Lent.az TƏBİB-in Doğuşayardım Komissiyasının sədri, Sumqayıt Tibb Mərkəzinin direktor müavini, Perinatal Mərkəzin rəhbəri Təranə Rəcəblinin APA-ya müsahibəsini təqdim edir:
Son illər hamilələr arasında xəstələnmə göstəriciləri çox artıb
- Azərbaycanda ana ölümləri ilə bağlı vəziyyət nə yerdədir?
- Azərbaycanda son illərin statistik göstəricilərə nəzər salsaq görərik ki, ana ölümləri ilə bağlı azalma tendensiyası var. Belə ki, 2023-cü ildə 33, 2024-cü ildə isə 29 ana ölümü qeydə alınıb. Lakin dövlətimizin sosial-iqtisadi inkişaf strategiyasında qarşıya qoyulan hədəflərdən çox uzağıq. Bunun üçün doğuşayardım xidmətində bir çox iş görülməlidir. Dövlət Statistika Komitəsinin rəqəmlərinə istinadən deyə bilərəm ki, son illər hamilələr arasında xəstələnmə göstəriciləri çox artıb. Onlarda ürək, qan-damar sistemi xəstəlikləri, tənəffüs pozuntusu, karbohidrat mübadilə pozğunluğu, endokrin pozğunluq xəstəlikləri müşahidə olunur. Bunlar da təbii ki, analoji olaraq ana ölümləri statistikasına öz təsirini göstərir.
- Bəs ana ölümlərinə ən çox hansı hallarda rast gəlinir?
- Ana ölümləri əsasən, birbaşa və dolayı yolla olmaqla, iki yerə bölünür. Dolayı yolla baş vermiş ana ölümləri daha çox olur. Bu, fizioloji hamiləliyin hər hansı xəstəliklə ağırlaşması deməkdir. Son illərdə 52-58
faiz olmaqla dolayı yolla üstünlük təşkil edib. Məsələn, 2024-cü ildə epilepsiyadan bir ana dünyasını dəyişdi. Qadın epilepsiya xəstəsi imiş. Hamilə qaldıqdan sonra öz preparatlarını saxlayıb ki, birdən körpəsinə pis təsir edər. Bu isə həm ananın, həm də dölün ölümünə səbəb oldu. Bu hallara tez-tez rast gəlinir.
Eyni analoji hal 2023-cü ildə də baş vermişdi. Bundan başqa, 2024-cü ildə 2 qadın ağır pnevmoniyadan ölmüşdü ki, bu da ana ölümləri statistikasında yer almışdı.
Bundan başqa şəkərli diabeti olan qadının aşağı ətraflarının dərialtı toxumalarında fleqmona (dərialtı, fasiyaarası, əzələarası geniş yayılmış irinli iltihab-red.) septiki hal aşkarlanmışdı. Bu da hamiləliyin ağırlaşması və ölümlə nəticələnmişdi. Birbaşa ölümlər də, dolayı yolla baş vermiş ölümlər də demək olar, hər il təkrarlanır. Rayonlarımızın birində ana ölümü baş vermişdi. Qəfləti ölüm patanotomik təşrih zamanı aydınlaşmışdı ki, bu qadında 8 həftəlik hamiləlik var. Bu da diaqnostik tapıntıdır və ana ölümləri statistikasına əlavə olunub. Birbaşa ana ölümlərinin içərisində isə əsas yerləri qanaxmalar və ağır preeklampsiyalar (hamiləliyin 20. həftəsindən sonra yüksək təzyiq və sidikdə zülalın olması-red.) tutur.
Qeyd edim ki, 2024-cü ildə iki ananın evdə selektiv abort etməsi ölümlə nəticələnmişdi. Qadınlar arasında piylənmə, endokrin pozğunluqlar, çəki artımları da trombolitik ağırlaşmalara gətirib çıxarır. 2024-cü ildə iki anamızdan biri zahılıq dövründə, biri isə hamiləlik dövründə trombembalitik (damarlarda formalaşan qan laxtası-red.) ağırlaşmadan ölüb və ana ölümü statistikasına düşüb.
Bundan əlavə, 2024-cü ildə iki ana anafilaktik şokdan həyatını itirib. Ümumiyyətlə, dünyada hər il 0.7 faiz insanın sağlamlığı dərman preparatlarının təsirindən zərərə uğrayır. Dövlət Statistika Komitəsinin rəqəmlərinə istinadən demək istəyirəm ki, son illərdə Azərbaycanda qeysəriyyə kəsikləri, cərrahi doğuşların sayı artıb. Həm də hamiləlik patologiyaları, cift gəlişləri, cift patologiyaları da artdığına görə ana ölümləri statistikasına mənfi təsirini göstərir. Bütün bunları nəzərə alsaq, əlbəttə ana və uşaq sağlamlığının əsas determinatı qadınlarımızın öz reproduktiv sağlamlıqlarına sahib çıxmalarıdır. Qadınlarımız öz reproduktiv sağlamlıqlarına sahib çıxarsa, hamiləliyə planlı hazırlanarsa, özlərinin ekstrogenital (ananın daxili orqanlarında olan problemlər-red.) xəstəliklərini vaxtında müalicə edib bu işə daha diqqətli yanaşsalar, ana ölümlərinin sayında azalma baş verəcək.
Həkim səhvi doğuşayardım xidmətində də olur
- Qeyd etdiniz ki, epilepsiya, pnevmoniya və s. xəstəliyi olan anaların ölüm hallarında artım var. Bu cür xəstəlikləri olan qadınlar müalicə olunub sağalandan sonra hamiləlik perioduna başlamalıdır, yoxsa hamiləlik zamanı da müalicə mümkündür?
- Bəli, mümkündür. Ümumiyyətlə, respublikamızda doğuşayardım xidməti göstərən bütün müəssisələr ilkin səhiyyə xidməti, antenatal xidmət göstərir. Mövcud sübutlu təbabətə söykənən əmr və təlimatlara uyğun çalışırıq. Eyni zamanda, epilepsiyalı qadınlar üçün yenilənmiş kliniki protokolumuz var. Bu protokolda epilepsiyası olan qadınlarımız hamiləlik dönəmində nəinki öz preparatlarını qəbul etməli, hətta onu kombinə olunmuş daha yüksək dozada qəbul etməlidir. Amma baş vermiş hadisələrin araşdırmasında hər iki halda qadın körpəsinə pis təsir edər düşüncəsi ilə preparatları saxlayır. Bu da epileptik statusa düşməsinə və asfiksiya ilə (kəskin tənəffüs çatışmazlığının ən ağır forması-red.) ana ölümünə gətirib çıxarır.
- Həmin xəstəliklərin körpəyə keçmə riski var?
- Xeyr, yoxdur.
- Həkim səhlənkarlığı səbəbindən baş verən ölüm faktları da var. Buna münasibətiniz necədir?
- Biz Doğuşayardım Komissiyasında həkim səhvlərini araşdırırıq. Həkim səhlənkarlığı ilə hüquq-mühafizə orqanları məşğul olur. Həkim səhvi bütün sahələrdə olduğu kimi, bu doğuşayardım xidmətində də olur və birbaşa insan sağlamlığına təsir etdiyi üçün cəmiyyətdə birmənalı qarşılanmır. Bütün tibb müəssisələrində çalışan mütəxəssislərimizin vəzifə borcuna dair 70 nömrəli əmrimiz var. Bu vəzifə borcunun pozulması həkim səhlənkarlığı sayılır. Bununla da hüquq-mühafizə orqanları məşğul olur.
Son 3 ildə baş vermiş ölümlərdə cərrahi doğuş zamanı ölüm faktı daha çox üstünlük təşkil edib
- Ana ölümlərinə daha çox hansı şəhər və rayonlarda rast gəlinir?
- Ana ölümlərinə daha çox regionlarda rast gəlinir. Respublikamızda doğuşayardım xidməti bütün qadınlar üçün əlçatandır. İcbari Tibbi Sığorta xidməti hamiləliyin ilk günündən zahılıq dönəminə qədər olan dövrü əhatə edir. Sadəcə onların bir müraciəti kifayət edir ki, diqqətdə saxlanılsın və risk qrupları aşkarlansın.
- Hələ də bəzi bölgələrdə evdə doğum hallarına rast gəlinir. Bu, ana və uşaq üçün hansı riskləri yarada bilər? Bunun qarşısının alınması üçün tədbirlər görülür?
- Respublikada bununla bağlı o qədər də narahatedici durum yoxdur. Çünki respublikanın hər yerində doğuşayardım xidməti əlçatandır. Bundan başqa 2001-ci ildə “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na uyğun olaraq, doğum evlərindən kənarda baş vermiş doğuşlarda doğum şəhadətnaməsi məhkəmə yolu ilə verilir. Hüquqi müstəvidə bu işlərə nəzarət edilir. Əlbəttə, evdə doğum halları istər anaya, istər körpəyə çox təhlükəlidir. Hər hansı səbəbdən müəssisədən kənarda doğum baş verərsə, mütləq ana və körpəni yaxınlıqdakı doğuşayardım müəssisəsinə çatdırmaq lazımdır.
- Ölüm faktları daha çox qeysəriyyə, yoxsa təbii doğuş zamanı baş verir? Hansı doğuş üsulu daha təhlükəsizdir?
- 58 faiz ölüm faktı cərrahi doğuş zamanı olub. Araşdırmalara görə, son 3 ildə baş vermiş ölümlərdə cərrahi doğuş zamanı ölüm faktları daha çox üstünlük təşkil edir. Cərrahi doğuş ancaq qaçılmaz hallarda seçilməlidir. Ona görə də respublikada cərrahi doğuşun artması analar arasında xəstəlik hallarının çoxalması səbəb olur.
Hamiləlik mürəkkəb prosesdir və qadın orqanizmində çox dəyişiklik edir
- Plastik əməliyyatlar keçirən qadınlar gələcəkdə hamiləlik zamanı hər hansı problemlə üzləşə bilər?
- Plastik əməliyyatlar hər bir qadının öz həyat hekayəsi ilə bağlı olur. Bəzən elə hallar olur ki, qadın məcburiyyətdən plastik əməliyyat etdirməli olur. Belə halda maksimum diqqətli olmalı, həm plastik cərrah, həm mama-ginekoloq müştərək çalışmalıdır ki, risklər minimuma endirilsin. Məsələn, süd vəzilərini plastik əməliyyat etdirən qadın bilməlidir ki, sabah hamilə olanda övladına ana südü verməlidir. Bunun heç bir problemi yoxdur, ana südü verə bilər. Amma risklər qaçınılmazdır. Ona görə də həkim məsləhəti ilə mütəmadi müayinələrlə nəzarətdə olmalıdır. Bununla da riskləri minimuma endirmək olar.
- Bədənşəkilləndirmə əməliyyatı etdirənlər necə?
- Bu da eyni qaydada. Uşaqlıqda döl inkişaf edir. Bir qadın bu əməliyyatı arzulayırsa, öncədən planlaşdırmalıdır ki, gələcəkdə ana olmaq istəyir, ya yox. İstəyirsə, bilməlidir ki, onsuz da o forma yenidən pozulacaq. Hamiləlik mürəkkəb prosesdir və qadın orqanizmində çox dəyişiklik edir.
- Hamiləlik periodunda kosmetoloji proseduralar - dolğu, botoks, eləcə də lazer epilyasiyası etdirənləri hansı risklər gözləyir?
- Hamiləlik dövründə qadın həm öz sağlamlığını, həm də körpənin sağlamlığını düşünməlidir. O, hər hansı kimyəvi, hətta allopatik müalicələrdən qaçmalıdır. Bunların hamısı dölə təsir edən faktordur. Ana və uşaq sağlamlığının əsas determinantlarından biri reproduktiv sağlamlığa sahib çıxılmasıdır. Əlbəttə, bu prosedurların hamiləlik dönəmində edilməsi düzgün deyil.
“Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul olunması bu günün tələbidir
- Reproduktiv sağlamlıq məsələsinə toxundunuz. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi nə zaman qəbul olunacaq? Sizcə, bu qanunun qəbulu ana ölümlərinin azalmasına kömək edə bilər?
- Reproduktiv sağlamlıq insan orqanizminin sağlamlığının ayrılmaz hissəsidir və reproduktiv orqanların fiziki sağlamlığı ilə yanaşı, sosial məsələdir. Qadınlarımızın öz sağlamlığına sahib çıxması ana və uşaq sahəsinin əsas determinantlarındandır. 2000-ci ildə BMT 189 ölkənin iştirakı ilə minilliyin hədəflərini müəyyənləşdirdi və bu hədəflərin əsaslarından biri də reproduktiv sağlamlıqdır. Respublikamızda da 1999-cu ildə “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun qəbul edilib və onun V fəslində “ailə planlaşması və reproduktiv funksiyalar” haqqında bəndlər var. Lakin elm inkişaf edir və minilliyin hədəflərinə çatmaq üçün mütləq şəkildə “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin qəbul olunması günümüzün tələbidir. Bu, millətimizin demoqrafiyasına, genofonduna təsir edən qanundur. Ona görə də mütləq qəbul olunmalıdır.
Hər min uşağa irsi xəstəliyin inkişaf anomaliyası 3.7% təşkil edir
- Xəstə doğulan körpələrlə bağlı vəziyyət nə yerdədir? Ötən il neçə xəstə uşaq doğulub? Onların arasında hansı xəstəlik üstünlük təşkil edir?
- Xəstəliklərə əsasən, vaxtından əvvəl doğulmuşlarda rast gəlinir. Respublikamızda doğulma meyarları 2015-ci ildən 22 həftəyə keçmişdi və həftələr az olduqda, məsələn, 23-25 həftəsində xəstələnmə göstəricisi 91% olub. Bu həftələr artdıqca, 30-31 həftəsində 52% xəstələnmə göstəricisi olur. Vaxtından əvvəl doğulmuş körpələr respublikamızda perinatal konsepsiyaya uyğun olaraq, üçüncü səviyyəli doğuşayardım müəssisələrində müalicə alırlar. Bu doğuşayardım müəssisələri həddindən artıq bahalı avadanlıqlarla, texniki baza ilə, 7/24 instrumental laborator müayinə və ixtisaslı həkimlə təmin olunub. Müalicə zamanı körpələrin sağ qalmaları ilə bərabər onların əlil olmamalarına da səy göstərilir. Onlar çox ağır müalicədən keçirlər. Bu nöqteyi-nəzərdən dövlət müəssisələrində 3 neanotal skrininq həyata keçirilir. Bu neanotal skrininqlərə əsasən, uşaqlarda bütün qüsurlar, o cümlədən ürək, eşitmə qüsurları vaxtında aşkarlanır. Bu proses təkcə erkən doğulmuşlarda yox, bütün doğulmuş körpələrdə həyata keçirilir və 5 irsi xəstəliyi aşkarlayan daban testi aparılır. Bunlar hamısı İcbari Tibbi Sığortanın təminatındadır. Bunları apararaq vaxtında uşaqlarda xəstəliklər aşkarlanır. Bu cür xəstəlikləri vaxtında aşkarlayıb müalicə edərək tam aradan qaldırmaq olur. Qeyd edim ki, Dövlət Statistika Komitəsinin rəqəmlərinə əsasən, hər min uşağa irsi xəstəliyin inkişaf anomaliyası 3.7% təşkil edir. Bunların da azalmasına respublikamızda qohum nikahlarının ləğvi kömək edəcək.
- Bölgələrdə hamilələrin bir çoxu ailədaxili məsələlərə görə yoxlanışlara, USM müayinəsinə vaxtlı-vaxtında getmir. Hətta bəziləri heç getmir. Bu hansı problemlərə səbəb olur?
