Koronavirus kəndlini torpaqdan uzaqlaşdıra bilirmi? - ƏSLİNDƏ...
20 aprel 2020 17:32 (UTC +04:00)

Koronavirus kəndlini torpaqdan uzaqlaşdıra bilirmi? - ƏSLİNDƏ...

Yaz mövsümü olduğu üçün kənd təsərrüfatı sahəsində işlər çoxalıb. Hazırda pandemiya səbəbindən ölkədə karantin rejimi də mövcuddur. Karantin rejimi və mövcud qadağalar bölgələrdə kənd təsərrüfatı işçilərinin işinə maneələr yaradırmı? Sahibkarlar torpağını normal əkib-becərə bilirmi?

Aqrar Elm və İnnovasiyalar Mərkəzinin şöbə müdiri Nicat Nəsirli bildirib ki, aprel və may kənd təsərrüfatında mühüm aylardır: "Hazırda payız əkinlərinə aqrotexniki qulluq mövsümünün ən aktiv fazasıdır. Eyni zamanda, yazlıq əkinlərinə hazırlıq və yaz əkininin aparılır. Bizim ölkənin əkin strukturunda yazlıq əkinlər çox mühüm yer tutur. Strateji məhsullar var. Qarğıdalı, pambıq, eyni zamanda baramaçılıq bu iki aya təsadüf edir. Qurd toxumlarının inkubasiyaya qoyulması, baramaçılara paylanması və s. Şübhəsiz ki, karantin rejimi  və müəyyən məhdudiyyətlərin təyin olunması kənd təsərrüfatı işçilərinin fəaliyyətlərinə təsirsiz ötüşmür. Amma son zamanlar, Nazirlər Kabinetinin imzaladığı təlimatlardan sonra, yaranmış çətinliklər  demək olar ki, aradan qaldırılıb".

Ekspert bildirib ki, mövsümdə kəndliyə lazım olan gübrə təminatı, toxum və texniki xidmətlər Kənd Təsərrüfatı Nazirliyinin yerlərdəki qurumları tərəfindən təmin olunduğu üçün bölgələrdə bu məsələ ilə bağlı ciddi narazıçılıq hiss olunmur: "Sadəcə, gübrə təminatında müəyyən ləngimələr var. Bu da onunla bağlıdır ki, kalium-fosfor, azot tərkibli gübrələr hazırda yaz olduğu üçün sahələrə verilir. Buna görə də böyük təlabat var. Amma bu proses may ayının ortalarına qədər çəkdiyi üçün yəqin ki, bu çətinlik də aradan qalxacaq. Kənd daxilində, rayonda kənd təsərrüfatı işçilərinin hərəkətində ciddi problemlər yoxdur. Nazirlər Kabinetinin müəyyən etdiyi arayışlar əsasında hərəkət edə bilirlər. Bütün regionlarında sahələrdə kütləviliyin yaradılmaması ilə bağlı təbliğat aparılır. Bilirsiniz ki, bir sahədə 50-60 insan paralel işləyə bilir. Bu məsələdə yerli icra qurumları da aktiv olmalıdır. Kənd Təsərrüfatı Nazirliyinin qurumları da aktiv iş aparmalıdır. İnsanların mühafizəsi - dezinfeksiya, əlcək və maskalarla təmini məsələsi var. Təbii ki, hər yerdə bütün bunların təmin olunduğunu deyə bilmərik. Müəyyən axsamalar da var".

N.Nəsirlinin sözlərinə görə, insanların lazımsız şəkildə sahələrdə toplaşma halları olur ki, mərkəzi icra qurumları tərəfindən buna qarşı mübarizə aparılır: "Məsələn, çiyid səpini üçün bir traktor işləyir, 50 adam toplaşıb baxır. Bu hallara qarşı maarifləndirici məlumatlar aparılmalıdır. Bundan başqa, hazırda yazlıq məhsulların yığımı başlayıb. Bu məhsulların Bakıya daşınmasında insanları narahat edən müəyən məhdudiyyətlər var. Hamı həyətindəki köhnə sovet maşınlarına məhsulunu yığıb gətirməyə maraq göstərir. Amma qoyulan qadağaya görə məhsullar yalnız yük maşınında gətirilməlidir. Ona görə biz kənd camaatına məsləhət görürük ki, birlikdə böyük maşınlar tutsunlar və 5 adamın yerinə, şəhərə bir adam gəlsin. Bizim regionlarımızda müəyyən kooperativləşmə,  işi bir yerdə görmək psixologiyası yoxdur. Hamı  fərdi hərəkət etməyə çalışır. Ona görə də yollarda bəzi maşınları saxlayırlar, bəzilərini geri qaytarırlar.  İnsanlar bir-birinə etibar etməlidir. İndi yardımlaşma dövrüdür. Məhsulu çəki ilə verəcəksən,  o da aparıb satacaq. Pulunu da gətirəcək. Kənd təsərrüfatı istehsalçılarını  birliyə dəvət edirik. İş bölgüsü aparsınlar. Hamının bazara getməsinə ehtiyac yoxdur".
Müsahibimiz vurğulayıb ki, ümumilikdə böyük şəhərlərin kənd təsərrüfatı məhsulları ilə təminatında  ciddi problemlər  yoxdur. Yazlıq əkinin  nəzərdə tutulan aspektdə aparılmasına nəzarət olunacağını deyən şöbə müdiri  hazırda pambıq əkininin aparıldığını, bir azdan soya və qarğıdalı əkininə başlanacağını qeyd edib:"Ümid edirik ki, heç bir problem olmayacaq".

AMEA Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev isə hazırda Şirvan zonasında olduğunu və yazlıq əkinlə bağlı müşahidələr apardığını bildirib: "Nazirlər Kabinetinin pandemiyanın respublikada yaz-tarla işlərinə mane olmaması və işlərin intensiv aparılması üçün aqrar sahədə çalışanlara nəzərdə tutduğu  arayışlar müsbət təsirini göstərir:" Sahələrdə olmuşam. İnsanlar öz işi ilə məşğuldur. Bu il yaz- tarla işlərinin ən mühüm problemi quraqlıq oldu. Amma buna baxmayaraq, insanların səyləri nəticəsində xeyli sahədə yaxşı taxıl yetişdirilib. Düşünürəm ki, bu il taxıl sarıdan problemimiz olmayacaq. Bundan  başqa heyvandarlıq sahəsində də işlər gedir və sahibkarların  işlərinə mane olan amil yoxdur. Nazirlər Kabinetinin verdiyi icazələr əsasında aqrar sahənin icra nümayəndələri, rayonda Aqrar İnkişaf Mərkəzləri işlərin daha intensiv aparılması üçün nəzarət edir. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmət Agentliyi nazirlik səviyyəsində bu işlərin təşkili ilə məşğuldurlar. Şəxsən müşahidə apardığım Şirvan zonasında işlər günün tələbləri normasında aparılır. Arada yağış da yağır. Çaylarda su da var, bu da kəndliyə ümid verir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1769
avatar

Aygün İbrahimli

Oxşar yazılar