ÇİNGİZ ƏLİOĞLU
(1944)
1. Azərbaycanın əməkdar mədəniyyət işçisi, şair və tərcüməçi Çingiz Əli oğlu Əliyev 1944-cü il iyunun 29-da Füzuli şəhərində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutunun istehsalat proseslərinin avtomatlaşdırılması və texnologiyası fakültəsində təhsil alıb. Bədii yaradıcılığa "Gənc qələmlər" toplusunda çıxan "Xatirələr" şeiri ilə başlayıb, dövri mətbuatda şeir, hekayə, ədəbi-bədii tərcümələr və publisistik məqalələrlə çıxış edib. Müxtəlif illərdə "Gənclik" nəşriyyatında redaktor, böyük redaktor, redaksiya müdiri, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor, Mətbuat və İnformasiya Nazirliyində nəşriyyatlar idarəsinin rəisi vəzifələrində çalışıb. Əsərləri bir sıra Avropa xalqlarının dillərinə tərcümə olunub.
NAZİM BƏYKİŞİYEV
(1948)
2. Azərbaycanın xalq rəssamı Nazim Zöhrab oğlu Bəykişiyev 29 iyun 1948-ci ildə Bakıda anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin rəngkarlıq fakültəsində, Moskvada Dövlət Teatr Sənəti İnstitutunun teatr rəssamı fakültəsində təhsil alıb. Kukla Teatrında və Rus Dram Teatrında, Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Azərbaycan Dövlət Gənclər Teatrında quruluşçu rəssam və baş rəssam vəzifələrində çalışıb. Bir sıra səhnə əsərlərinə bədii tərtibat verib.
ELÇİN HƏMİDOV
(1958-2011)
3. Azərbaycanın əməkdar artisti, aktyor və müğənni Elçin Qəzənfər oğlu Həmidov 1958-ci ilin bu günü Bakıda anadan olub. 1974-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında xor artisti vəzifəsində çalışıb, 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsinə daxil olub. 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist-vokalist kimi fəaliyyət göstərib, müxtəlif tamaşalarda oynayıb. "Planet Parni iz Baku" KVN Teatrının da əsas simalarından biri olan aktyorun “Məhəllə 1” və “Məhəllə 2” filmlərində canlandırdığı "Məzi" obrazı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Elçin Həmidov 2011-ci ilin martın 4-də dünyasını dəyişib.
ELXAN ZÜLFÜQAROV
(1954-1994)
4. Azərbaycanın Milli Qəhrəmanı Elxan Qaçay oğlu Zülfüqarov 1954-cü il iyunun 29-da Füzuli rayonunun Üçbulaq kəndində anadan olub. Mingəçevir Politexnik Texnikumunda təhsil alıb. 1972-1974-cü illərdə Ukraynada hərbi xidmətdə olub. 1975-ci ildə Novosibirsk şəhər daxili işlər orqanlarında baş leytenant rütbəsi ilə fəaliyyətə başlayıb. Qarabağ münaqişəsinin başlanması ilə əlaqədar könüllü olaraq Azərbaycana qayıdıb və 1992-ci ildə Milli Orduya yazılıb. Laçın, Qubadlı, Zəngilan və Füzuli rayonlarında gedən döyüşlərdə iştirak edib. 40-dan çox hərbi əməliyyatda iştirak edib, kapitan rütbəsi ilə kəşfiyyat qrupunun komandir müavini vəzifəsinə təyin olunub. Elxan Zülfüqarov 5 yanvar 1994-cü ildə Füzuli rayonunun Şükürbəyli kəndi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına həlak olub və Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
FƏXRƏDDİN ƏSGƏROV
(1974-2008)
5. Şəhid təyyarəçi, polkovnik-leytenant Fəxrəddin İlham oğlu Əsgərov 29 iyun 1974-cü ildə Qazax rayonunda dünyaya gəlib. Burada orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və müsabiqə yolu ilə seçilərək təhsilini davam etdirmək üçün Türkiyənin Ali Hərbi Təyyarəçilik Məktəbinə göndərilib. 1996-cı ildə Azərbaycana qayıdıb. Xidmət etdiyi hərbi hissədə baş təyyarəçi vəzifəsindən qərargah rəisi, hərbi hissə komandiri və qarnizon rəisi vəzifələrinə qədər yüksəlib. Müxtəlif tipli döyüş təyyarələrini idarə etməyi qısa zamanda mənimsəyərək, ölkəmizin gənc təyyarəçilərinin yetişdirilməsində təlimatçı-təyyarəçi kimi fəal iştirak edib. Azərbaycan bayrağını Vətən səmasında dalğalandıran ilk pilotlarımızdan olub. 2003-cü ildə "Hərbi xidmətlərə görə", 2006-cı ildə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunub. 2008-ci il yanvarın 29-da kapitan Əfqan Aslanovla birlikdə MiQ-29 təyyarəsi ilə hava döyüşü uçuşu yerinə yetirərkən təyyarənin Xəzər dənizinə düşməsi nəticəsində həlak olub. Aparılan axtarışlar nəticəsində Əfqan Aslanovun nəşi tapılsa da, Fəxrəddin Əsgərovun cəsədi tapılmayıb.
