Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi Facebook səhifəsində canlı yayımlanan “Ekspert saatı”na izləyicinin Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsinin ərazisinə tullantıların atılması və ətrafa iy-qoxunun yayılması ilə bağlı ünvanlanan şikayətini Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları araşdırıb.
Bu barədə Lent.az-a məlumat verən xidmətin rəis müavini Ramal Bağırov bildirib ki, araşdırma zamanı sözügedən ərazidə fəaliyyət göstərən "Servis-N" MMC-yə məxsus tullantıların əraziyə atılaraq qalaqlandığı faktı təsdiqini tapıb:
"Faktla bağlı "Servis-N" barəsində protokol tərtib olunub və cəmiyyətin hüquqi şəxs qismində 6 500 manatdan 8 000 manatadək cərimələnməsi üçün toplanmış sənədlər Sumqayıt şəhər Məhkəməsinə göndərilib.
Ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə MMC-yə məcburi göstəriş verilib”.