"8-ci sinif şagirdinə nişan etməkmi olar?” - Ailə təkzib etsə də, polis...
09 fevral 2021 12:00 (UTC +04:00)

"8-ci sinif şagirdinə nişan etməkmi olar?” - Ailə təkzib etsə də, polis...

“Ay atam, ay qardaşım, balaca uşağı evləndirməkmi olar? 8-ci sinif şagirdinə nişan etməkmi olar?”

Lent.az xəbər verir ki, bu sözləri Elnazın nənəsi Baku.tv-ə açıqlamasında bildirib.

O Elnaz ki, ötən gün nişanlanma xəbəri bütün gündəmi alt-üst etmişdi.

Gürcüstanın Poniçala (Soğanlıq) adlanan ərazisində yaşayan azərbaycanlı ailənin övladları, 14 yaşlı Elnaz Məmmədova ilə 17 yaşlı Əmirxan Mehrabovun nişan mərasimi xəbərləri bütün sosial şəbəkələrdə də geniş müzakirə mövzusu oldu. Qohum olduqları bildirilən iki azyaşlının nişanlanması xəbərini ailəsi təkzib edib. Nənəsi Elnaz Əhmədova onların sadəcə, ad günü keçirdiklərini bildirib:

“Nişan deyil. Onlar xalauşaqlarıdı. Ayın 5-də qızımızın yaşı idi. Xalasıgili gələcəkdi deyə ayın 7-nə saldıq. Yaşını qeyd etdik. Uşaqlar birlikdə şəkil də çəkdirdi. Kəndimizdə yalan məlumatlar yayılıb. Ay atam, ay qardaşım, balaca uşağı evləndirməkmi olar? 8-ci sinif şagirdinə nişan etməkmi olar?”

Hüquqşünas Şamil Paşayev də məsələ ilə bağlı fikir bildirib. O, qeyd edib ki, 12-15 yaşında uşaqların nikaha daxil edilməsi BMT-nin tərəfdaş olduğu ölkələrdə yolverilməz və qəbuledilməzdir:

“BMT-nin 1989-cu ildə qəbul olunmuş nizamnaməsinə görə 18 yaşı tamam olmayan, yetkinlik yaşına çatmayanlar uşaq hesab olunur. 12-15 yaşında uşaqların nikaha daxil edilməsi dünyada qəbul edilmiş beynəlxalq qanunvericilikdə yolverilməzdir. Bizim qanunvericiliklə bərabər burada əsas məsələ Gürcüstanın qanunvericiliyidir. Ancaq orda da yetkinlik yaşına çatmayan şəxslər arasında nikah müqaviləsinin bağlanması qadağandır. Bundan başqa, yetkinlik yaşına çatmayan uşaqların öz iradəsindən kənar kiminsə vasitəsi və ya təsiri ilə nikaha məcbur edilməsi və yaxud da onların arasında bir “deyiklilik” mərasimi, onların gələcəkdə bir-biri ilə evləndiriliməsinə zəmin yaradılması uşaqların hüquqlarının pozulması deməkdir. Uşaqlar böyüməli, təhsil almalı, böyüyəndən sonra öz seçimini etməlidir. Onları uşaqlığından, təhsilindən ayırıb, evləndirməyə təhrik və təşviq etmək birmənalı şəkildə qadağandır. Azərbaycanın da, Gürcüstanın da qoşulduğu konvensiyalarda öz əksini tapıb”.

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisinin Poniçala (Soğanlıq) kəndində 11 yaşlı azərbaycanlı qızın nişanlanması ilə bağlı sosial şəbəkələrdə yayılan video ilə əlaqədar istintaqa başlayıb.

Qeyd olunub ki, istintaqda Gürcüstan Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayanın evlənməyə məcbur edilməsini nəzərdə tutan maddə ilə başladılıb.

“Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin Yeniyetmələrlə İş üzrə Baş İdarəsi müvafiq video yayıldıqdan dərhal sonra reaksiya verib və Gürcüstan Cinayət Məcəlləsinin azyaşlının evlənməyə məcbur edilməsini nəzərdə tutan 150-ci maddəsinin 2-ci hissəsinin A bəndinə əsasən istintaqa başlayıb. Yayılan video materialda qeyd olunan cinayət hallarının müəyyənləşdirilməsi məqsədi ilə bütün müvafiq istintaq və prosessual tədbirlər aparılır”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Gürcüstanın Ombudsman Aparatı da müvafiq video ilə əlaqədar araşdırmalara başladığını bəyan edib. Qurumun bəyanatında bildirilib ki, ictimai müdafiəçinin nümayəndələri faktla əlaqədar əlavə məlumatlar əldə edib və bu barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.

“Təəssüf ki, erkən evlilik, uşaq nikahı, habelə xoşagəlməz nişan mərasimləri hələ də Gürcüstanda mövcuddur. Gürcüstanın ictimai müdafiəçisi tərəfindən araşdırılan nümunələr göstərir ki, bu kimi hallar daha çox məcburi evliliklər, azadlıqdan qanunsuz məhrumetmə və valideynlər arasında əldə edilən razılaşmalar formasında baş verir”, - deyə Ombudsman Aparatının məlumatında qeyd olunub.

Bəyanatda Gürcüstanın ictimai müdafiəçisi hüquq-mühafizə orqanlarını fakta adekvat reaksiya verməyə və evlənməyə məcburetmə halının qarşısının alınması, uşağın maraqlarının təmin edilməsi istiqamətində lazımi araşdırma aparmağa çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 29529
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar