Azərbaycanda marketlərdə QADAĞAN  olunmuş məhsullar satılır - DİQQƏT
08 sentyabr 2021 15:32 (UTC +04:00)

Azərbaycanda marketlərdə QADAĞAN olunmuş məhsullar satılır - DİQQƏT

2021-ci il yanvarın 1-dən etibarən qalınlığı 15 mikronadək olan polietilen torbaların, iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qabların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsi qadağan olunsa da, sözügedən qaydalara riayət edilmir.

Mövzu ilə əlaqədar Lent.az-ın suallarını cavablayan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, qurum tərəfindən 2009-cu ildən başlayaraq bununla bağlı təkliflər irəli sürülüb:

“Bir çox ölkələr plastik torbalardan imtina edib. Azərbaycanda isə bununla bağlı qadağalar yer alsa da, səhvlər var. Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) iddia edir ki, 15 mikrondan yuxarı olan polietilen torbalardan istifadə edilə bilər. AİB isə bunun əksini deyir. ETSN deyir ki, beynəlxalq sənədlərdə bununla bağlı məqamlar yer alıb, ancaq burada məntiq yoxdur. Bundan belə çıxır ki, 15 mikrondan qalın olanlar təbiəti çirkləndirmir. Axı bu belə deyil.

Biz bununla bağlı təklif verdik ki, MDB məkanında olan təcrübə qaydalardan istifadə edək. Qaydalara polietilen torbaların pulla satılması, şəffaf olması və 15 mikrondan aşağı olması aiddir”.

E.Hüseynov əlavə edib ki, hökumət orqanları əlaqəli işləmədiyi üçün bu cür problemlər baş verir:

“Plastik qablarla bağlı qadağalar tətbiq ediləndə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bunların alternativlərinin yaradılması üçün müəssisələrin açılmasını və ya xaricdən gəlməsini təmin etməli idilər”.

Saytımıza açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekosiyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev bildirib ki, polietilen torbaların və plastik qabların (çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların) əvəz edən digər alternativlərdən istifadə etmək lazımdır:

“Ötən illər ərzində çoxlu maarifləndirmə tədbirləri keçirilib. Bunlar canlı həyat tərzinə, insan sağlamlığına ciddi zərər verir. Sadalanan məhsulların istehsalı, idxalı, sahibkarlar tərəfindən ictimai iaşə obyektlərinə satılması, orada istifadəsi qadağandır. Bu hallar pozulduqda qanunvericiliklə nəzərdə tutulan miqdarda cərimələr tətbiq olunur”.

M.Nəbiyev qeyd edib ki, sözügedən hallara ETSN nəzarət etmir:

“Nəzarət tədbirlərini Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir”.

Qeyd edək ki, qadağalarla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, qanunvericiliyin tələblərinə riayət olunmamasına görə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur:

“Bu cür hərəkətlərə görə inzibati xətanın predmeti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək, hüquqi şəxslər isə 3 000 manatdan 4 000 manatadək cərimə edilir”.

Bildirilib ki, vətəndaş hansısa marketdə plastik qabların satışı ilə rastlaşdıqda Dövlət Xidmətinin “Qaynar xətt”i ilə əlaqə saxlaya bilərlər:

“Həmin müraciət dərhal nəzarətə götürüləcək. Müvafiq tədbir görülməsi üçün araşdırmaya başlanılacaq".

# 5451
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar