Başlıbeldə güllələnən 12 azərbaycanlının meyitinin kimə aid olduğu müəyyənləşdi
07 sentyabr 2021 11:22 (UTC +04:00)

Başlıbeldə güllələnən 12 azərbaycanlının meyitinin kimə aid olduğu müəyyənləşdi

 

1993-cü ilin aprelində Kəlbəcər rayonunun Başlıbel kəndində ermənilər tərəfindən güllələnən 12 nəfərin meyitinin müayinəsi aparıldıqdan sonra onlar əvvəlki yerdə ayrı-ayrı qəbirlərdə torpağa tapşırılıb.

APA-nın əldə etdiyi məlumata görə, meyitlər üzərində eyniləşdirmə aparılıb, eyniləşdirmə nəticəsində hansı meyitin kimə aid olduğu müəyyənləşdirilib.

Qeyd edək ki, 29 il əvvəl burada basdırılanların 6-sı qadın, 6-sı kişi, 1-i 12 yaşlı uşaq, 1-i isə 16 yaşlı yeniyetmədir.

Həmin şəxslərin adları əvvəldən məlum olub, lakin kimin harada basdırıldığı bilinmirdi. Eyniləşdirmə müayinəsi nəticəsində hansı meyit qalığının kimə aid olması dəqiqləşib.

Meyit qalıqları Kəlbəcər Rayon İcra Hakimiyyətinə təhvil verilib.

Meyit qalıqları Kəlbəcər Rayon İcra Hakimiyyəti tərəfindən sentyabrın 3-də əvvəlki yerdə ayrı-ayrı qəbirlərdə torpağa tapşırılıb.

Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin 26 aprel 2021-ci ilə tarixdə yaydığı məlumatda bildirilir ki, 3 aprel 1993-cü il tarixdə Ermənistan Silahlı qüvvələri Başlıbel kəndinə silahlı hücum edərək kütləvi surətdə kənd sakinlərinə məxsus evləri qarət edib və tamamilə yandırıblar. Kəndi tərk edə bilməyən 62 nəfər təxminən 3 km aralıda, kəndin ən hündür hissəsində yerləşən “Portda” adlanan dağ relyefli ərazidəki təbii mağaralara sığınıb. 62 nəfərdən 48 nəfər Başlıbel, 1 nəfər Taxtabaşı kənd, 4 nəfər Laçın rayon sakini, 9 nəfər isə kəndi müdafiə edən hərbi qulluqçu olub.

Törətdiyi vəhşiliklə kifayətlənməyən Ermənistan silahlı qüvvələrinin avtomat və iri çaplı silahlarla silahlanmış ünsürləri öz azğınlıqlarını davam etdirərək 18 aprel 1993-cü il tarixdə silahsız mülki şəxslərin öz doğma kəndlərində qayalara sığındığı yerləri axtararaq aşkar edib, həmin gün saat 15-dən 21 radələrinədək köməksiz vəziyyətdə qalmış mülki şəxslərin gizləndiyi mağaraları atəşə tutmağa başlayıb. Nəticədə silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan 12 nəfər (1 nəfər 12 yaşlı uşaq, 1 nəfər 16 yaşlı yeniyetmə, o cümlədən 6 qadın, 6 kişi olmaqla) - 63 yaşlı Səmədov Yaqub İsa oğlu, 54 yaşlı Əhmədova Büsat Əliş qızı, 12 yaşlı Əhmədova Zövqiyyə Binnət qızı, 60 yaşlı Əmralıyev Məhəmməd Abış oğlu, 29 yaşlı Əmralıyev Surxay Məhəmməd oğlu, 21 yaşlı Əmralıyev Çingiz Məhəmməd oğlu, 16 yaşlı Əmralıyeva Aygün Məhəmməd qızı, 67 yaşlı Həsənova Çiçək Mikayıl qızı, 68 yaşlı Cəfərova Gülara Cəfər qızı, 95 yaşlı Cəfərova Gülgəz Qədim qızı, 22 yaşlı Abdullayev Vüqar İsa oğlu və 52 yaşlı Əsgərov Əhliman Əvəz oğlu sığındıqları yerdə qəsdən öldürülüb.

Hücum nəticəsində 14 nəfər (3 nəfər 2, 13 və 15 yaşlı uşaqlar, o cümlədən 10 qadın, 4 kişi) - 93 yaşlı Babayeva Kubra Qədim qızı, 23 yaşlı Əmralıyeva Arzu Binnət qızı, 56 yaşlı Əhmədov Binnət Əbdüləli oğlu, 13 yaşlı Əhmədov Niyyət Binnət oğlu, 15 yaşlı Əhmədova Şərqiyyə Binnət qızı, 56 yaşlı Əmralıyeva Zibeydə Abış qızı, 67 yaşlı Həsənova Leyli Əli qızı, 58 yaşlı Həsənova Mərmər Cavad qızı, 63 yaşlı Həsənova Şamama Hüseyn qızı, 36 yaşlı Həsənova Zeynəb Mahmud qızı, 63 yaşlı Qasımova Tutu Alı qızı, 2 yaşlı Məhəmmədov Hökmdar Surxay oğlu, 73 yaşlı Yusifova Şamama Ağa qızı və 65 yaşlı Mənsimov Hüseyn İbrahim oğlu girov götürülüb. Həmin şəxslər sonradan girovluqdan azad edilsələr də, onlardan 9 nəfəri aldıqları mənəvi və psixoloji sarsıntılardan vəfat ediblər.

İstintaq materialları ilə həmçinin müəyyən edilib ki, cinayətkar qruplaşmanın üzvlərinin əlindən digər mağaralara qaçaraq gizlənən və vəhşilərdən canını qurtarmağa çalışan 36 şəxsdən 7 nəfəri də mühasirə şəraitində aldıqları xəsarətlərdən Kəlbəcər rayonunun müxtəlif kəndlərində dünyasını dəyişib.

Sağ qalmış Başlıbel kənd sakinləri sonrakı tarixlərdə iki qrupa bölünməklə müxtəlif mağaralarda gizlənib, həyatları üçün yaranmış təhlükələrə baxmayaraq, 12 may 1993-cü ildə gecə saatlarında həmyerlilərinin qətlə yetirildiyi mağaraların yanına yaxınlaşıb odlu silahlarla qətlə yetirilmiş 12 nəfərin meyitlərini paltarlı vəziyyətdə iki cərgə (hər cərgədə 6 qəbir olmaqla) qəbirlər qazmaqla dəfn etdikdən sonra hadisə yerindən uzaqlaşıblar.

Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqləri tərəfindən məhkəmənin meyitlərin ekshumasiyası haqqında qərarına əsasən 24 aprel 2021-ci il tarixdə Kəlbəcər rayonunun Başlıbel kəndində müvafiq istintaq hərəkətləri keçirilərək 50 sm dərinlikdə torpağa basdırılmış kəskin çürüməyə məruz qalaraq skletləşmiş 12 nəfərin meyitlərinin qalıqları aşkarlanıb.

Zərərçəkmişlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün meyit qalıqlarından və dəfn edilmiş şəxslərin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən DNT-nin (dezoksiribonuklerin turşusu) təyini məqsədilə nümunələr götürülərək molekulyar-genetik və digər xüsusatların araşdırılması üçün tibbi-kriminalistik ekspertizalar təyin edilib.

# 2667
avatar

Oxşar yazılar