“Azərbaycan qadını və kişisinin problemi azadlıq haqqında düzgün təsəvvürdə olmamalarıdır”- Ekspert
29 avqust 2022 16:21 (UTC +04:00)

“Azərbaycan qadını və kişisinin problemi azadlıq haqqında düzgün təsəvvürdə olmamalarıdır”- Ekspert

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması istiqaməti üzrə

Azərbaycanın ailə modeli əsrlər boyu öz möhkəmliyi, əxlaqi xarakteri ilə örnək rolu oynayıb. Azərbaycan ailəsində böyüyə hörmət, kiçiyə qayğı kimi prinsiplər yazılmamış qanun olub. Bir qadının örpəyinə (əslində qadına) qoyulan hörmət o həddə olub ki, qadın örpəyi üçün qan da tökülüb, qan da kəsilib. Azərbaycan kişisi qadını belə sayıb, qoruyub, qadın da hər zaman kişidən bir addım geridə dayanıb. Ona görə yox ki, zəif idi, gücsüz idi, ona görə ki, kişini öndə görmək, ona sığınmaq, onu lider etmək istəyində idi. Müstəqil Azərbaycan Respublikası yarandığı ilk gündən qadın hüquqlarının müdafiəsi, ailə və gender məsələləri dövlətin diqqətində olub.

Azərbaycan 1995-ci ildə BMT-nin “Qadınlara Qarşı Ayrı-Seçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında” Konvensiyanı ratifikasiya edib. 1998-ci ildə mərhum Prezident Heydər Əliyevin təşəbbüsü ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin – indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. 2000-ci ildə “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman verib, rayonların icra hakimiyyəti orqanlarının tərkibində gender problemləri üzrə şöbələr yaradılıb.

Hər bir cəmiyyətdə olduğu kimi, Azərbaycan cəmiyyətində də problemli ailələr yox deyil. Son 30 ildə dilimizə bir sıra sosial terminlər daxil olub. Tez-tez gender problemindən danışılır, demoqrafiya məsələlərini gündəmə gətiririk .Məqsəd qadınların cəmiyyətdəki yerini möhkəmlətmək, xanımların ailə daxilində, cəmiyyətdə, iş prosesində pozulan hüquqlarını qorumaq, onların kişilərlə bərabər hüquqlu olmasının əyani şəkildə göstərməkdir.

“Ailədə kişinin rolunun zəiflədilməsi xoşagəlməz nəticələrə səbəb ola bilər”

 

Sosioloq Əhməd Qəşəmoğlu belə düşünür. O. Lent.az-a verdiyi açıqlamada bəyan edir ki, kişiləri yaddan çıxardıb, ancaq qadınların hüquqlarından, onlara qarşı zorakılıqlardan danışanda ailə dağıdıcılığı ilə məşğul olmağımızın fərqində olmuruq. “İqtisadi zərbələr altında zəif düşmüş Azərbaycan kişisi üstəlik cəmiyyətin təzyiqi və mənəvi təzyiqlə üz-üzə qalır, bu da, qadınla kişi arasındakı münasibətlərdə gərginliyə səbəb olur. Kişi öz rolunu qorumaq, qadın isə lider olmaq uğrunda savaş açır. Nəticədə uşaqlar qarşılarında ata-ana yox, bir-birlərini əzməyə çalışan qadın-kişi görürlər. Müasir dövrümüzdə Azərbaycan qadını və kişisinin əsas problemi odur ki, onlar azadlıq haqqında düzgün təsəvvürdə deyillər. Qadın azadlığı, kişi azadlığı ailənin başını buraxıb, kənarda istədiyin kimi həyat sürmək anlamında başa düşülür”,- deyə sosioloq qeyd edib.

Psixoloq Seyran Xələflinin fikrinə görə, ailələrdə fikir ayrılıqlarının, müxtəlif səpkili problemlərin yaranmasının bir neçə əsas səbəbi var.

“Dini görüşlər, dünya görüşündəki fərqlər, yetişdikləri fərqli mədəni mühit və iqtisadi səbəblər ailədə söz-söhbətin yaranmasına gətirib çıxarır. Məsələn radikal, fanatik şəkildə dini inancları olan kişi və ya qadın, dini baxışları dərin olmayan həyat yoldaşına təzyiq göstərməyə çalışır, Avropa təhsili almış bir fərdlə tutaq ki, Qum şəhərində dini təhsil almış və həyata baxışları bu yöndə olan fərdin ailəsi də çətin ki, uzunmüddətli ola. Şəhərdə və kənddə böyüyən, hər biri də öz böyüdüyü aləmə bağlı olan fərdlər də həmçinin. Yalnız ortaq fikrə və güzəştə gedilərsə bu yol davamlı ola bilir”,- deyə psixoloq qeyd edib. O həmçinin söyləyib ki, ailələrin dağılmasının bir səbəbi də iqtisadi gücün yetərsiz olmasıdır. Əgər ailə başçıları yəni qadın və kişi işləmirsə, üstəlik uşaqları da varsa, (Azərbaycan ailələrində isə bir qayda olaraq ailə buna hazır oldu-olmadı mütləq şəkildə evliliyin ilk illərində uşaqlar doğulur) mütləq şəkildə problemlər yaranır. Ailədə uşaqların planlanmaması müasir Azərbaycan ailəsinin problemidir. Biz eşitmişdik, bir zamanlar ailələrimizdə orta hesabla 7-8 uşaq olub. 4 uşaqlı ailə az uşaqlı ailə hesab olunardı. Lakin dövr dəyişdikcə yaşam şəkli və şərait də dəyişir. İndi ailələr 1-2 uşaqla yetinirlər, 3 uşaqlı ailələr çoxuşaqlı hesab olunmağa başlayıb. Deməzdim demoqrafik problemlər yüksək həddədir. Amma yox da deyil. Birinci növbədə ailə planlanması aparılmalı, ailə iqtisadi gücünü bərpa edib, uşaq böyütməyə hazır olanda övlad dünyaya gətirməlidir. Yeni ailə quran gənclər bu məqamları nəzərə almalıdırlar. Uşaq oyuncaq deyil. O həmişə körpə qalmır. Öz qayğıları ilə böyüyür. Uşaqla birlikdə tələblər də, qayğılar da böyüyür”,- deyən psixoloq əlavə edib ki, Azərbaycan cəmiyyəti, ailəsi dözümlülük, humanistlik, bir qədər də ənənəvilik üzərində dayandığına görə, onu elə də böyük təhlükə gözləmir. Ancaq buna baxmayaraq, bu məsələdə ciddi problemlər də çoxdur. Bir çox Azərbaycan ailələri ənənəvi ailə modelini saxlamağa cəhd edir. Yad təsirlər ailəni parçalamasın deyə köhnə ənənələri də radikal şəkildə qorumaq olmaz.

“Qarşılıqlı hörmət əsasında ailədə həll edilməyəcək heç bir problem yoxdur. Tərəflə danışıq aparmağı, dinləməyi bacarmalıdır. Yalnız bu halda sağlam və möhkəm ailədən danışa bilərik”,- deyə ekspert vurğulayıb.

Yazə MEDİA-nın maliyyə yarımı ilə hazırlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2379
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar