Su bazarı: saxta sular, limonadlar, enerji içkiləri...-ARAŞDIRMA
31 iyul 2012 00:14 (UTC +04:00)

Su bazarı: saxta sular, limonadlar, enerji içkiləri...-ARAŞDIRMA

Qızmar yayda ən çox tələbat duyulan məhsul – sudur. Yay günəşi yandıranda əhali susuzluqdan yanan ciyərini sərin su və sərinləşdirici içkilərlə söndürməyə çalışır. Çeşid-çeşid suları fərqinə varmadan içən istehlakçı bu suların hansı fəsadlara yol açmasından isə bəlkə də xəbərsizdir....

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ildə 2 milyona yaxın insan təhlükəsiz hesab etdiyimiz sudan zəhərlənib ölür. Bir il ərzində 1 milyard insan isə su vasitəsilə xəstəlik tapır. Azərbaycanda sudan nə qədər adamın zəhərlənməsi və ya ölməsi heç bir qurumun araşdırma mövzusu olmasa da, içdiyimiz suyun çoxlu dərdlər yaratdığı artıq faktdır.

Saxta Borjomi

“Sərinləşdirici içkilər Azərbaycanın çirklənmiş ərzaq malları bazarında ikinci yerdə dayanır. İlk yeri isə spirtli içkilər tutur”. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov APA-ya deyib ki, artıq bütün dünyada təbiətin möcüzəsi sayılan su problemə çevrilməkdədir. Azərbaycanda da içməli sularla bağlı problem gündəmdədir: “Ölkədə olan hər brend suyun saxta variantları var. Lakin iyi, dadı, qoxusu olmadığından və məhsulların istehsalatdan ticarətə qədər irəliləmə mexanizmi açıqlanmadığından heç kəs təminat vermir ki, hansı partiya mal tənzimlənib, hansı partiya birbaşa krandan götürülüb. Ona görə də AİB-ə hər həftə bu problemlə əlaqədar 10-12 istehlakçı müraciət edir. Ümumilikdə bazarın sular sektorunun mineral sular hissəsində daha çox xaos yaşanır. ”Borjomi” suyu ölkədə süfrə suyu, hamının içə biləcəyi su kimi təqdim olunur. Amma bu, müalicəvi sudur. Bunu hamı içə bilməz. Bu su müəyyən xəstəliklərə zərərlidir. Ona görə də istehlakçılar üçün məlumat standartı hazırlanacaq. Bu standartlar hazırlanandan sonra istehsalçıları hansı malın zərərli olduğunu onun etiketində yazmağa məcbur edəcəyik”.

Birlik sədri deyib ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə məhsulun istehsaldan istehlakçının stolunun üstünə qədər olan sistemi yaradılacaq: “Nəticədə su istehsalı müəssisələrinə gümüş, qızıl və platin mal nişanları verəcəyik. Onlar malların üzərinə vurulacaq. Bununla da ayırd edəcəyik ki, hansı su daha yaxşıdır. 10-15 ərzində heç vaxt yaxşı mal haqqında danışmamışıq. Lakin indi istehlakçıların tələbatını nəzərə alaraq USAİD bu layihəni həyata keçirəcək. Mal nişanları vurmaqla su bazarında vəziyyəti dəyişmək istəyirik. Bunun üçün Türkiyədən laboratoriya da gətiriləcək. Yeganə inandığımız müstəqil laboratoriya o ola bilər. Ölkədə müstəqil ekspertiza yoxdur. Ona görə də hazırda sərinləşdirici içkilər bazarında böyük problem yaşanır. İstehsalçıların, istehlakçıların, dövlət qurumlarının və KİV-in iştirakı ilə ekspertizalar aparılacaq. Mağazalardan müxtəlif sular alınacaq, onlara anonim marka vurulacaq və laboratoriyaya göndəriləcək. Suların mikrobioloji, kimyəvi analizləri tam şəffaf aparılacaq. Təmiz çıxan sulara keyfiyyət nişanı verib onun böyük təbliğatını aparacağıq. Dövlət qurumları ilə treninqlər də keçiriləcək. Səhiyyə Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadi İnkişaf Nazirliyi də bu prosesə cəlb olunacaq”.

