Azay Guliyev QHT-lərə müraciət etdi
20 iyun 2020 23:13 (UTC +04:00)

Azay Guliyev QHT-lərə müraciət etdi

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Guliyev QHT-lərə müraciət edib!

Lent.az-ın xəbərinə görə, müraciətdə deyilir:

"Hörmətli qeyri-hökumət təşkilatlarının nümayəndələri,

Bildiyimiz kimi, son həftələrdə ölkəmizdə COVID-19 pandemiyasına yoluxma hallarının kəskin artmasını nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejiminin cari ilin avqustun 1-dək uzadılması, həmçinin, 21 iyun-5 iyul 2020-ci il tarixlərində ciddi karantin rejiminin tətbiqinə dair qərar qəbul edib.

Dövlətimizin bu sahədə həyata keçirdiyi bütün tədbirlərə adekvat ictimai dəstəyin təmin edilməsi bizim hər birimizin vətəndaş borcudur. Mart ayından etibarən tətbiq olunan xüsusi karantin rejiminin ilk günündən başlayaraq vətəndaşlarımızın nümayiş etdirdiyi sosial məsuliyyət və həmrəylik qlobal təhlükəyə çevrilən koronavirus pandemiyasına qarşı mübarizədə bu gün də ən çox ehtiyac duyulan məsələdir.

QHT-lərdən indiyə qədər olduğu kimi bundan sonra da üzərlərinə düşən missiyanı uğurla həyata keçirərək qarşıdakı iki həftədə infeksiyaya yoluxma sayının minimuma endirilməsi məqsədi ilə ölkə vətəndaşlarının sərtləşdirilmiş karantin rejiminin qaydalarına birmənalı əməl etməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydada ictimai monitorinq və maarifləndirmə kampaniyalarını daha effektiv şəkildə davam etdirmələri xahiş olunur.

Şuranın 2020-ci ildə elan etdiyi qrant müsabiqələrinin qalibi olan bir çox QHT layihəsinin pandemiya ilə bağlı məsələlərə yönləndirildiyini və bu günə kimi 246 QHT ilə qrant müqaviləsinin imzalandığını nəzərə alaraq, QHT sektorunun bu bəla ilə mübarizədə daha fəal olacağına, ümummilli həmrəyliyə daha çox töhfə verəcəyinə, dövlət tərəfindən qəbul olunan qərarların icrasının təmin olunmasında daha çox işlər görəcəyinə inanıram.

Bu baxımdan fəaliyyət sahəsindən asılı olmayaraq hər bir QHT bütün imkanlarını səfərbər edərək əhalini Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyə və çağırışlarına riayət etməyə çağırmalı, eyni zamanda sosial yardıma ehtiyacı olan ailələrə, xüsusi ilə yaşlılara yardımların göstərilməsində imkanları daxilində fəal olmalıdır.

Əminəm ki, hazırkı çətin dönəmdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın yaxından dəstəyi, xüsusilə yüksək sosial məsuliyyət və vətəndaş borcumuzun hamı tərəfindən dərk edilməsi sayəsində ən yaxın zamanda COVID-19 bəlasına qalib gələrək tezliklə normal həyat tərzinə qayıda biləcəyik".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2863
avatar

Oxşar yazılar