Koronavirusa yoluxmuş vətəndaşların evdə müalicə alma prosesi açıqlandı - NAZİRLİK
08 iyul 2020 14:54 (UTC +04:00)

Koronavirusa yoluxmuş vətəndaşların evdə müalicə alma prosesi açıqlandı - NAZİRLİK

Səhiyyə Nazirliyi tərəfindən COVİD-19 virusuna yoluxmuş vətəndaşların evdə müalicə alma prosesi açıqlanıb.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova növbəti onlayn müsahibəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən COVİD-19 virusuna yoluxmuş vətəndaşların evdə müalicə alma prosesi haqqında ətraflı danışıb. 

N. Veysova bildirib ki, yoluxma şübhəsi yarandıqda ilk addım - poliklinikaya telefon zəngi vasitəsilə müraciət etməkdir. Bundan dərhal sonra sahə həkimi sorğu-sual əsnasında xəstənin vəziyyətini dəyərləndirmək üçün məlumat toplayır. Yalnız bu həkimin qərarının əsasında yoluxma şübhəsi ilə müraciət etmiş vətəndaşın ünvanına COVİD-19 testini keçirmək məqsədilə tibb işçisi yönləndirilir.

Bir gündən üç günə qədər testin cavabı SMS vasitəsilə vətəndaşa bildirilir və bu müddət ərzində COVİD-19 virusuna yoluxma şübhəsi ilə müraciət edən şəxsin vəziyyəti sahə həkimi tərəfindən izlənilir. Test nəticəsi müsbət olan təqdirdə həmin şəxslər qeydiyyata alınır və xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən vətəndaşlar evdə müalicə almaq üçün dövlət tərəfindən dərman preparatları ilə təmin olunurlar. Dərman dəstlərinə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir. Adı çəkilən preparatların qəbulu müalicə və xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə xəstələrə təyin olunur: "Sahə həkimləri COVİD-19 virusuna yoluxmuş evdə müalicə alan xəstələrin vəziyyətini 14 gün ərzində gündəlik olaraq müşahidə edirlər. Xəstəliyin gedişatında ağır simptomlar aşkar edilərsə və yoluxmuş şəxsin ümumi vəziyyətində kəskinləşmə müşahidə olunarsa, həmin xəstənin stasionar şəraitdə müalicəni davam etmək zərurəti sahə həkimi tərəfindən müəyyən edilir. Eyni zamanda xəstənin vəziyyətində şiddətli kəskinləşmə baş verərsə, həmin şəxs və onun yaxınları təcili tibbi yardıma 103 qısa nömrə vasitəsilə müraciət etməlidirlər".

Baş Səhiyyə İdarəsinin rəisinin onlayn müsahibəsində qeyd olundu ki, digər infeksion xəstəliklərlə yanaşı, COVİD-19 virusunun da inkubasiya dövrü 21 gün təşkil edir və bu səbəbdən yoluxmuş xəstələrə həmin müddət ərzində yaşayış yerlərini tərk etməyə icazə verilmir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8230
avatar

Oxşar yazılar