hesab olunur. 85 yaşı var Sabir müəllimin. Kənddə belə söhbət də gəzir ki, ”Sabir müəllim Əhməd Cavadın üzünü görüb”. Amma elə özünün də dediyi kimi həmin illərdə uşaq olub.

“Əhməd Cavad o evdə dünyaya gəlib. Haradasa 8 yaşına qədər o evdə yaşayıb. Sonra ailəsi ilə Gəncəyə köçür. Mollaxanada və Gəncə Ruhani Seminariyasında təhsil alır. Quran hafizi olur. Sözümün canı odur ki, Əhməd Cavad doğulduğu evə bir də 30-cu illərdə qısa müddətə qayıdır. Sonra bir müddət Şəmkirin Könüllü kəndində müəllimlik edir. Çinarlı kəndində də yaşayıb. Çox qısa müddət bu kəndlərdə qalıb. Uşaqlarının qəbri isə Yuxarı Seyfəlidədir. O evin qalıb-qalmaması? Yox, qızım. Ev hazırda qalmır”.

Bəs, deyilənlər? İddialar? Bəs evin qalması ilə bağlı məlumatlar yalandır?

İddialara görə, Əhməd Cavadın evinin qalıqları
 

“Düzdü, ev kənd camaatı tərəfindən dağıdılmayıb. Amma baxımsızlıqdan uçulub-töküldü. Yavaş-yavaş dağılmağa başladı. Sadəcə, evin bünövrəsi qaldı. Sonra həmin ərazini Qənbərə verdilər. Qənbər də elə həmin bünövrənin üstündə evini tikdi. Bu da oldu 1951-ci ildə. Təxminən 20 il sonra. Qənbər uzun illər yaşadı o evdə. Son illərdə rəhmətə getdi. Övladları, nəvələri gəlib-getmirlər heç kəndə. Xaricdə yaşayırlar, bala”.

Sabir müəllimin verdiyi məlumatlar bizi çox təəccübləndirdi. Onu sözlərindən belə çıxdı ki, ev Əhməd Cavada məxsus deyil.

Bu arada Şəmkirdən olan mərhum araşdırmaçı - müəllim Niyaz Səfərlinin 2002-ci ildə bu rayonda işıq üzü görən “Nur qapısı” jurnalının oktyabr sayında çapdan çıxmış bir məqaləsi əlimizə keçir. Niyaz Səfərlinin həmin məqaləsində qeyd olunur ki, Əhməd Cavad 1929-cu ildən 1930-cu ilə kimi Könüllü kəndində yaşayır. Burada öz maddi imkanları hesabına birotaqlı daş ev tikdirir. Şükriyyə xanım və övladları ilə bu evdə yaşayırlar. Sonradan bu ev də “yoxa çıxır”.

Onu da deyək ki, Əhməd Cavadın nəvəsi Anar Axundzadə mətbuata açıqlamasında bildirib ki, sözügedən evin babasına məxsus olması barədə xəbərlər yanlışdır.

“Əhməd Cavad 5 yaşında olandan o evdən çıxıb. Babamgil gedəndən sonra həmin ev başqa bir ailəyə verilib. Evin Cavada heç bir aidiyyəti yoxdur. Bu məlumatı kim özündən çıxardır, bilmirəm. Məsələni dəqiqləşdirməmiş yanlış informasiya yayırlar. Ona görə də bu xəbərlərə əhəmiyyət vermək lazım deyil. Yenə deyirəm, babam 5 yaşında oradan çıxıb, həmin ev heç özlərinin də olmayıb”.

Əhməd Cavadın nəvəsi Anar Axundzadə

Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Himninin müəllifi, istiqlal şairi Əhməd Cavadın ata yurdunun yararsız vəziyyətdə olması ilə bağlı məsələyə münasibət bildirib. Qurumdan verilən açıqlamaya görə, Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Ə.Cavadın Ev Muzeyi fəaliyyət göstərmir.

“Kütləvi informasiya vasitələrində və sosial mediada yer alan görüntülərdə Əhməd Cavada məxsus olduğu iddia edilən obyekt Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq olunmuş dövlət mühafizəsində olan tarix-memarlıq abidələrinin siyahısında yer almayıb”.

Amma dahi şairin qonşusu Sabir müəllimin bu fikirləri də qeyd etməsək olmazdı. Bəlkə də bu bir təklifdir...

“Əslində evin binəsi dahi şairin dünyaya gəldiyi həmin ocaqdır. Amma sənədlə həmin ərazi Qənbər Vəliyevə aiddir. Çox yaxşı olardı ki, həmin evi yenidən təmir etsinlər. Baxımsız vəziyyətdədir. İki-üç ilə heç divarları da qalmayacaq. Həyətində Əhməd Cavadın büstünü də qoysalar lap əla olar. O ki qaldı torpağın Qənbər Vəliyevin adına olmasına, hə, onu da həll etmək məncə o qədər də çətin olmaz. Başqa bir yerdən onun ailəsinə torpaq verə bilərlər. Bu, sadəcə mənim fikrimdi. Baş tutsa, çox yaxşı olardı”.

İddialara görə, Əhməd Cavadın evinin qalıqları

İddialara görə, Əhməd Cavadın evinin qalıqları

İddialara görə, Əhməd Cavadın evinin qalıqları

Qeyd: Fotolar Babək Qasımlınındır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8184
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar