“Azərbaycanda hələ ki dünya ölkələrində olduğu kimi, zorakılıqla bağlı böyük statistik göstəricilər qeydə alınmayıb”.
Lent.az məlumat verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi COVID-19 pandemiyasının məişət zorakılığı hallarının artmasına təsiri barədə yaydığı məlumatda bildirilib:
“Lakin KİV-də ailə-məişət zəminində baş verən zorakılıq halları haqqında xəbərlər, sosial şəbəkələrdə yayılan məlumatlar, eyni zamanda, komitəyə edilən müraciətlə apardığımız müşahidələr bizi narahat edir. Təəssüflər olsun ki, bu gün dünyada gedən bu neqativ tendensiya ölkəmizdə də sezilməkdədir. Biz bir dövlət qurumu olaraq, çalışırıq ki, belə halların sayı artmasın. Regionlarda və Bakıda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri və Qadın Resurs Mərkəzləri tərəfindən “ailələrə zəng kompaniyası” keçiririk. Xüsusilə də həssas və risk qrupundan olan ailələr və onların üzvlərinə psixoloji, hüquqi xidmətlər göstəririk. Lazım olduqda sosial işçilər həmin ailələrə baş çəkir, yerində vəziyyəti araşdırıb, vətəndaşları adiyyatı dövlət qurumlarına yönəldirik. Sosial təcrid dövründə müraciətlər əsasən emosional gərginlik keçirmə, tənhalıqdan qorxma, panik atak keçirmə, uşaqların davranış pozuntuları, adaptasiyası və digər məsələlərlə bağlı olub. Müraciətçilər peşəkar mütəxəssislər tərəfindən konsultasiya edilib”.
Məlumatda həmçinin qeyd edilib ki, sosial təcrid dövründə məişət zorakılığına və ya gender əsaslı zorakılığa məruz qalmış insanların hüquqlarının müdafiəsi ilə bağlı iş aparılır:
“Davamlı olaraq icra hakimiyyətləri yanında fəaliyyət göstərən monitorinq qrupları, müvafiq hüquq-mühafizə orqanları, zorakılığa məruz qalan qadın və uşaqlara sığnacaq verən qeyri-hökumət təşkilatları ilə əlaqəli şəkildə fəaliyyət davam etdirilir və faktlar üzrə operativ iş aparılır”.