Nuşirəvan Məhərrəmli: “Rus dilində danışmaq mədəni səviyyənin olması demək deyil”
20 iyul 2012 14:27 (UTC +04:00)

Nuşirəvan Məhərrəmli: “Rus dilində danışmaq mədəni səviyyənin olması demək deyil”

«Milli Televiziya və Radio Şurası Azərbaycanda efir məkanı ilə bağlı dövlət siyasətini həyata keçirən orqandır, biz efir siyasətinə nəzarət edirik. Buna baxmayaraq, təəssüf ki, efirdə yaradıcılıq işlərinə, proqram siyasətinə qarışa bilmirik. Biz istərdik ki, bəzi məsələlər, xüsusilə milli-mənəvi dəyərlərlə bağlı verilişlərlə əlaqədar MTRŞ-ın səlahiyyətləri artırılsın. İstərdik ki, başqa ölkələrdə olduğu kimi bizdə də milli-mənəvi dəyərlərə uyğun olmayan verilişlərin bir müddətə dayandırılması səlahiyyətləri verilsin”. APA-nın məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

N. Məhərrəmli deyib ki, Şura bu səlahiyyətlərdən cəza mexanizmi kimi yox, çəkindirici vasitə kimi istifadə etmək istəyir: «Məsələn, elə proqramlar var ki, xalqımız üçün xarakterik deyil. «Toy olsun», «Onun yarısı» və s. əyləncə xarakterli verilişlər Azərbaycan xalqının mənəviyyatına uyğun deyil. Təbii ki, içimizdə elə insanlar var ki, bu cür verilişlərə baxırlar. Amma əksəriyyət bu proqramların əleyhinədir. İstəməzdim ki, bu tip verilişlər Azərbaycanın efirini doldursun. Bu baxımdan, MTRŞ-nın həmin verilişləri dayandırmaq səlahiyyətləri olsaydı, bu verilişlər efirdə az olardı. Bəzən tanınmış insanlar, ziyalılar çəkinirlər ki, nöqsanları tənqid etsələr, həmin telekanal onlara qarşı çevriləcək. Mən MTRŞ-nın sədri kimi bəyan edirəm ki, əgər efirdə həmin şəxslərə qarşı tənqidi fikirlərinə görə verilişlər hazırlanarsa, çirkin kampaniya aparılarsa, həmin televiziya kanalları qarşılarında MTRŞ-nı görəcəklər».

MTRŞ sədri bir neçə dəfə milli-mənəvi dəyərlərə uyğun olmayan verilişlərin qısa müddətə dayandırılması ilə bağlı lazımi təşkilatlara müraciət etdiklərini də açıqlayıb. Bu məsələnin hələ öz həllini tapmadığını deyən N. Məhərrəmli hesab edir ki, gələcəkdə məsələyə yenidən baxmaq lazımdır.

N. Məhərrəmli Azərbaycan ədəbi dili ilə bağlı həm radio, həm də televiziyalarda problemlərin qaldığını da qeyd edib. Şura sədri problemin aradan qaldırılması üçün ictimaiyyət, xüsusilə ziyalı təbəqəsi öz üzərlərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirmədiyini düşünür: «Hətta elə hallar var ki, özlərini daha çox mütəxəssis hesab edənlər və savadı başqa dillərlə bağlayanlar zəhmət çəkib öz ana dillərini hələ də öyrənmirlər. Bu məni çox narahat edir. Telekanallara hansısa mövzuda gedən verilişlərə mütəxəssislər dəvət edilir və onların bir çoxu yarı rus, yarı Azərbaycan dilində danışırlar. Eləcə də, müxtəlif qurumlarda rus dilindən həddindən artıq geniş istifadə olunur. Rus dilində danışmaq hər hansı yüksək bilik sahibi olmaq və mədəni səviyyənin olması demək deyil. Əksinə, həmin insanların öz ana dilinə laqeyd münasibətidir».

Şura sədri AMEA-nın Dilçilik İnstitutu ilə birgə monitorinqlər aparıldığını da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 887

Oxşar yazılar