Dünyada bu gün - VİDEO
06 iyul 2020 09:01 (UTC +04:00)

Dünyada bu gün - VİDEO

VALEH BƏRŞADLI

(1927-1999)

1. Müstəqil Azərbaycanın ilk müdafiə naziri, general Valeh Əyyub oğlu Bərşadlı 1927-ci il iyulun 6-da Qubadlı rayonunun Eyvazlı kəndində dünyaya gəlib. 14 yaşında könüllü olaraq hərbi xidmətə gedib, Bakı Zenit Artilleriyası Məktəbi və Kiyev Özüyeriyən Artilleriyası Məktəbində təhsil alıb. 50 yaşında sovet ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlıdır. 1991-ci il sentyabrın 5-dən dekabrın 11-nə qədər Azərbaycanın ilk müdafiə naziri olub. 1992-ci ildə bir müddət Silahlı Qüvvələrin Baş Qərargah rəisi işləyib, Azərbaycan Ordusunun ilk müvəffəqiyyətli Goranboy və Ağdərə əməliyyatlarına rəhbərlik edib. Valeh Bərşadlı 1999-cu il mayın 15-də dünyasını dəyişib və II Fəxri Xiyabanda dəfn olunub.

NURSULTAN NAZARBAYEV

(1940)

2. Qazaxıstanın ilk Prezidenti, "Millət Lideri" titulunun daşıyıcısı Nursultan Əbiş oğlu Nazarbayev 6 iyul 1940-cı ildə Qazaxıstanda doğulub. 1960-1969-cu illərdə Karaqanda metallurgiya zavodunda müxtəlif vəzifələrdə çalışıb. Karaqanda metallurgiya zavodunun nəzdində Ali Texniki Məktəbi və Ali Partiya Məktəbini bitirib, iqtisad elmləri doktorudur. 1969-1984-cü illərdə yenidən Karaqanda metallurgiya zavodunda, Temirtau səhər Partiya Komitəsində, Qazaxıstan SSR Kommunist Partiyası Mərkəzi Komitəsində komsomol və partiya işlərində çalışıb. 1984-1989-cu illərdə Qazaxıstan SSR Nazirlər Sovetinin sədri, 1989-1990-cı illərdə Qazaxıstan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi və Qazaxıstan SSR Ali Sovetinin sədri olub. 24 aprel 1990-cı ildə Qazaxıstan Ali Soveti tərəfindən, 1 dekabr 1991-ci ildə isə ümumxalq seçkiləri nəticəsində Qazaxıstan Prezidenti seçilib. Sonrakı prezident seçkilərində də qalib gəlib. 19 mart 2019-cu ildə Qazaxıstan Prezidenti vəzifəsindən istefa edib. Hazırda Qazaxıstan Təhlükəsizlik Şurasının rəhbəri və hakim Nur Otan partiyasının lideridir.

TAMARA SİNYAVSKAYA

(1943)

3. Tanınmış opera müğənnisi, SSRİ və Azərbaycanın xalq artisti Tamara Sinyavskaya 1943-cü ilin bu günü Moskva şəhərində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Moskva Konservatoriyası nəzdindəki Musiqi Kollecinə daxil olub. 1970-ci ildə Teatr Sənəti İnstitutunun musiqili komediya fakültəsini bitirib. 1964-2002-ci illərdə Bolşoy Teatrın solisti olub, onlarla yaddaqalan obraz yaradıb. Dünyanın bir çox ölkələrində opera tamaşalarında çıxış edib. Həyat yoldaşı, SSRİ xalq artisti Müslüm Maqomayevlə vokal duet janrında maraqlı ifalar edib. 2005-ci ildən Teatr Sənəti İnstitutunda dərs deyir, 2008-ci ildən isə vokal sənəti kafedrasına rəhbərlik edir.

SİLVESTR STALLONE

(1946)

4. Məşhur Hollivud ulduzu, aktyor, rejissor, prodüser və ssenari müəllifi Silvestr Qardensio Stallone 1946-cı il iyulun 6-da Nyu-York şəhərində anadan olub. Dodaqları, dili və çənəsi uşaqlıqdan bəri iflic olub, raxit xəstəliyindən əziyyət çəkib və günlərini daim evdə keçirib. Valideynləri 1957-ci ildə boşandıqdan sonra atası ilə qalıb. Davranışla bağlı problemləri olduğu üçün tez-tez oxuduğu məktəblərdən xaric edilib. 15 yaşında Filadelfiyaya, anasının yanına köçüb. Həmin vaxtlar ağırlıqqaldırma ilə məşğul olub və emosional pozğunluqları olan uşaqlar üçün nəzərdə tutulmuş məktəbdə təhsil alıb. 1970-ci ildə başlayan kino karyerası ərzində onlarla filmə çəkilib. Rembo və Rokki rolları ona dünya şöhrəti gətirib. 1976-cı ildə çəkilmiş "Rokki" filmi bir neçə kateqoriyada Oskar mükafatına layiq görülüb. Silvestr Stallone üç dəfə ailə həyatı qurub.

ZAUR AXUNDOV

(1971-1994)

5. Qarabağ müharibəsi iştirakçısı Zaur Valeh oğlu Axundov 6 iyul 1971-ci ildə Tovuz şəhərində anadan olub. 1988-ci ildə burada orta məktəbi bitirib. 1989-91-ci illərdə Rusiyanın Krasnoyarsk diyarının Abakan şəhərində hərbi xidmətdə olub. Azərbaycana qayıtdıqdan sonra Tovuz istiqamətində gedən döyüşlərdə yaxından iştirak edib. 1992-1994-cü illərdə düşmənlə üzbəüz mövqelərdə döyüşüb. 1994-cü il martın 29-da Tovuz rayonunun Koxa Nəbi kəndi ərazindəki Sulutəpə zirvəsində düşmənin atdığı tank mərmisinə tuş gələrək, 11 döyüşçü yoldaşı ilə birlikdə həlak olub. Zaur Axundov Tovuzun Şəhidlər Xiyabanında dəfn edilib. Tovuzda adına küçə və mədəniyyət evi var.

