Azərbaycanın xalq artisti, xanəndə Xan Şuşinskinin doğum günüdür. İsfəndiyar Aslan oğlu Cavanşir 1901-ci il avqustun 20-də Şuşada dünyaya gəlib. 16 yaşında olarkən "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan Şuşinski" adını verib. Onun bir xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olub. 1920-ci illərdə Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. 1934-cü ildə Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının I İncəsənət Olimpiadasında böyük müvəffəqiyyət qazanaraq, birinci mükafata layiq görülüb. 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Muğam studiyası yaradıb və burada gənc xanəndələrə muğamın sirlərini öyrədib. Azərbaycan Dövlət Musiqi Məktəbində dərs deyib. Onun ifasında "Qəmərim", "Şuşanın dağları" mahnıları dillər əzbəri olub. Xan Şuşinski 18 mart 1979-cu ildə vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
ÖMƏR MUXTAR
(1860-1931)
Liviyada İtaliya işğalına qarşı mübarizənin lideri, "Səhra Aslanı" ləqəbli Ömər Muxtar 20 avqust 1860-cı ildə Liviyanın dağlıq bölgəsi Cəbəl Ahdarda dünyaya gəlib. Mədrəsədə və İslam Elmləri Akademiyasında dini təhsil alıb. 1899-cu ildə Çadda fransızların müstəmləkə və missionerlik fəaliyyətinə qarşı silahlı mübarizə aparıb. 1911-ci ildən Liviyanın İtaliya tərəfindən işğalına qarşı silahlı mübarizəyə qoşulub. 1923-cü ildən müqavimət hərəkatına rəhbərliyi üzərinə götürüb. Ömər Muxtar 1931-ci il sentyabrın 11-də Faşist İtaliyasının ordusu tərəfindən əsir götürülüb və məhkəmənin qərarı ilə sentyabrın 16-da əsir düşərgəsində tərəfdarlarının gözü qarşısında edam olunub.
HƏSƏN ABDULLAYEV
(1918-1993)
Azərbaycan Elmlər Akademiyasının həqiqi, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, görkəmli fizik, Azərbaycanda yarımkeçiricilər fizikası məktəbinin banisi, ana dilində fizikaya dair ilk elmi kitabın müəllifi Həsən Məmmədbağır oğlu Abdullayev 1918-ci ilin bu günü Naxçıvan MR-in Culfa rayonunun Yaycı kəndində anadan olub. 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika fakültəsini bitirib. 1957-1958-ci illərdə Azərbaycan EA Fizika-Riyaziyyat İnstitutunun, 1959-1993-cü illərdə Azərbaycan EA Fizika İnstitutunun direktoru vəzifəsində işləyib. 1968-1970-ci illərdə Azərbaycan EA Fizika-Riyaziyyat və Texnika bölməsinin akademik-katibi, 1970-1983-cü illərdə Azərbaycan EA-nın prezidenti olub. 1970-ci ildə Azərbaycan Dövlət Mükafatı laureatı, 1974-cü ildə əməkdar elm xadimi fəxri adına layiq görülüb. Dəfələrlə SSRİ Ali Sovetinə deputat seçilib, orden və medallarla təltif olunub. Həsən Abdullayev 1 sentyabr 1993-cü ildə Bakı şəhərində vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
ZİBA QƏNİYEVA
(1923-2010)
Azərbaycanın ilk snayperçi qadını Ziba Paşa qızı Qəniyeva 20 avqust 1923-cü ildə Şamaxı şəhərində anadan olub. Doğum yeri olaraq Qazaxıstanın Çimkənt və Özbəkistanın Gülüstan şəhərləri də göstərilir. Atası azərbaycanlı, anası özbək olub. 1937-ci ildə Özbəkistan Filarmoniyasının xoreoqrafiya şöbəsinə, 1940-cı ildə Moskvada Teatr Sənəti Dövlət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. Amma İkinci Dünya müharibəsi ona təhsilini davam etdirməyə imkan verməyib. Cəbhəyə getmək üçün hərbi komissarlığa müraciət edib, atıcılıq kurslarının müdavimi olub və bu kursları bitirdikdən sonra 1941-ci ildə Moskva uğrunda döyüşlərdə iştirak edib. 16 dəfə düşmən arxasına keçərək vacib məlumatlar ötürüb, snayper kimi 129 faşisti məhv edib, iki dəfə ağır yaralanıb. Göstərdiyi qəhrəmanlıq və şücaətə görə çoxsaylı dövlət mükafatları, o cümlədən “Qırmızı Bayraq” və “Qırmızı Ulduz” ordenləri, “Moskvanın müdafiəsi uğrunda” medalı ilə təltif edilib. Müharibədən sonra SSRİ-nin Türkiyədə müvəqqəti səfiri olan Tofiq Qədirovla ailə qurub, Moskva Şərqşünaslıq İnstitutuna daxil olub. Uzun illər Ankarada yaşayıb və qadınların "Dünyada sülh uğrunda mübarizə" hərəkatında iştirak edib. Ziba Qəniyeva 2010-cu ildə Moskvada vəfat edib.
ASLAN ASLANOV
(1926-1995)
Əməkdar elm xadimi, akademik, fəlsəfə elmləri doktoru, professor Aslan Məhəmməd oğlu Aslanov 1926-cı il avqustun 20-də Qazax rayonunda anadan olub. Məktəbi qurtardıqdan sonra II Dünya müharibəsi illərində müəllim çatışmadığından, bir il Ağstafa şəhərindəki Dəmiryol məktəbində ibtidai sinif müəllimi işləyib. Sonra Bakıya gedib və 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fəlsəfə ixtisası üzrə bitirib. 1961-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Estetika və etika kafedrasının müdiri olub. 1977-1987-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rektoru vəzifəsində çalışıb. 1990-1995-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun direktoru olub. "Səni düşünürəm", "Qızlar və bənövşələr”, "Nəğməli günlərim" şeir kitablarının müəllifidir. Aslan Aslanov 23 avqust 1995-ci ildə Bakı şəhərində vəfat edib.
AYDIN QARADAĞLI
(1929-1980)
Azərbaycanda peşəkar diktor məktəbinin yaradıcısı Aydın Çingiz oğlu Qaradağlı 1929-cu ilin bu günü Qubada anadan olub. 1944-cü ildə orta məktəbi, 1945-ci ildə Gəmiçilik məktəbini, 1948-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Teatr məktəbini, 1949-cu ildə isə Moskvada Ümumittifaq diktorluq kurslarını bitirib. 1951-1954-cü illərdə sovet ordusunda hərbi xidmətdə olub. 1946-cı il dekabrın 18-dən Azərbaycan SSR Dövlət Radiosuna diktor vəzifəsinə işə qəbul olunub. 1964-cü ildə diktorlar arasında ilk dəfə olaraq Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb. 1966-1968-ci illərdə Dövlət Radiosunun Baş rejissoru, 1970-ci ildən Proqram Baş redaksiyasının Baş redaktoru vəzifələrində də çalışıb. Həmkarı Gültəkin Cabbarlı ilə evli olan Aydın Qaradağlı 1980-ci il yanvar ayının 28-də Bakıda vəfat edib.
İRADƏ VƏKİLOVA
(1935-1998)
Azərbaycanın əməkdar jurnalisti, publisist və ssenarist İradə Ağacavad qızı Vəkilova 20 avqust 1935-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini və Moskvada sovet və xarici ölkə jurnalistləri üçün birillik xüsusi məktəbi qırmızı diplomla bitirib. Bir il "Komsomolskaya pravda" qəzetində təcrübə keçib. 1995-ci ildə Azərbaycanın ən qocaman qəzetlərindən olan "Bakinskiy raboçiy" qəzetinin baş redaktoru təyin edilib. İrada Vəkilova 1990-cı ildə Azərbaycanda ilk müstəqil informasiya agentliyi olan "AssA-İradə"ni təsis edib. 10 sənədli və elmi filmin müəllifidir. İradə Vəkilova 30 may 1998-ci ildə vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.
RACİV QANDİ
(1944-1991)
Hindistanın tanınmış siyasi xadimi Raciv Ratna Qandi 1944-cü il avqustun 20-də İndira və Feroz Qandilərin ailəsində anadan olub. Babası Cəvahirləl Nehrunun evində böyüyüb. London Universitetində və Kembric Universitetinin Triniti Kollecində təhsil alıb. 1984-1989-cu illərdə Hindistanın ən gənc baş nazir olub. Ölkədə silahlanmanın inkişafında yeni təkan verib, silahlı qüvvələri gücləndirməyə başlayıb. Raciv Qandi 1991-ci ilin mayında seçkiqabağı kampaniya zamanı “Tamil Pələngləri” terror təşkilatı tərəfindən törədilən sui-qəsd nəticəsində öldürülüb.
ETİBAR ƏHMƏDOV
(1962-1990)
Şəhid Etibar Rzaqulu oğlu Əhmədov 1962-ci ilin bu günü Şərur rayonunun Dəmirçi kəndində anadan olub. Tikinti idarəsində sürücü işləyib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sədərək uğrunda qanlı döyüşlərdə şəhid olub və doğulduğu kənddə torpağa tapşırılıb. Üç övladı yadigar qalıb.
RAMİZ BAYRAMOV
(1963-1992)
Şəhid Ramiz Nəriman oğlu Bayramov 20 avqust 1963-cü ildə Bakının Zabrat qəsəbəsində anadan olub. Tanınmış neftçi, Sosialist Əməyi Qəhrəmanı Musa Bayramovun nəvəsidir. 1967-1976-cı illərdə burada 33 saylı məktəbdə təhsil alıb. 1976-cı ildə Azərbaycan Texniki Universitetinə daxil olub. 1979-1981-ci illərdə sovet ordusunda hərbi xidmətdə olub. 1982-ci ildən Zabrat maşınqayırma zavodunda baş mühəndis işləyib. Azərbaycan Ordusunun formalaşmasında iştirak edib, Müdafiə Nazirliyində çalışıb. Lakin öz istəyi ilə təyinatını döyüş bölgəsinə alıb və tank komandiri kimi torpaqlarımızın müdafiəsində iştirak edib. 1992-ci il mayın 7-8 nə keçən gecə Şuşa uğrunda döyüşlərdə itkin düşüb. 1996-cı ildə Binəqədi rayon məhkəməsi ona şəhid statusu verib. 1997-ci il dekabrın 21-də Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə Ramiz Bayramova ölümündən sonra polkovnik-leytenant hərbi rütbəsi verilib. Binəqədi rayonunda yaşadığı binaya xatirə lövhəsi vurulub.
FAZİL MEHDİYEV
(1966-1991)
Azərbaycanın Milli Qəhrəmanı Fazil Umud oğlu Mehdiyev 1966-cı il avqustun 20-də Laçın rayonunun Ələkçi kəndində anadan olub. Uşaq ikən ailəsi Ağdamın Abdal Gülablı kəndinə köçüb. 1983-cü ildə məktəbi burada bitirib. 1984-1986-cı illərdə hərbi xidmətdə olub. 1990-cı ildə Ağdam rayon Daxili İşlər Şöbəsində yaradılmış polis batalyonunun tərkibində işğalçı ermənilərə qarşı döyüşlərdə iştirak edib. 1991-ci ildə Qaradağlı kəndində ağır yaralanmasına baxmayaraq, yenidən cəbhəyə qayıdıb. Həmin il sentyabrın 23-dən 24-ə keçən gecə düşmənin Abdal Gülablı kəndinə hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub və Ağdam rayonunun Qarağacı qəbiristanlığında dəfn edilib. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Fazil Mehdiyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
MÜŞFİQ İSMAYILOV
(1968-1992)
Şəhid Müşfiq İsmayılov 1968-ci ilin bu günü Gədəbəy rayonunun Soyuqbulaq kəndində anadan olub. 1986-cı ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirdikdən sonra daxili işlər orqanlarında çalışmağa başlayıb. 1991-ci ildə könüllü olaraq Qarabağın müdafiəsinə qatılıb. Döyüş yoluna Füzuli rayonundan başlayıb, daha sonra Ağdərə istiqamətində gedən qızğın döyüşlərdə iştirak edib. Müşfiq İsmayılov 2 avqust 1992-ci ildə Ağdərə istiqamətində qəhrəmancasına şəhid olub və Bakının Şəhidlər Xiyabanında dəfn edilib.