15 növ saxta “gürcü limonadı”

E. Hüseynov qeyd edib ki, “Yeyinti məhsulları haqqında” qanuna görə, məhsulun tam tərkibi onun üzərində göstərilməlidir. Suyun saxlanma müddəti, buraxılma tarixi etiketdə yazılmalıdır: “Təəsüf ki, çox hallarda buna riayət edilmir. Bütün rənglənmiş limonadlar ən çirkli sular hesab olunur. “Gürcü limonadı” adı altında 15 növ saxta limonad buraxılır. Əslində bu məhsulların hamısı standarta uyğun olmayan, antisanitar vəziyyətin hökm sürdüyü sexlərdə hazırlanır. Bunların arasında almalı, armudlu, tərxunlu limonadlar və s. var. Bu limonadların geniş satış şəbəkəsi restoranlar və şadlıq evləridir”.

E. Hüseynov standarta uyğun olmayan sulara qarşı dövlət nəzarətinin qənaətbəxş olmadığı fikrindədir: “Su istehsalı müəssisələrinə sertifikatlar ayla, illə verilir. Sertifikat əslində partiya mala verilməlidir. Tutaq ki, müəssisəyə 1 illik sertifikat verilir. Sertifikat veriləndən sonra istehsalçı bu məhsulu krandan doldurur, yoxsa başqa yerdən doldurur, buna heç kim nəzarət etmir”.

20 min litrdən artıq su bazardan çıxarılıb

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliev isə APA-ya bildirib ki, yay mövsümündə sərinləşdirici içkilər və dondurmalara tələbat artır. Buna görə də İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu sahəyə dövlət nəzarətini daha da gücləndirir və intensiv monitorinqlər keçirir: “Sərinləşdirici içkilər bazarında müəyyən qanun pozuntuları aşkarlanır və bununla bağlı ictimaiyyətə mütəmadi məlumatlar verilir. Bazarda olan vəziyyətin monitorinqi göstərir ki, əvvəlki illərə nisbətən daha az qanun pozuntularına rast gəlinir. Normativ sənədlərə əməl etmədən məhsul istehsalı, yararlılıq müddətinin və istehsal tarixinin göstərilməməsi, düzgün markalanmanın, etiketlənmənin aparılmaması, vaxtı keçmiş məhsulların satışda olması faktları azalıb. Yay mövsümü başlayandan indiyə qədər keyfiyyətsiz olduğundan, reseptura olmadan istehsal edildiyindən və digər səbəblərdən bazardan 20 min litrdən artıq limonad, qazlı və qazsız su, meyvə nektarı çıxarılaraq məhv edilib. Belə monitorinqlər yay mövsümü başa çatana qədər davam edəcək”.

20 dərəcədən yuxarı təhlükəlidir

Qeyd edək ki, spirtsiz içkilər 0-20 dərəcə temperaturda saxlanmalıdır. Meyvə şirələri və ekstraktları 0-10 dərəcə, şəkər əlavə edilmiş şirələr 0-20 dərəcə, şərbət, mors və quru konsentratlar 12-20 dərəcə temperaturda saxlanıla bilər. Qazlı içkilərin saxlanma müddəti 30 gündən 6 aya, diabetiklər üçün içkilər və süni mineral sular 15 günə, bütün növ düşes limonadları 20 günə, təbii mineral sular 4 aydan 1 ilə, meyvə-giləmeyvə şirələri 1 ilə, qazlı içki konsentratları 2 ilə, meyvə nektarları ən çoxu 9 aya, feyxoa nektarı ən çoxu 6 aya qədər saxlanıla bilər. Daşınma və saxlanma şərtlərinə görə spirtsiz içkilərin saxlanma müddəti istehsalçı tərəfindən səlahiyyətli orqan ilə razılaşdırılaraq müəyyən edilir. Günəş şüaları altında və 20 dərəcədən yuxarı saxlanılan spirtsiz içkilərin istifadəsi təhlükəlidir. Spirtsiz içkilərin keyfiyyəti orqonoleptiki, həm də fiziki-kimyəvi göstəricilərinə görə müəyyən edilir. Keyfiyyətli spirtsiz içkilər şəffaf, çöküntüsüz olur. Spirtsiz içkilərin etiketində istehsalçı müəssisənin adı, mənşəyi və istehsal olunduğu ölkə, tərkibi, qida dəyərliliyi, istehsal tarixi, saxlanılma şəraiti və müddəti, istehsalçının ticarət nişanı, minerallaşma dərəcəsi, suyun təyinatı (müalicəvi süfrə suyu və ya təbii süfrə suyu olması), istehsalında istinad olunan standartın nömrəsi, sertifikatlaşdırma barədə qeyd olmalıdır. Şəkərli spirtsiz içkilərin tərkibində 7-10 faizə qədər şəkər, 0,1-1,2 faizə qədər üzvi turşu, eləcə də vitaminlər və digər bioloji fəal maddələr olur. Təbii meyvə-giləmeyvə ekstraktı ilə hazırlanmış spirtsiz içkilərin tərkibində minerallar, rəngləyici, digər bioloji fəal maddələr mövcuddur. Bəzi hallarda bu məhsullar saxlanma müddətindən artıq saxlandığından və temperatur rejiminə əməl edilmədiyindən zəhərlənməyə səbəb ola, mədə-bağırsa sistemində fəsadlar və maya göbələkləri yarada bilər.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası: İsti günlərdə qazlı və tünd içkilərdən istifadənin bədənə ancaq ziyanı var

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya bildirib ki, istifadəyə ən təhlükəsiz su adi sudur. Amma qazlı sular və tünd içkilər bədəndən suyu daha da tez çıxarırlar: “Gün ərzində ən azı 2 litrə qədər maye qəbul etmək lazım olsa da, qazlı və tünd içkilərdən uzaq olmaq lazımdır. Kapron qablarda uzun müddət gün altında saxlanılan suları istifadə etmək təhlükəlidir. Əhali gizli sexlərdə, antisanitar şəraitdə, küçədən yığılan qablara doldurulan sulardan ehtiyatlı olmalıdır. Onlar yaxşı marketlərdən üstündə ştrix kodu olan sular almalıdır. Küçədə, gün altında saxlanılan məhsullardan istifadə etmək düzgün deyil. Qazlı və tünd içkilərdən uzaq olsunlar. İsti günlərdə qazlı və tünd içkilərdən istifadənin bədənə ancaq ziyanı var”.

195 müəssisədən 10 faizi...

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev APA-ya açıqlamasında bildirib ki, bu ilin iyun-iyul aylarında 92 nümunə sərinləşdirici içki, 60-a yaxın dondurma nümunəsi yoxlanılıb: “Bəzi limonadlarda normadan kənara çıxma halları aşkar olunmuşdu, lakin təkrar müayinə zamanı bu hal da aşkarlanmadı. Müayinələr yayın sonuna qədər aparılacaq. Yay aylarında əhalinin bu məhsullardan istifadəsi çoxaldığından müayinələr yay aylarında intensivləşir. Hazırda bir çox müəssisələrdə yeni avadanlıqlar qurulur. Amma bununla bərabər elə müəssisələr var ki, onların sanitar normaları bizi qane etmir. Bu müəssisələrə qarşı müəyyən inzibati tədbirlər görülür. Əvvəlki illərə nisbətən bu sahədə texnoloji proseslərdə irəliləyişlər hiss olunur”.