ƏZİZ NESİN

(1915-1995)

6. Türkiyəli yazıçı Əziz Nesinin anım günüdür. O, 20 dekabr 1915-ci ildə İstanbulda anadan olub. Darüşşəfəq məktəbində təhsil aldığı illərdə Quranı əzbərdən öyrənərək hafiz olub. 1935-ci ildə İstanbuldakı Qülləli Əsgər Liseyinə daxil olub. 1937-ci ildə isə Ankara Hərb Məktəbi ilə yanaşı, İncəsənət Məktəbini də bitirib. İkinci Dünya müharibəsi ilə əlaqədar 1941-ci ildə zabit kimi orduya çağırılıb və burada tank kurslarını bitirib. 1944-cü ildə “vəzifəsini və rütbəsini pis yerinə yetirməsi” səbəbi ilə ordudan qovulduqdan sonra bir müddət baqqal və mühasib kimi peşələrdə çalışıb. Daha sonra sol təmayüllü “Tan” qəzetində işə girib. “Partiya qurmaq, partiya vurmaq” adlı ilk kitabı 1946-cı ildə dərc edilib və ona böyük şöhrət qazandırıb. Səbahəddin Əli ilə tanışlıq onda solçuluq ideyalarına marağı daha da artırıb və onlar birgə “Marko Paşa” adlı satirik qəzet nəşr etməyə qərar verib. 1952-ci ildə “Oluş” nəşriyyatını açıb. 1955-ci ildə İstanbulda yaşayan yunanlara qarşı basqınlarda günahkar bilinərək 99 nəfərlə birlikdə həbs olunub və heç bir səbəb olmadan 9 ay həbsdə yatıb. Əziz Nesin 1995-ci il iyulun 6-da İzmirin Alaçatı bölgəsində vəfat edib.

RƏHİM RƏHİMOV

(1923-2013)

7. Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, professor Rəhim Nurməhəmməd oğlu Rəhimovun xatirə günüdür. O, 1923-cü il martın 18-də Ordubadda anadan olub. Natamam orta təhsili başa vuraraq, Ordubad şəhər Pedaqoji Texnikumuna, daha sonra Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1941-ci ildən 1945-ci ilədək əvvəl kənd, sonralar şəhər orta məktəblərində müəllim, 1950-ci ildə. isə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon xəstəxanasında cərrah işləyib. Daha sonra bütün əmək fəaliyyətini rentgenologiyaya həsr edib. 1968-ci ildə mədə-bağırsaq sisteminin bədxassəli şişlərinin rentgenoloji diferensial diaqnostika üsullarının işlənib hazırlanması və təkmilləşdirilməsinə görə tibb elmləri doktoru adı qazanıb. Bu diaqnostikanın incəliklərinə həsr olunmuş 147-dən artıq elmi məqalənin, iki ixtiranın müəllifidir. 12 səmərələşdirici təklifi respublikamızda və MDB ölkələrinin müalicə idarələrinin rentgenoloji şöbələrində tətbiq edilərək geniş istifadə edilir. Rəhim Rəhimov 2013-cü ilin bu günü dünyasını dəyişib.

UİLYAM FOLKNER

(1897-1962)

8. Amerikalı yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Uilyam Folkner də bu gün xatırlanır. O, 1897-ci il sentyabrın 25-də Missisipi ştatında anadan olub. İlk təhsilini anasından alıb. Əmək fəaliyyətinə babasına məxsus bankda başlayıb. Amerikalı oxucular "Əsgər qisməti", "Ağcaqanadlar" kimi ilk romanlarına xüsusi maraq göstərməsələr də, bu, yazıçını ruhdan salmayıb. O, uğursuzluğun əvəzini "Sartoris" romanı ilə çıxıb. 59 monoloqdan ibarət "Ölüm yatağında" romanını Folkner bir neçə həftə ərzində yazıb. 1930-1940-cı illərdə Hollivudun "Şöhrətə aparan yol", "Qunqa Din", "Malik olmaq və olmamaq", "Əbədi yuxu" kimi məşhur filmləri onun romanlarının motivləri əsasında çəkilib. 1949-cu ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Yaradıcılığından ayrı-ayrı nümunələr mərhum Natiq Səfərov tərəfindən yüksək ustalıqla Azərbaycan dilinə tərcümə olunub. Uilyam Folkner 1962-ci ildə dünyasını dəyişib.

MƏMMƏD NAZİMOĞLU

(1959-2008)

9. Tanınmış jurnalist Məmməd Nazimoğlunun anım günüdür. O, 1959-cu il sentyabrın 28-də Ağdaş rayonunun Qobuüstü kəndində doğulub. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Azərbaycanın ilk müstəqil nəşrlərindən olan "Aydınlıq" qəzetinin yaradıcılarından olub. "Xalq qəzeti"nin baş redaktor müavini, "Ulus" qəzetinin baş redaktoru, "Avropa", "Yeni Müsavat", "Azadlıq", "Şans", "525-ci qəzet" qəzetlərinin yazarı, ANS telekanalında efirə gedən "Qulp" verilişinin müəlliflərindən biri, Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru olub. Məmməd Nazimoğlu 2008-ci il iyulun 6-da Bakıda vəfat edib və doğulduğu kənddə dəfn olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2230
avatar

Oxşar yazılar