HÜSEYN DƏRYA
(1975-2014)
6. Azərbaycan repçisi, aktyor Hüseyn Cahangir oğlu Muradov 1975-ci ilin bu günü Bakının Bakıxanov qəsəbəsində anadan olub. İlk təhsilini Nərimanov rayonundakı 4 saylı fars təmayüllü məktəbdə alıb. Bakı Dövlət Universitetinə qəbul olunmasına baxmayaraq, təhsildən imtina edərək Qarabağ müharibəsində iştirak edib və dörd il iki ay hərbi xidmətdə olub. Onun hip-hop karyerası 2000-ci ildən başlayıb. Müxtəlif müğənnilərlə əməkdaşlıq edib, ilk dəfə meyxana və muğamla repi sintez edib, bir neçə albom buraxıb. narkotikdən istifadə etdiyinə görə bir müddət həbsdə olub. Hüseyn Dərya 2014-cü il martın 14-də baş verən avtomobil qəzasında ağır yaralanıb və martın 15-də xəstəxanada dünyasını dəyişib.
BARIŞ AKARSU
(1979-2007)
7. Türkiyənin rok sənətçisi, aktyor Barış Akarsu 1979-cu il iyunun 29-da Bartın şəhərində doğulub. Orta təhsilini Amasra qəsəbəsində tamamlayıb. İstanbulda musiqi təhsili alıb. İlk dəfə "Akademi Türkiyə" yarışmasında məşhurlaşıb. 2004-cü ildə "Islak ıslak" adlı ilk albomunu satışa çıxarıb. 2006-cı ildə "Yalançı Yarım" serialında baş rolda oynayıb. Barış Akarsu 2007-ci ildə öz doğum günü mərasimindən sonra Bodrumda qəzaya düşüb və həkimlərin səylərinə baxmayaraq, iyulun 4-də vəfat edib və Amasrada dəfn olunub.
KAMİL NƏCƏFZADƏ
(1929-2011)
8. Azərbaycanın xalq rəssamı Kamil Nəcəf oğlu Nəcəfzadənin xatirə günüdür. O, 29 dekabr 1929-cu ildə Lənkəran şəhərində doğulub. 1948-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirib. Əmək fəaliyyətinə "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi başlayıb. Rəngkarlıq, qrafika və teatr sənətində də öz sözünü deyib. Azərbaycan Kinematoqrafçılar İttifaqının və Rəssamlar İttifaqının üzvü olub. "Şöhrət" ordeninə və iki dəfə Dövlət Mükafatına layiq görülüb. Kamil Nəcəfzadə 29 iyun 2011-ci ildə vəfat edib. O, əməkdar incəsənət xadimi, kinorejissor Şamil Nəcəfzadənin atasıdır.
RAUF ADIGÖZƏLOV
(1940-2002)
9. Azərbaycanın əməkdar incəsənət xadimi, skripkaçı, müğәnni, professor Rauf Zülfü oğlu Adıgözəlovun anım günüdür. O, 1940-cı il noyabrın 22-də Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında və Moskva Dövlət Konservatoriyasında təhsil alıb. Uzun illər Azərbaycan Dövlət Simfonik Orkestrində konsertmeyster vəzifəsində, Azərbaycan Dövlət Kamera Orkestrində çalışıb. 1996-cı ildə Misir Musiqi Akademiyasına professor kimi dəvət olunub. Rauf Adıgözəlov 2002-ci ilin iyununda vəfat edib. O, görkəmli xanəndə Zülfü Adıgözəlovun oğlu, bəstəkar Vasif Adıgözəlovun qardaşı, dirijor Yalçın Adıgözəlovun əmisidir.
KAMİL NƏSİBOV
(1946-1992)
10. Azərbaycanın Milli Qəhrəmanı Kamil Baladə oğlu Nəsibov da bu gün xatırlanır. O, 8 oktyabr 1946-cı ildə Laçın rayonunun Bozlu kəndində anadan olub. 1963-cü ildə orta məktəbi Minkənd kəndində bitirdikdən sonra ordu sıralarına çağırılıb. 1973-1978-ci illərdə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində təhsil alıb. Bozlu kəndində yerləşən Tikinti Materialları Bazasının müdiri olub. 1992-ci ildə Laçın erməni silahlı dəstələrinin hücumlarına məruz qaldığı zaman könüllülərdan ibarət özünümüdafiə bölüyü yaradıb. 30 nəfərdən ibarət bu bölük Sadınlar, Malıbəyli, Xanallar, Suarası kəndlərinin müdafiəsində böyük rəşadət göstərib. Kamil Nəsibov 1992-ci ilin iyununda Qonaqgörməz yüksəkliyi uğrunda gedən qanlı döyüşlərdə şəhid olub və Ağcabədi rayonunda dəfn edilib. Azərbaycan Prezidentinin 5 fevral 1993-cü il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.