İ. Abdullayev qeyd edib ki, ən böyük problemlər sex həcmində fəaliyyət göstərən müəssisələrdə qeydə alınır: “Sexlərin texniki vəziyyətləri normalara cavab vermir. Böyük zavodlarda isə bu hallar aradan götürülüb. Qazlı içkiləri günəş altında və vaxtından çox saxlamaq olmaz. Məhsul verilmiş müddət ərzində satılmalıdır. Polikarbonatlardan hazırlanan plastik qablarda suyun saxlanması normativlə yol verilən haldır. Amma bu, şüşəni əvəz edə bilməz. Məhsulla təması tamamilə yoxlanıldıqdan sonra icazə verilən markalardan hazırlanan plastik qablarda sular saxlana bilər. Kənar markalardan isə plastik butulkalar hazırlana bilməz”.

Şöbə müdirinin sözlərinə görə, bu ilin 5 ayı ərzində sanitar-gigiyenik normaları pozduğuna görə 523 nəfər cərimə olunub. Amma onların hamısı dondurma və su istehsalçısı deyil. İlin I yarısında normaları pozan 195 müəssisə bağlanıb ki, onların 10 faizi su istehsalı müəssisələridir.

Bakıda qablaşdırılan suların hamısı krandan götürülür

Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov APA-ya deyib ki, hazırda Azərbaycan bazarında 100 addan çox su satılır. Əhali havaların istiləşməsi ilə əlaqədar suların adına baxmadan sərin suları alıb içirlər: “Hazırda Azərbaycanda bulaq başında bağlanan sular var ki, onlar tərkibinə görə Avropa sularından da üstündür. Məsələn, Qazax, Gədəbəy, Qusar, Qax, Altıağacdan sular gəlir ki, onlar həqiqətən bulaq başında bağlanır. Iki su isə rayondan gətirilərək Bakıda qablaşdırılır. Bunlardan başqa Bakıda qablaşdırılan suların hamısı demək olar ki, krandan götürülür və filtrlər vasitəsilə təmizlənib bağlanılır. Rayonlardan gəlmə su ilə kran suyunun fərqi ondan ibarətdir ki, rayon suyunun enerjisi və tərkibi insana çox yaxşı təsir bağışlayır”.

D. Məmmədov qeyd edib ki, Bakıda şəbəkə sularının tərkibi təmiz olmadığından evlərdə və iş yerlərində insanların 20 litrlik sulara ehtiyacı daha da artıb. Tələbat artdıqca su biznesi ilə məşğul olan biznesmenlər bu prosesə haram qatırlar: “Suyun üzərinə “Dağ suyu”, “Buzlaq suyu”, ”Qax suyu”, “Lerik suyu” adı yazaraq istehlakçıları aldadırlar. Bu suların hamısı Bakıda qablaşdırılır. Hazırda su bazarında ən saxta sular 19-20 litrlik sulardır. Tutaq ki, Maştağada “Dağlar suyu” buraxırlar, üstünə də bir dağ şəkli yapışdırırlar. Altına da yazırlar ki, “Sabunçu rayonu, Maştağa qəsəbəsi”. Burada həmin sahibkara sənəd verən dövlət orqanının da günahı var. Suyun üstünə yazırlar ki, “Gədəbəyin kəhrizlərindən gətirilmiş kəhriz suyu”, sex isə Binəqədi rayonunda yerləşir. Axı camaatı belə aldatmaq olmaz. Hökumət orqanları hara baxır. İstehlakçıların hüquqları yaxşı qorunmadığı üçün əsl sahibkarlar da əziyyət çəkirlər. Xaricdən 1 milyon dollara avadanlıq gətirən sahibkar da bazara su çıxarır, krandan dolduran da. Bu məsələləri tənzimləyən qanunlarda boşluqlar çoxdur”.

