Onlar adları cüt anılan, qoşa məzarda qoşa yatan şəhidlərimizdir. Adları tək xatırlanmır. Kim danışırsa, elə İlhamla Fərizə deyib danışır onlardan. Bu 20 Yanvar şəhidlərimizin dastanı sevginin, sədaqətin Vətən yolunda qurban olmanın dastanıdır.
Lent.az-ın müsahibi şəhid İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyevdir. O məşum gecənin üstündən 33 il keçsə də, indi 66 yaşına qədəm basmış Elxan Allahverdiyev danışarkən yenə göz yaşlarını saxlaya bilmir.
- O gecəni necə xatırlayırsınız?
- Yadıma düşəndə yenə ruhum sıxılır. Qorxunc bir yuxuydu sanki. Sovet ordusunun bizə atəş açacağını gözləmirdik. İllər boyu tərkibində yaşadığımızı dövlətin əsgərləri tərəfindən qana bulanacağımızı ağlımıza gətirmirdik. O günlər Bakıda kişilər demək olar ki, evdə gecələmirdilər. O vaxt evimiz Alatavadaydı. Mən də, İlham da hər gün “Şamaxinka”da qurulmuş Barrikadaya növbə çəkməyə gəlirdik . Özümüzdən kimlərsə gəlib deyirdilər ki, qorxmayın, ordu bizə atəş açmayacaq. Hətta atəş başlayanda elə bildik rezin güllələrdir. Qonşum Arazın dizinə güllə dəydi, dizi qanayanda heyrətləndi ki, rezin güllə də qan çıxarar? Uzun müddət polisdə işləmiş digər qonşumuz dedi, özünüzü qoruyun bu döyüş gülləsidir. Atışma başlayandan az sonra xəbər gəldi ki, tanklar qurduğumuz barrikadaları yarıb keçib. İlham ona qədər yanımda idi, bir dəstə gənclə getdi. Daha sonra onu görmədim.
- Harada vurulmuşdu?
- İndiki 20 Yanvar” dairəsində. Orda vurulub, sonra kimlərsə ölənləri, yaralananları yığıb aparmışdı “Respublikanski” deyilən xəstəxanaya. Gecə İlhamı çox axtardım, tapmadım, səhər tezdən anamla yenidən gəldik “20 yanvar “ dairəsinə. Şəhər müharibədən çıxmış kimiydi. İlhamı axtara-axtara gəzirdik, anam havalı kimiydi. Bir qan gölməçəsinin yanından keçəndə dedi bala, bu qan məni çəkir, bu qan şirin gəlir, tanış gəlir, bu qan İlhamın qanı olacaq. Az irəlidə şərfini tapanda əmin olduq ki, İlhama nəsə olub. Girdik xəstəxanaya. Şəklini göstərə- göstərə axtarmağa başladıq, morqa meyitləri daşıyan bir nəfər dedi ki, yaralıların içində axtarmayın, onun meyitini öz əlimlə daşımışam.( hönkürür). Anam qarşısına çıxan hər cavan oğlan meyitinə sarılırdı, İlham bilirdi. İndi danışıram, sanki o anı təkrar yaşayıram. Ağırdır hələ də. O gecə qardaşımı əlimdən aldı, məni həyatda tək qoydu.
- İlhamı xəstəxanaya yaralı gətirmişdilər, ya şəhid olmuşdu?
- Yaralı imiş, gecə əməliyyat olunub. Həkimi deyirdi əməliyyatı qaranlıqda ediblər, Bakının işıqları söndürülmüşdü. Qan olmayıb, öz qanını filtrdən keçirib yenidən özünə vurmuşdular. Qarın boşluğuna qan dolubmuş. Əməliyyatdan 5 saat sonra da keçinib. Deyirdilər keçinənə kimi “ana” deyib sayıqlayıb. Qaranlıqda o tələsiklikdə edilən əməliyyat necə olacaqdı? Qaraciyəri parçalanıbmış. Hər yeri dağıdan güllə ilə sinəsindən vurulmuşdu.
- Bəs Fərizə onun ölümündən neçə gün sonra intihar etdi?
- 3 gün sonra. Onlar bir-birlərini çox sevirdilər. Fərizə xəbəri eşidib dəliyə dönmüşdü. Özünü öldürmək üçün fürsət gəzirdi, gözümüzü üstündən çəkə bilmirdik. Gah özünü yandırmaq istədi, gah asmaq. Atasıgildən sirkə gətiribmiş. İlhamı Xırdalanda dəfn etmişdik, lakin sonra bildirildi ki, bütün şəhidlər indiki “Şəhidlər Xiyabanında” basdırılacaq. Cənazəsini çıxarıb gətirməyə qərar verdik. O gecə Fərizə bildi ki, sabah İlhamı yenidən dəfn edəcəklər, o gecə intihar etdi. Onunla birlikdə dəfn olunmağa tələsirdi, yetirdi özünü, onunla qoşa basdırılmağa nail oldu. Sirkə içmişdi, danışa bilmirdi, eləcə əliylə başa saldı ki, bizi qoşa basdırın.
- İntihar məktubu yazmışdı?
- Hə. Düzdür, məktubu polislər apardılar, amma oxumuşduq. Anasına yazmışdı ki, məni ağlamayın, İlhamsız yaşaya bilmərəm. Çox sevirdilər bir-birlərini. Gözəl ailə idilər
- İlhamla Fərizənin adını ailənizdə yaşadan var?
- Vəsiyyət etmişəm, oğlum evlənib oğul - qız sahibi olarsa, İlhamla Fərizənin adını qoysun. Düzdür, xalq onların adını yaşadır, amma ailəmizdə də yaşasın istəyərəm.