Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 2 il ötür.
Lent.az xəbər verir ki, Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.
Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib.
Həmvətənlərimizin bir çoxu şəhid olub, itkin düşüb, yaralanaraq sağlamlığını itirib. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib.
Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində 2908 hərbi qulluqçusu şəhid olub, 6 nəfər itkin düşmüş sayılır.
Azərbaycan Ordusunun zəfər yürüşünə tap gətirməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törədib.
Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərlərini, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlarını ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub.
2020-ci il sentyabrın 27-də Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində yerləşən, kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə top mərmisinin düşməsi nəticəsində bir ailə - 5 nəfər tamamilə məhv olub.
Oktyabrın 4, 5, 8, 11 və 17-də raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Ermənistan silahlı qüvvələrinin raket və ağır artilleriya hücumları nəticəsində Bərdə rayonunda 29 nəfər həlak olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektləri, nəqliyyat vasitələri külli miqdarda ziyan görüb.
Ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.
2020-ci ilin 27 sentyabr - 10 noyabr müddətində Ermənistan həm döyüş meydanında, həm də münaqişə zonasından kənarda yerləşən Tərtər, Ağcabədi və Goranboy rayonlarını qadağan edilmiş və son dərəcə təhlükəli olan fosfor bombalarından 5 dəfə istifadə etməklə müxtəlif vaxtlarda atəşə tutmuşdur.
Oktyabrın 8-i, noyabrın 3, 4 və 8-də Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində, habelə Ermənistan Respublikasının ərazisində yerləşən hərbi birləşmələrinə rəhbərlik edən şəxslər və onların yaratdığı cinayətkar birliklər “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq genişmiqyaslı dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etməklə mülki əhalinin və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərin sıx yaşadıqları Füzuli, Tərtər rayonları ərazilərində yerləşən yaşayış məntəqələrinə, habelə BMT-nin “Bioloji müxtəliflik haqqında” Konvensiyasının əsas təməl prinsiplərini pozaraq ətraf mühitə qəsd edən geniş, uzun sürən və ciddi ziyan vurmaq, insanları qəsdən öldürmək məqsədilə Füzuli rayonunun Arayatlı, Alxanlı, Tərtər rayonunun Səhləbad kəndinə və Şuşa şəhərinin ərazisində yerləşən Azərbaycan Respublikasının təbii sərvəti hesab edilən qiymətli və çoxillik ağacları olan meşələrə hər birinin içərisində 3,6 kiloqram P-4 kimyəvi tərkibli (ağ fosfor) olan D-4 tipli 122 millimetrlik ən azı 6 top mərmiləri ilə atəş açaraq həmin ərazilərdə yerləşən təbii sərvətləri qəsdən yandırmaqla xüsusilə külli miqdarda ziyan vurub, Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə planlaşdırılıb və aparılıb, habelə terrorçuluq cinayəti törədilib.
Bütün bunlara baxmayaraq, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük “Dəmir yumruq” əməliyyatı ilə torpaqlarını işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub.
Zəfər yürüşü sayəsində kəndlər, şəhərlər bir-birinin ardınca erməni işğalçılarından təmizlənib.
Oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsi, oktyabrın 4-də Cəbrayıl rayonu, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsi, oktyabrın 17-də Füzuli rayonu, oktyabrın 20-də Zəngilan rayonu, oktyabrın 25-də Qubadlı rayonu işğaldan azad edilib.
Azərbaycan Ordusunun həyata keçirdiyi unikalı əməliyyatla isə noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunub.
Prezident İlham Əliyev Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciətində bəyan edib.
Dövlət başçısının 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla Azərbaycanda 8 Noyabr - Zəfər günü kimi təsis edilib.
Müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atıb.
Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.
Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan edilib.
Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilib.
Bəyanata əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Azərbaycan və Ermənistanın hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.
Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi yaradılıb.
Bəyanatda qeyd olunur ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməlidir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.
Üçtərəfli Bəyanatda Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması da əksini tapıb.
Bəyanata əsasən, noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib.
Azərbaycan bu üç rayonların işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.
Prezident İlham Əliyev 2 dekabr 2020-ci il tarixdə sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb.
27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Anım Günü kimi qeyd edilir.
Anım Günü ilə əlaqədar sentyabrın 27-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.