- Bəzən az gedirlər, bəzən də həddən artıq çox gedirlər. Respublikamızda 2023-cü ilin 4 noyabrında Səhiyyə Nazirliyi və TƏBİB-in icraçı direktoru tərəfindən doğuşayardım müəssisələrində fizioloji hamiləliyi olan qadınlara antenatal qulluqla bağlı protokollar imzalanıb. Bunlar hər biri sübutlu təbabətə söykənən təlimatlar və protokollardır. Bunlara əsasən, qadın hamiləlik dövründə 7 dəfə həkim müayinəsindən keçməlidir. Bu 7 gedişdə isə 4 dəfə ultrasəs müayinədən keçməlidir. Hamiləliyin 12 həftəsinə qədər birinci USM müayinəsi, 18-20 həftəsində ikinci USM müayinəsinə gedilməlidir. Bu zaman döldə ola biləcək irsi xəstəliklər aşkarlanır. Bu, ikili və üçlü testlərlə paralel aparılır. Hamiləliyin 26-28-ci həftəsindəki USM müayinəsi fetal-exofetal biometriya (dölün ölçüləri-red.) üçündür. Döldə baş vermiş orqanagenez (orqanların formalaşması-red.) artıq formalaşıb. Dördüncü USM müayinəsi hamiləliyin 34-35 həftəsində dölün gəlişi, çəkisi və s. haqda məlumat üçündür. Lakin döldə və ya anada bu və ya digər səbəbdən hər hansısa bir xəstəlik, yaxud patoloji hal aşkarlanarsa, bu zaman artıq həkim tərəfindən xüsusi müayinə planı təşkil olunur.
- USM müayinəsinə həddindən çox getməyin zərəri var?
- Yersiz müayinələr etmək məsləhət deyil. Hamilələrimiz bilsin ki, onların normal fizioloji hamiləlik zamanı USM müayinəyə 4 dəfə getmək kifayətdir.
Nə qədər erkən nikahlar olursa, ana ölümü riski də bir o qədər artır
- Bu yaxınlarda 13 yaşlı qızın ana olması gündəmi zəbt etmişdi. Necə olur ki, 9 ay boyunca bu aşkarlanmayıb, uşaq dünyaya gəldikdən sonra üstü açılıb? Uşaq müayinəyə heç getməyib, yoxsa gedib, amma üstü bağlı qalıb? Müayinəyə heç getmədiyini nəzərə alsaq, 13 yaşlı qızın və uşağının sağlam olması, həyatda qalmaları möcüzə sayıla bilər? Erkən yaşda doğuş edənlərin və körpənin sağlamlığında hansı problemlər yarana bilər? Ümumiyyətlə, erkən yaşda doğum hallarının qarşısını necə almaq olar? Bununla bağlı tədbirlər görülür?
- Erkən yaşda doğum çox aktual problemdir. Dövlət Statistika Komitəsinin rəqəmlərinə istinadən deyirəm ki, 2011-ci ilə qədər respublikamızda 5-7 min aralığında erkən nikahlar olurdu. Bu həddindən artıq böyük rəqəm idi. 2011-ci ildən sonra isə bu rəqəm getdikcə azaldı. 2023-cü ildə cəmi 223 erkən nikah olub. Hər 210 erkən nikaha bir ana ölümü riski düşür. Yəni nə qədər erkən nikahlar olursa, ana ölümü riski də bir o qədər artır. Psixi-emosional inkişaf etməmiş orqanizmin hamiləliyi həm anaya, həm də dölə çox təsir göstərir. Vaxtından əvvəl doğuşlar düşüklərə, ağır preeklamsiyalara, ağır toksikozlara səbəb ola bilər. Bu problemlə təkcə səhiyyə deyil, bütün sahələr, eləcə də cəmiyyət mübarizə aparmalıdır. Bu gün dövlətimizin sosial-iqtisadi inkişaf strategiyasında qarşımıza maarifləndirmə hədəfi qoyulmalıdır. Bu maarifləndirmə hədəfinə görə İctimai Səhiyyə və İslahatlar Mərkəzində mobil applikasiyalar hazırlanılır. Bu mobil applikasiyalardan istifadə edilməlidir. Sosial çarxlar hazırlanmalıdır.
Müəssisələrimizə azyaşlı analar müraciət etdikdə, biz mütləq hüquq-mühafizə orqanlarına məlumat veririk
- Aydındır, amma 13 yaşlı qızla olan məsələyə toxunmadınız...
- Mən Doğuşayardım Komissiyasının sədri olduğuma görə bu haqda danışa bilmərəm. Məsələdən məlumatlıyam. Milli Məclisdə də məsələnin müzakirəsini, komitə sədrinin dediklərini dinlədim. Əlbəttə, bu haqda işlər aparılır, nəzarətin böyük əhəmiyyəti var. Bizim müəssisələrimizə azyaşlı analar müraciət etdikdə, biz mütləq hüquq-mühafizə orqanlarına məlumat veririk. Nəyə görə baş verib, həmin müddətdə məktəbə gedibmi, necə aşkarlanmayıb? Bu dərindən araşdırılası məsələdir və hüquq-mühafizə orqanlarının predmetidir.
Süni mayalanma mütləq qanunla tənzimlənməlidir
- Hazırda follikul donorluğu tendensiyası yayılıb. Gənc xanımlardan pul qarşılığında follikullunu alıb, başqaları üçün suni mayalandırma edirlər. Bununla bağlı nə düşünürsünüz? Qarşısının alınması üçün nə edilməlidir? Və donor olan qadınların sağlamlığına hansı zərərlər törədir?
- İlk dəfə süni mayalanma prosesinə Amerikada başlanılıb. Hətta orada bir həkim öz reproduktiv hüceyrələri ilə 100-ə qədər qadının övladının olmasına səbəb olub. Bu, mütləq qanunla tənzimlənməlidir. Əlbəttə, bu, həm də hüquq-mühafizə orqanlarının predmetidir. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda qamet hüceyrələrinin saxlanılması, onların donorluğu nəzərə alınmayıb. Bu da o deməkdir ki, proses qanunsuzdur. Donor olan qadınlar bu prosesdən keçmək üçün yüksək səviyyədə hormonal preparatlar qəbul edirlər. Əlbəttə, bu sağlamlığa çox zərərlidir. Bu, eyni zamanda, bizim genofondumuza çox pis təsir edir.
- Həmin qadınların sonradan öz hamiləliyində problem yaranır?
- Əlbəttə, bu proseslərdən keçmək qadın orqanizminin sağlamlığına mənfi təsir göstərən faktorlardır.
2024-cü ildə selektiv abort cəhdinə görə iki qadın ölüb
- Azərbaycanda yenidoğulanların cins nisbətinin pozulmasına görə ilk yerlərdə olduğu deyilir. Bununla bağlı nə deyə bilərsiniz? Abort prosesinə necə nəzarət edilir?
- DSK-nın rəqəmlərinə istinadən 2023-cü ildə doğulmuş qız uşaqlarının sayı 52 802, oğlanların isə 59 812-dir. Bu nisbətə baxanda o qədər də ciddi pozulma müşahidə olunmur. Sadəcə nisbətin saxlanılması üçün selektiv abortlara ciddi nəzarət olunmalıdır. Bizim də buna uyğun Səhiyyə Nazirliyi tərəfindən verilmiş təlimatlarımız var. Arzu olunmayan hamiləliklərdən qadınların qurtulması üçün kontraseptiya və ailə planlaması həyata keçirilir. Daha sonra 2023-cü ilin avqust ayında Xidmətlər Zərfi çərçivəsində dəyişiklik oldu və uşaqlıqdaxili spiralların taxılıb çıxarılması da təminata alındı. Bu da arzuolunmayan hamiləliklərin qarşısını almaqda istifadə olunur. Selektiv abortların olmasının qarşısının alınması üçün konkret təminatımız var. Dölün cinsi 12 həftədən sonra məlum olur. Bizim kliniki protokollar sosial və tibbi göstəriş yoxdursa, selektiv aborta icazə vermir. Bu halda selektiv abortlar edilirsə, qeyri-qanunidir. Abortlar demoqrafiyamıza və genofondumuza çox mənfi təsir edən faktordur. Bununla bağlı davamlı maarifləndirmə işləri aparılmaldır. Yeri gəlmişkən, 2024-cü ildə selektiv abort cəhdinə görə iki qadın ölmüşdü. Ümumiyyətlə, abortlar qadın orqanizmi üçün çox təhlükəlidir. Beynəlxalq standart medikamentoz (dərmanla-red.) aborta üstünlük verir. İnvaziv müdaxilələri azaltmağa üstünlük verir. İnvanzif müdaxilələr uşaqlıqda infeksiyaların, mexaniki travmaların alınmasına səbəb olur. Bu da ağırlaşmalara və ölümlərə gətirib çıxarır. ÜST 2000-ci ildə 386 min qadın arasında ölümləri araşdırmışdı. Və 14% halda abortdan sonra ölümlər baş verib. Qadınlarımız ailə planlaması etməli, arzu olunmayan hamiləlikdən qorunmalıdır.
Hamilə qadına ailədə, cəmiyyətdə, iş yerində diqqətli yanaşma olmalıdır
- Hamiləlik dönəmində bayılması, ürəkgetməsi olan qadınlar olur. Bu zaman ana və uşaq üçün hansı risklər yaranır?
- Bayılmalar olmamalıdır. Bunun əsas səbəbi təzyiqin oynaması, qan azlığı, hədsiz yorğunluq və yüklənmə zamanı olur. Bunlar olmasın deyə hamiləliyə planlı hazırlaşmaq lazımdır. Əlbəttə, bayılma zamanı dölə zərər gələ bilər. Sadəcə hamilə qadına ailədə, cəmiyyətdə, iş yerində diqqətli yanaşma olmalıdır. Qadın da öz reproduktiv sağlamlığına sahib çıxmalıdır. Hər hansı yan xəstəliyi varsa, hamiləliyi planlı olmalıdır.
- BMT-yə üzv olan ölkələrin əksəriyyətində HPV peyvəndi pulsuzdur. Ancaq Azərbaycan bu siyahıda yoxdur. Bunun səbəbi nədir? ÜST deyir ki, Səhiyyə Nazirliyi ilə bu barədə danışıqlar gedir. Azərbaycanın da bu siyahıya daxil olması gözlənilirmi?
- Bizim müəssisəmizdə kalpaskopumuz var. Qadınlarımızın HPV virusunu kəmiyyət və keyfiyyətə görə yoxlayırıq. Sadəcə müraciət etmirlər. Peyvəndin olunması qadınlara tövsiyə olunur. Bu etaplar hamısı İcbari Tibbi Sığortanın təminatındadır. Digər ölkələrlə müqayisədə bizim doğuşayardım xidməti yüksək səviyyəli dərmanlarla təmin olunub və inanıram ki, peyvəndlə də təmin olunacaq. Azərbaycanda ikili, üçlü testlər, 3 neanotal sklininq təminatdadır və 5 irsi xəstəliyi aşkarlayan topuq testi var.
- Göz zəifliyinə görə əməliyyat etdirən qadınlar doğuş zamanı hansı üsulu seçməlidir?
- Bizim klinik protokollarımızda bu hala görə xüsusi qeydlər var. Mütləq qaydada həkim-oftalmoloqun sənədi olmalıdır. Həkim-oftalmoloq həmin göz dibinin müayinəsini təqdim edir. Əgər gözün tor qişasından əməliyyat keçirilibsə, fizioloji doğuş əks göstəriş olacaq. Amma cüzi miyopiyalara görə cərrahi doğuşu seçmək məsləhət deyil. Ona görə də belə hallar olanda qadın məsləhətxanalarında, ilkin səhiyyə xidmətlərində mama-ginekoloqla həkim-oftolmoloq müştərək müayinələr təşkil edərək hansı doğuş üsulunu seçməyin daha məsləhətli olduğuna qərar verirlər. Cüzi zəifliyə görə qeysəriyyə seçmək tövsiyə olunmur.
Foto - Rüfət Mustafayev ©️ APA GROUP