Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə idarənin İctimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini Qəmər Cavadlını yubileyi münasibəti ilə təbrik edib.
Lent.az-ın məlumatına görə, Şeyxülislam bildirib ki, Qəmər xanım Cavadlı QMİ-də müxtəlif vəzifələrdə çalışdığı 30 il ərzində səmərəli fəaliyyət göstərib, sammit və konfransların təşkilində, keçirilməsində, idarənin nəşrlərinin işıq üzü görməsində yaxından iştirak edib. Qəmər xanım artıq 10 ildir ki, İctimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini vəzifəsində çalışır və müsəlman dini idarələri tarixində bu statusu qazanan ilk qadındır.
QMİ sədri yubilyarın elmi fəaliyyətini də yüksək qiymətləndirib, onun müəllifi olduğu “Sizi xatırlarkən”, “İslam və Kütləvi İnformasiya Vasitələri”, “İslam və Bioetika” kitablarının maraqla qarşılandığını qeyd edib.
Şeyxülislam həzrətləri Qəmər xanıma xoş arzularını yetirib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qəmər Cavadlı göstərdiyi diqqət və qayğıya görə Şeyxülislam Allahşükür Paşazadəyə minnətdarlığını bildirib, çiyin-çiyinə çalışdığı kollektivin hər bir üzvünə təşəkkür edib.
Sonda yubilyara “Qurani-Kərim” hədiyyə olunub, xatirə fotosu çəkilib.