Mətbuat Şurası 5 qəzetlə bağlı qərar verdi
29 iyul 2011 17:55 (UTC +04:00)

Mətbuat Şurası 5 qəzetlə bağlı qərar verdi

Şuradan Lent.az-a daxil olan məlumata görə, MŞ sədrinin müavini Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri 6 müraciətlə bağlı araşdırmalar aparıb, müvafiq rəylər qəbul ediblər.

İclasda ilk rəy “Yeni Azərbaycan” qəzetinin “Yeni Azərbaycan naminə” qəzeti barədə şikayəti əsasında çıxarılıb. Müraciətdə deyilir ki, qarşı tərəf adına “naminə” sözünü əlavə etməklə “Yeni Azərbaycan”ın loqosunu mənimsəməyə cəhd göstərir. Oxucularda çaşqınlıq yaradan belə hal onlarda qəzetin fəaliyyət istiqamətini dəyişməsi kimi sual doğurmaqdadır. Komissiya üzvləri müzakirələr zamanı bunun birmənalı surətdə “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın “Jurnalistin özünün və çalışdığı orqanının reputasiyasının qorunması” adlı 4-cü prinsipinin 4.6 bəndinin “plagiat yolverilməz hərəkətdir” tələblərinə zidd olduğunu söyləyiblər.

Belə rəyə gəlinib ki, “Yeni Azərbaycan naminə” digər mətbu nəşrin loqosunu mənimsəmə cəhdi, müstəqil qəzet kimi saylarını dövlət gerbinin müşaiyəti ilə verməsi də qanunvericiliyin tələblərinə ziddir. Bu KİV məsələnin həlli üçün loqosunu yeniləşdirməli, dövlət gerbindən istifadə qaydalarına əməl etməli, həmçinin ölkə hüdudlarından kənarda təmsilçisi olmayan nəşr kimi özünü “beynəlxalq ictimai-siyasi hüquq qəzet” kimi təqdim etməkdən çəkinməlidir.

Qəzetin baş redaktoru Ramazan Bağırov iradlarla razılaşıb və qəzetin növbəti saylarında bunlara əməl edəcəyini deyib. O, Bakı şəhəri 14 saylı poliklinikanın bu mətbu nəşrlə bağlı şikayətinin müzakirəsi zamanı da səhvlərini etiraf edib, qəzetdə təkzib verməyə, qarşı tərəfdən üzr istəməyə hazır olduğunu bildirib. Lakin komissiya yekdil rəyə gəlib ki, qəzetdə həmin səhiyyə şəbəkəsi barədə eyni məzmunlu yazının onlarca KİV-də getməsi, iki il əvvəl “Yeni Azərbaycan naminə”nin təkzib verməsi yenidən mövzuya qayıdışda qərəz motivlərini ortaya çıxarır. Komissiya buna görə də qəzetə Mətbuat Şurasının xəbərdarlığının olunması barədə rəy çıxarıb.

“Ölkə” qəzetinin 5-11 may 2011-ci il tarixli sayında gedən “SOCAR-ın tam məxfi əməlləri” yazısı ilə bağlı müraciət növbəti müzakirə mövzusu olub. Şirkət təmsilçiləri məqalənin yanlış fikir və faktlara əsasən, araşdırma aparılmadan qələmə alındığını bildirib, cavabdeh tərəf isə iradlarla razılaşmayıb. Komissiya tərəfləri dinləyərək rəyə gəlib ki, qəzet yazı hazırlanarkən qarşı tərəfin mövqeyini öyrənməyə israrlı olmayıb. Məsələ ilə əlaqədar şirkətin mətbuat xidmətinə müraciət edilməməsi balans prinsipinin tələblərinin pozulması ilə nəticələnib.

Komissiya ARDNŞ-in mövqeyini əks etdirən və MŞ-yə ünvanlanan müraciətin qəzetdə olduğu kimi verilməsini nəşrə tövsiyə edib. Hər iki tərəf təklifin icrasını məsələnin həlli istiqamətində real variant kimi dəyərləndirib.

İclasda Dövlət Sərhəd Xidmətinin “Reytinq” qəzetindən şikayəti də tərəflər arasında anlaşma əldə olunması ilə yekunlaşıb. Belə ki, qəzetin “Sərhəd xidmətində 9 milyonluq şübhəli əməliyyat” (8 may 2011-ci il) sərlövhəli yazı ilə əlaqədar təkzib verməsini, üzrxahlıq etməsinin müraciət müəlliflərini qane etməsi bunu şərtləndirib. Komissiya qəzetin nəzərinə çatdırıb ki, gələcək fəaliyyətində etik prinsiplərə bu sayaq sayğısız yanaşmanın təkrarlanmaması üçün müvafiq tədbirlər həyata keçirsin.

İclasda “Bölgə xəbər” saytının 11 iyun 2011-ci il tarixli sayında Masallı Tibbi Sosial Ekspertiza Komissiyası barədə gedən materialda etik prinsiplərin əksər parametrlərinin pozulduğu bildirilib. Komissiya üzvləri saytın konkret faktlara, dəlil-sübutlara əsaslanmayan ittiham xarakterli fikirləri təqdim etməsini, birtərəfli ittihamlar irəli sürməsini əsas götürərək həmin yazını qərəz nümunəsi hesab edib. “Bölgə xəbər”in başçısı Vasif Turan iradlarla razılaşıb və əlavə edib ki, sayt 31 saylı TSEK-in sədri Xalıq Məmmədovdan üzr istəməyə, təkzib verməyə hazırdır.

Müsavat Partiyası Tərtər rayon təşkilatının sədri Xaqani Məmməd Mətbuat Şurasına müraciətində bildirib ki, “Tərtər” qəzetinin 8 aprel 2011-ci il tarixli sayında gedən bəyanatda bir sıra şəxslərin bu siyasi qurumu tərk etmələrinin göstərilməsi həqiqətə uyğun deyil, mətbu nəşrdə isə qarşı tərəfin məsələyə aydınlıq gətirməsinə imkan yaradılmayıb. Komissiya üzvləri məsələ ilə əlaqədar toplanmış materialları araşdıraraq rəyə gəliblər ki, şikayətçinin bu hüququnun təmin edilməsi qəzetə tövsiyə olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 696

Oxşar yazılar