D. Məmmədovun sözlərinə görə, müəssisələr ən yaxşı su istehsal eləsələr də, onların mağazalara, istehlakçıya çatdırılmasında problemlər var: “Mağazalar suyun müvafiq temperaturda - 5-20 dərəcədə sərin yerdə saxlanmasında maraqlı deyillər və buna şəraitləri yoxdur. Belə şəraitdə plastmas qabın içində olan təmiz su belə günəş şüaları ilə reaksiyaya girir və onun keyfiyyəti dəyişir. Bu qabları 20 dərəcədən yüksək temperaturda saxlamaq qəti qadağandır. Hərarət artdıqca bu qablarda olan zərərli elementlər içindəki məhsula hopur və orqanizmi tədricən zəhərləyir. Gələn suyun tərkibinə ildə bir dəfə sertifikat verilir. Axı bu müddətdə suyun tərkibi dəyişir. Dəfələrlə dövlət qurumlarına təklif etmişik ki, gedib dükanlardan seçmə yollarla su alıb laboratoriyalarda yoxlayaq, görək tərkibi ilə üstündə yazılan uyğun gəlir, ya yox. Sizi əmin edirəm ki, bu göstəricilər 99 uyğun gəlməyəcək”.

Rəngli limonadlarla bağlı vəziyyət biabırçıdır

Birlik sədri deyib ki, ölkədə su istehlakçılarının aldadılması prosesi baş alıb gedir: “Küçələrdə satılan rəngli limonadlarla bağlı vəziyyət lap biabırçıdır. Hamam vannasında yuduqları qablara limonad doldurub küçələrdə satırlar. Bu cür məhsullar Azərbaycanın bütün rayonlarında istehsal olunur. Bu cür müəssisələrə gələn yoxlamaların da heç bir mənası yoxdur. Heç bir sahibkar öz malını gedib mağazalardan geri götürmür. O sahibkara istehsal etdiyi məhsul üçün uyğunluq və gigiyenik sertifikatı verən var. Onlar sertifikatsız işləmirlər. Həmin sertifikatı kim veribsə, o adamları cəzalandırmaq və həmin sertifikatları geri almaq lazımdır”.

Dövlət Məmmədovun sözlərinə görə, Azərbaycanda satışda olan kvasların heç biri əsl kvas deyil: “Bu günəcən ölkədə kvas zavodu yoxdur. Kvas adı ilə satılan məhsullar xaricdən alınmış tozdan hazırlanır. Əsl kvas arpa, çovdar və digər bitkilərin texniki üsullarla qıcqırdılması yolu ilə hazırlanır. Bunlar hamısı Azərbaycanda istehlakçıların aldanmasına aparıb çıxarır. Əfsuslar olsun ki, Azərbaycanda müxtəlif adlarda bu cür saxta kvaslar buraxılır. Bu sahəyə nəzarət isə çox zəifdir”.

Enerji içkiləri müxtəlif şişlər yaradır

Azərbaycanda enerji içkilərinin satışına və gətirilməsinə qadağa qoymağı təklif edən D. Məmmədov bildirib ki, bu içkilər 1960-cı ildə Amerika Müdafiə Nazirliyi tərəfindən icad olunub və döyüş ruhunu qaldırmaq üçün Vyetnamda vuruşan əsgərlərə verilib: “Bir neçə ildən sonra bu əsgərlərin bədənlərində və beyinlərində müxtəlif şişlər, yaralar əmələ gəlib. Bu içkilər mərkəzi sinir sistemini pozub. Ondan sonra bu içkiləri qadağan eləyiblər. Hazırda Fransa, Danimarka, Almaniya, Norveç, Yeni Zelandiya, ABŞ-ın bəzi ştatlarında bunların satışına və istehsalına qadağa qoyulub. Həmin içkiləri yalnız apteklərdə həkim resepti ilə almaq olar. Avropa dövlətlərində bu içkilərin reklamına belə qadağa qoyulub və üzərində də aydın olaraq yazılıb ki, bu içkilər heç bir enerji vermir. Enerji içkiləri ancaq təzyiqi qaldırır, tərkibində alkoqol var və kofein normadan 4-5 dəfə çoxdur. Bu içkilərə aludə olan gənclər narkomaniyanın və alkoqolizmin bir addımlığında olurlar. Bu içki gənclərdə genefondu pozmağa hesablanıb”.

“Borjomi”, “Nabeqlavi”, “Yessentuki”... keyfiyyəti aşağıdır

Birlik sədri hesab edir ki, xaricdə istehsal olunan suların Azərbaycan bazarına gətirilməsi ölkədə sərinləşdirici su istehsalına mənfi təsir göstərir: “Hazırda Azərbaycana xaricdən müxtəlif sular gətirilir, buna heç kim etiraz eləmir. Bu səbəbdən Azərbaycanın su və limonad zavodlarının işi zəif gedir. Gürcüstanda istehsal olunan bütün sular Azərbaycan bazarında var. Halbuki Azərbaycanın özündə təmiz otlardan hazırlanmış limonadlar var ki, bu limonadların heç biri tərkibinə görə xarici limonadlardan geri qalmır. “Borjomi”, “Nabeqlavi”, “Yessentuki”, “Narzan”, Fransa və Rusiya suları keyfiyyətinə görə Azərbaycan sularından aşağıdır. Azərbaycan bazarına həmin suların təmiz variantları da gəlir. Eyni zamanda onların çoxlu saxta variantları da var. Belə saxta sular Bakıda bir sıra işbazlar tərəfindən qablaşdırılır və kiçik mağazalara, dost-tanışı olan yerlərə satışa verilir”.

D. Məmmədov qeyd edib ki, sərinləşdirici su bazarındakı vəziyyətə görə heç kim məsuliyyət daşımır: “Bu proses bütün dövlət orqanlarının gözünün qarşısında baş verir və heç kim suyun saxlanmasına cavabdehlik daşımır. Qazlı içkilərin tərkibinə vurulan qaz problemi demək olar ki, heç kimi maraqlandırmır. Hazırda bu içkilərin tərkibinə vurulan qaz Gürcüstandan gətirilir. Yerlərdə sexlər var ki, onlar kustar yollarla karbon oksid alırlar və kiçik su sexlərinə satırlar. Halbuki bu gün Naxçıvanda təbii qaz zavodu açılıb və böyük su müəssisələri də hamısı onlarla işləyir. Bəzən olur ki, suyu açanda ondan başqa dad gəlir. Buna səbəb suyun tərkibinə vurulan qazın keyfiyyətsiz olmasıdır. Bu sahədə dövlət orqanlarının böyük günahı var. Hansı kənddə hansı sexin olduğunu bələdiyyə də, icra nümayəndəsi də, sahə müvəkkili də bilir. “Ərzaq təhlükəsizliyi” haqqında qanunda aydın şəkildə yazılıb ki, insanların sağlamlığına birbaşa icra orqanları cavabdehdir. Yoxlayan dövlət orqanlarının bu nöqsanların qarşısını almağa səlahiyyətləri çatmır. Plastmas şüşələrin balaca kapsullarını İrandan, Çindən, Pakistandan , Türkiyədən alırlar. Bizdə hələ bu günə qədər də dəqiq yoxlanmayıb ki, bu plastmasların tərkibinin fərqi nədən ibarətdir. Bunu nə alıcı, nə istehsalçı bilir. Hamı gedib alır, doldurur, satır, istehlakçı içib tullayır, sonra bu butulkalar təkrar istehsala verilir. Nəticədə isə əhali elə bu sual ətrafında baş sındırır: “Görəsən bu xəstəliklər niyə qurtarmır?”
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2138

Oxşar yazılar