Azadlığa qovuşan təbiətimiz
06 fevral 2023 10:02 (UTC +04:00)

Azadlığa qovuşan təbiətimiz

İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurda torpaqlarımız ekosidə, ermənilərin ekoloji terroruna məruz qalıb.  Bu proses hələ 1988-ci ildə  Topxana meşəsində başlayıb və 30 il işğal dövründə  261 min hektar meşə fondunda erməni vandalizmi davam edib. Bu dövrdə həmin ərazilərdə ağac əkilməsinə dair nümunə axtarılması isə əbəsdir.  Elə buna görə də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Zəfərdən, torpaqlarımızın işğaldan azad edilməsindən sonra quruculuq işləri ilə paralel meşələrimizin bərpasına da start verilib.

Böyük Qayıdışa dair I Dövlət Proqramda müəyyənləşən hədəflər

Azad edilmiş ərazilərdə meşə fondunun, flora və faunanın bərpası əsas prioritetlərdən birini təşkil edir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, 2026-cı ildə azad edilmiş ərazilərdə meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərinin sərhədlərinin müəyyən edilməsi prosesi başa çatmalıdır. İqtisadiyyat Nazirliyi bu məqsədlər Ekologiya və Təbii Sərvətlır Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birlikdə 2025-ci ilə 180 xəritənin, 2026-cı ildə 219 xəritənin hazırlanmasını başa çatdırmalıdır.

Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Eləm və Təhsil Nazirliyi ilə birlikdə meşə fondunun inventarlaşdırılması və qiymətləndirilməsini təmin etməlidir, bunun üçün ərazinin 3D görüntüsü əldə edilməli, təsərrüfatdaxili sahələr ayrılmalıdır.  Bunun üçün meşə təsərrüfatının keçmiş fəaliyyətinin, meşələrdən istifadənin qiymətləndirilməsi 2025-ci ildə yekunlaşmalı, 2026-cı ildə  meşə fondu torpaqlarının hüdudlarının müəyyənləşdirilməsi, plan- kartoqrafik materialların tərtib olunması başa çatmalıdır. 2022-ci ilin arxada qaldığını nəzərə alsaq, paralel olaraq qarşıdakı 2023-2026-cı illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Elm və Təhsil Nazirliyi, yerli icra hakimiyyəti orqanları ilə birlikdə 1 150 ha meşə əkini və meşə səpini işlərinin aparılmasını təmin etməli, bununla da azad edilmiş ərazilərdə məhv edilmiş meşə sahələrinin bərpası və artırılmasına nail olunulmalıdır.

Bu istiqamətdə işlərin görülməsinə isə artıq Zəfərdən sonra başlanıldığını xüsusi qeyd etmək lazımdır.  Prezident İlham Əliyevin tapşırığı ilə 44 gün ərzində qazanılmış Zəfərin birinci  ildönümündə  44 min ağac əkilməsi aksiyası keçirilib. Aksiya çərçivəsində  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə ağac əkiblər. Bununla da Qarabağda və Şərqi Zəngəzurda erməni ekosidinin başlandığı Topxana meşəsinin bərpasına başlanılıb. Bundan sonra Heydər Əliyev Fondunun  layihəsi çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən Topxana meşəsində ağacəkmə aksiyası keçirilib.

2020-ci il dekabrın 3-də Zəngilanın Ağalı kəndində IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında ərazinin torpaq-iqlim şəraitinə uyğun 500 ədəd müxtəlif cinsli ağac əkilib, palıd, Şərq çinarı və tut ağaclarının toxumları əraziyə səpilib. Bununla Zəngilanda ekoloji dayanıqlığın bərpasının başlanğıcı qoyulub. 2021-ci ilin dekabrında Qarabağ Dirçəliş Fondu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Zəngilanda ekoloji müxtəlifliyin qorunması məqsədilə daha 1000 ədəd ağac əkilib. Layihə çərçivəsində Zəngilan şəhərinin girişində 30 hektar ərazidə 30 min ağacın - əsasən yerli iqlim şəraitinə uyğun Eldar şamı, həmişəyaşıl sərv, göyrüş, şeytan ağaclarının və Şərq çinarının əkilməsi nəzərdə tutulub və bu layihə 2022-ci ilin payızında yekunlaşdırılıb.

Təbiət canlandırılır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqladığı statistikaya nəzər salsaq, hələ 2022-ci ilin martına qədər olan dövrdə Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Laçın, Kəlbəcər, Ağdam rayonları və Şuşada ümumilikdə 40 mindən çox ağac tingləri əkilib. Burada eldar şamı, göyrüş, qarağac, dağdağan və digər müxtəlif cinsli ağaclar əkilib, 2 tondan çox  palıd toxumu səpilib. Şuşada Topxana meşəsində və şəhərin bəzi yerlərində 1000 ağac - dağdağan, göyrüş, qarağac və saqqız ağacı, 200 kiloqram  palıd toxumu əkilib. Həmin ərazilərdə yerli və iqlim şəraitinə uyğun olaraq ağaclar əkilib. Zəngilan və Ağdamda əkilən yaşıllıq sahələrinin hamısında damcılı suvarma sistemi qurulub.  Eyni zamanda Cəbrayıl-Hadrut avtomobil yolunun sağ tərəfində - 15 hektar sahədə və Füzulidə 200 hektara yaxın ərazidə yeni yaşıllıq sahələrinin salınması istiqamətində işlər görülüb. nəzərdə tutulub. Həmçinin işğaldan azad edilmiş ərazilərdə magistral avtomobil yollarının kənarında da yeni yaşıllıqlar salınır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin birgə layihəsi çərçivəsində yol kənarlarında  ağac və kollar əkib.

2021-ci ildə Kəlbəcər və Laçın ərazisində də ağaclar əkilib, amma həmin ərazilərdə mina təhlükəsi olduğundan geniş sahədə ağac əkməyin mümkün olmayıb. Ərazilər minalardan təmizləndikcə 2022-ci ildə həm də 455 hektarda ağacəkmə tədbirlərinin həyata keçirilməsinə başlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi  2022-2026-cı illəri əhatə edən “Meşə Fondunun Bərpası” Proqramı hazırlanıb. Proqram çərçivəsində ümumilikdə 30 min hektar meşə fondu sahəsinin bərpası üçün meşə bərpa, əkin və təbii bərpa işləri aparılacaq. Ərazilər minalardan təmizləndikcə həmin ərazilərdə yaşıllıqların salınması həyata keçiriləcək.

O da xüsusi qeyd olunmalıdır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilmiş “Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı” adlı layihə çərçivəsində 2021-ci ildə Qarabağda ağacəkmə aksiyası həyata keçirilib. IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Gənclər Fondunun birgə layihəsi çərçivəsində təbiət elmləri sahəsində təhsili olan və bu sahədə fəaliyyət göstərən 60 gənc ekoloqun Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd, Zəngilan, Ağdam və Şuşa daxil olmaqla işğaldan azad edilmiş ərazilərə çoxsaylı səfərləri təşkil edilib. Səfərlər zamanı onlar sözügedən ərazilərdə aparılan ekoloji qiymətləndirmədə, o cümlədən xüsusi cihaz və qurğularla  havada olan radiasiya fonu, suyun keyfiyyəti, torpağın analizi  və s. proseslərdə iştirak edib,  işğal nəticəsində törədilmiş ekosidi əyani şəkildə görüblər Layihə çərçivəsində Füzulidə 50, Zəngilanda 60, Ağdamda 70 şam ağacı, Qubadlıda və Şuşada isə 50 göyrüş ağacı əkilib, Qubadlı və Füzulidə 5 kiloqram palıd toxumu səpilib. 

Bu aspektdə “Zəfərdən dirçəlişə” meşə massivi layihəsi də diqqət çəkir. Qarabağ Dirçəliş Fondu azad olunmuş ərazilərdə meşə massivinin salınması, ekoloji tarazlığın və  təbiət obyektlərinin bərpası üzrə birgə tədbirlərin həyata keçirilməsi, əlverişli həyat şəraitinin yaradılmasına dair tədbirləri ölkə daxilində, eyni zamanda xaricdə təşviq etmək məqsədilə fondla Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında memorandum imzalanıb. Zəngilanda həyata keçirilən “Zəfərdən dirçəlişə” meşə massivinin salınması layihəsi bu memorandum çərçivəsində həyata keçirilən ilk layihədir. “Zəfərdən dirçəlişə” layihəsinə ilk olaraq Zəngilanda başlanılıb və layihənin birinci mərhələsi çərçivəsində 30 hektar ərazidə 30 min ağacın əkilməsi nəzərdə tutulub və ağacların əkilməsi mərhələli şəkildə davam edir. Eyni zamanda “Zəfərdən dirçəlişə - 2” layihəsi də artıq start götürüb. İkinci mərhələdə Zəngilanda 20 hektar ərazidə 20 min ağacın  əkilməsi nəzərdə tutulub. Bu  layihələr çərçivəsində yalnız ağacların əkilməsi deyil, əkin materiallarının yetişdirilməsi, enerji təminatı, suvarma sisteminin qurulması, əkilmiş sahələrə müntəzəm nəzarət edilməsi, prosesi izləmək məqsədilə 3 il ərzində dron vasitəsilə foto, videoçəkilişlərin aparılması planlaşdırılıb.

“Azərbaycan Türkiyə Beynəlxalq Meşəçilik Təlim Mərkəzi”nin, “Ağıllı Tinglik Təsərrüfatı”nın və “Dostluq meşəsi”nin yaradılması layihəsindən də ayrıca bəhs etmək lazımdır. Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak edən Türkiyə Prezidenti Rəcəb Tüyyib Ərdoğan Cəbrayılda bu sahədə görülən işlərlə tanış olub.

Cənnətə çevriləcək torpağımız

 

 “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Elm və Təhsil Nazirliyi ilə birlikdə qarşıdakı 2 il ərzində Cəbrayıl rayonunda müasir tipli infrastrukturun yaradılmasını, ərazinin bərpasında lazım olan əkin materiala tələbatın ödənilməsi və yerli meşəçi mütəxəssislərə ixtisası üzrə təlimlər keçirilməsi, meşəçilik sahəsində müasir, qapalı kök sistemli tingliyin, toxum gen bankının yaradılması, meşə əkinləri və landşaft arxitekturası üçün tinglərin yetişdirilməsini təmin etməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elm və Təhsil Nazirliyi ilə birlikdə qarşısında duran vəzifələrdən biri isə  paralel olaraq 2023-2025-ci illərdə fauna növlərinin reintroduksiyası layihələrinin həyata keçirilməsi var. Bu müddətdə reintroduksiya ediləcək heyvan növlərinin müəyyənləşdirilməsi, reintroduksiya ediləcək heyvan növlərinin adaptasiya prosesi üçün hazırlıq işlərinin görülməsi, adaptasiya dövrü keçmiş heyvanların seçilmiş ərazilərə buraxılması həyata keçirilməlidir.

Beləliklə, Ali Baş Komandan, Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun cənnətə çevrilməsi ilə bağlı qarşıya qoyduğu vəzifə bu sahədə də uğurla həyata keçirilməkdədir.

 

Yaşar Ağazadə

 

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Ətraf mühitimiz: Nələri bilək, nələri qoruyaq?” layihəsi çərçivəsində hazırlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1977
avatar

Oxşar yazılar