30 il əvvəl itirdiyi məktəbə qayıtdı – Füzulili müəllim 
05 oktyabr 2023 18:53 (UTC +04:00)

30 il əvvəl itirdiyi məktəbə qayıtdı – Füzulili müəllim 

Artıq uzun illərdi ki, 5 oktyabrı bizim ölkədə də bayram kimi qeyd edirlər. Hə, bu gün Beynəlxalq Müəllimlər Günüdür. Bu günün hər ildönümündə sosial şəbəkələrdə müəllimlərlə bağlı nə istəsəniz oxuya bilərsiniz. Tərifləyən kim, tənqid atəşinə tutan kim... Bayram günündə siniflərdə müəllim və direktor üçün yığılan hədiyyə pulu barədə də yəqin rastlaşdığınız vaxtlar olub. Bunların hamısı yalandır deyə bilmərik. Amma paylaşılan hər məlumatın doğru olması belə vicdanlı, peşəkar müəllimlərin əməyinin üzərinə kölgə sala bilməz. 

Lent.az-ın əməkdaşı çalışdı ki, bu dəfə sizi həmişə rastlaşdığınız paytaxt müəllimlərindən daha uzaqda olan və daha fərqli görünən bir müəllimlə tanış etsin.   

Müsahibimiz işğaldan azad edilmiş Füzuli şəhərində anadan olan 30 ildən sonra bu torpaqlarda könüllü şəkildə dərs deməyə qayıdan Füzuli şəhəri, Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin müəllimi Sevinc Adıgözəlovadır.

- İşğaldan azad edilmiş torpaqlarda dərs demək necə bir hisdir?

- Bu gün işğaldan azad edilmiş torpaqlarda dərs demək çox qürurvericidir. Hər gün məktəbə gedəndə uşaqlıq illərim yadıma düşür. Vaxtilə mən bu yolu anam və atamın əlindən tutaraq gedirdim. İndi isə işğaldan azad olunmuş Füzuli şəhərində bir müəllim kimi məktəbə gedib, şagirdlərimə dərs öyrədirəm. Bu məktəbə könüllü şəkildə gəlmişəm. Çox xoşbəxtəm ki, öz torpağımda, Vətənimdə bu gün müəllim kimi xidmət edirəm. Sözlə ifadə edə bilməyəcək qədər çox gözəl bir hissdir.

- Müəllimlik peşəsində ən çox diqqət edilməli məqam nədir?

- Bu günə qədər qazandığım bütün uğurlar, nailiyyətlər müəllimlərimin sayəsində olub. Bu gün də şagirdlərim tərəfindən qazandığım sevginin hamısını müəllimlərimə borcluyam. Məhz bu baxımdan düşünürəm ki, ana qədər də müəllimin də haqqı ödənməz. Bu günə qədər də şagirdlərimi övladımdan ayırmamağa çalışmışam. Düşünürəm ki, bu mənim birmənalı missiyamdır. Müəllimin ilk növbədə vicdanı olmalıdır. Müəllim qətiyyən maddiyyat güdməməli, dərsə girərkən onun dərs saatının pulunu fikirləşməməlidir. Müəllim həmçinin öz ixtisasını mükəmməl bilməlidir. Şagirdinə ən böyük nümunə olmalıdır. Öyrədən və öyrənən arasında “dağlar, dərələr” olmamalıdır. 

- Fikrinizcə, təhsilimizdə nə kimi yeniliklərin olmasını istəyərdiniz?

- Düşünürəm ki, şagirdlərə müxtəlif xarici dillər tədris olunmalıdır. Bundan əlavə məktəblərdə xüsusilə ingilis və rus dilləri mükəmməl səviyyədə öyrədilməlidir.

- Sizcə, müəllim olmaq daha çətindir, ya şagird?

- Müəllim olmaq daha məsuliyyətli və çətindir. Çünki bu gün həkimi, hüquqşünası, hərbiçini, elə məhz müəllimi də yetişdirən müəllimdir. Bu baxımdan müəllimlik çox şərəfli peşədir. Cəmiyyətə bir çox mənada birbaşa mesaj verən şəxs elə müəllimdir. Qarşımızda oturan hər bir şagirdə bir şəxsiyyət kimi baxır və onu Vətənə, dövlətə ləyaqətli bir vətəndaş kimi formalaşdırırıq. Ən çətin olanı uşaqların sevimli müəllimi olmaqdır. Böyüklərdən fərqli olaraq uşaqların sevgisi içdən gəlir. Hər bir müəllim şagirdlərinin sevgisini qazanmalıdır. Bu da ilk öncə müəllimdən peşəkarlıq tələb edir. 23 illik pedaqoji təcrübəmdən bu qənaətə gəlirəm ki, müəllim-şagird münasibətlərini düzgün qura bilmək üçün müəllim ilk növbədə şagirdləri yaxşı tanımalı, onların fərdi, psixoloji xüsusiyyətlərini bilməlidir. 

- Bəs, sizin şagirdlərlərinizlə aranızdakı münasibət necədir?

- Şagirdlərlə münasibətim həmişə yaxşı olub. Əlbəttə ki, istisnalar var. Bəzi siniflərdə hiperaktiv şagirdlər də var. Onlarla dil tapmağa, onların zəif damarını tutmağa çalışıram. Hər birinə bir şəxsiyyət kimi yanaşır həyata onların gözlərindən baxmağa cəhd edirəm. Belə olduqda onlar da məni sevməyə başlayır. Onları alçaltmaq yerinə, əksinə özgüvən aşılayıram. Baxmayaraq ki, 1 aydan azdır ki, bu məktəbdə çalışıram. Buradakı uşaqlar da hər biri fərqli bölgələrdən gəlib. Amma artıq öyrəşmişəm və burada səmimi mühit yaratmaqdır niyyətim.

- Sonda müəllim olmaq istəyən gənclərə demək istədikləriniz nədir?

- Gənc müəllimlərə məsləhətim odur ki, şagirdlərə daha çox sevgi və qayğı göstərsinlər. Həmçinin onların özgüvənini qırmamalıdırlar. Elə etməlidirlər ki, şagird cəmiyyətdə özünü tapsın. Bu gün hər bir şagird öz sözünü deməyi bacarmalıdır. Alim olmaq asandır, amma insan olmaq çətindir. Bu gün cəmiyyətə yararlı, vicdanlı insan yetişdirmək lazımdır. Bir sözlə, müəllim işini ürəklə və sevgiylə gördükcə o, həm şagirdlərin sevimlisi olur, həm də tədris etdiyi fənni sevdirə bilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6837
avatar

Arzu Qurbanlı

Oxşar yazılar