Gecə səyahəti: “Can-cana”, yad toyunun gizli qonağı, qaraçı tərifi – REPORTAJ
29 iyul 2011 13:24 (UTC +04:00)

Gecə səyahəti: “Can-cana”, yad toyunun gizli qonağı, qaraçı tərifi – REPORTAJ

Nə olsun, gecə yarısıdır. Göydən ki od tökülür. Hələ üstəlik guya Şamaxıdayıq. Bu lənətə gəlmiş avtobus da xarab olmağa vaxt tapdı. Sürücü deyir ki, nə bilim harasısa hissə xarab olub. Mənim kimi maşın naşısı olan haradan bilsin ki, bu balakənli balası Etibar nə demək istəyir.

Sürücümüzü deyirəm. Guya Balakənə gedəcəyik. Və mən də gecə ölkə boyu gəzib “Azərbaycanın gecəsi” adlı yazı yazacağam. Amma avtobusun “xəstələnməsi” sonradan bəndənizi ən azı bir macərayla üz-üzə qoydu. Bu barədə az sonra. Hələliksə...

“Üçüncü mərtəbəyə çıx, nə bilet!”

Hələliksə Bakı Beynəlxalq Avtovağzalındayıq. Gurultulu səslənir, hə? Beynəlxalq-filan... Əslində bu avtovağzalda beynəlxalqlıq bir şey yoxdur. Hər şey elə xalqlıqdır. Təsəvvür edin, Balakənə getmək istəyirəm, deyirlər vağzalın üçüncü mərtəbəsinə çıx. Bilet almaq da lazım deyil. Daha dəqiqi, pulu elə avtobus yiyəsinə ver, tərpən. Neyləyək, qayda belədirsə, necə kənara çıxa bilərik?

Həmin avtobus da 14 nəfərlikdir, səhv etmirəmsə. Məndən başqa hamısı evinə gedir. Böyrümdə oturmuş Elnur dil-boğaza qoymadan sürücü ilə mübahisə edir. Sən demə, hansısa cəza ucbatından əsgərlikdən xeyli gec tərxis olunub. İndi də evinə tələsir.

- Ay qardaş, onsuz da gecə çatacağıq, bir saat gec, ya tez. Bir az səbirli ol daaaa... -
sürücü də dil-boğaza qoymur.

“Cəngidə bitən səbr və “Can-cana”

Səbr əslində Bakıdan 60 km aralı Cəngi adlı kənddə bitmişdi. Maşınımız, sürücülərin ifadəsi ilə desək, “pereboy”layırdı. Amma sürücü maşının “kapotu”nda əlləşə-əlləşə bir “Can-canadır, can-cana” mahnısını da bizlərə ərməğan etdiyindən kimsə səsini çıxara bilmirdi. Ona görə yox ki, hansısa şedevrə qulaq asırdı, ona görə ki, dinləməyə başqa bir şey yox idi. “Can-cana”dan başqa sürücümüzün musiqi kaleydoskopunda bir əttökən mahnı da vardı ki, hörmətli oxucu, indinin özündə belə xatırlaya bilmirəm. Amma sözlərindən belə çıxırdı ki, deyəsən, kimisə gəlin aparmaq istəyirdilər, o isə razı deyildi.

Cəngidə düşüb bir-iki siqaret çəkəndən sonra sürücü şəstlə bildirdi ki, problem yoxdur, evəcən - yəni Balakənə - rahat gedə biləcəyik. Elə biz də rahat-rahat maşına oturub, dərdləşə-dərdləşə yola davam etdik.

Mərəzəni rahat keçirik. Hətta DYP postunda da saxlayan olmadı. Şamaxıya çataçatda maşın yenə özünü narahat aparmağa başladı. Hə, işimiz var da... Yüz faiz haradasa dayanacaq yenə. Dayandı. Bakı-Balakən yolunun düz 120 kilometrliyində. Sürücü yenə hansısa avtoterminlərlə nəyisə izah etməyə çalışdı. Sərnişinlərin isə səbri tükənib, deyəsən. Az sonra ən dəhşətlisi baş verdi. Əsl şok! Sürücü gecə yarısı sözün həqiqi mənasında şok bəyanat verdi: “Azı iki saat burdayıq”. Hmmm. Bakıdan iki saatdır ayrılmamışıq, artıq yolda qalmışıq.

Şamaxı, gecə. Göydən od tökülür. Elnur sürücüyə yaxınlaşıb nə vaxt yola düşə biləcəyimizi təxminləyir. O isə bildirir ki, Bakıya zəng edib, hansısa “zapçast”ı gözləyir, ən azı iki saat burdayıq. Mübahisə etməyin mənası yoxdur, ay nə bilim niyə nasaz maşınla yola çıxmısan, pulumu ver geri qayıdım və s.

“Getdik toya!”


Elnurla bürkülü gecəyarısı soyuq nəsə içmək üçün mağaza axtarırıq. O təklif edir ki, gəl sürücüdən telefonunu götürək, onsuz da iki saat burdadı, gedək bir yer tapıb pivə içək. Razılaşıram.

Gəzə-gəzə pivə verilən bir yer tapırıq. Bura “Nurlan” şadlıq evinin yaxınlığıdır. Toydan şaqraq musiqi sədaları yayılır. “Can-cana” burda da bizi tapdı. Dəli beynim Elnuru da razı salır.

- Getdik eee, toya.

- Hara toya?

- Toya da...

- Bizi tanımırlar axı... Üstəlik, nə ad deyib toya gedəcyik?

- Getdik, qalanı mənlikdi…

Elnur deyəsən heç nə anlamırdı. Amma mənim reportajım üçün bundan gözəl məqam ola bilməzdi. Nə etməliydim ki? 2 saat maşın “remont”unu boşa verməliydim?

Elnur əvvəl içəri girməyə tərəddüd edir. Onu ürəkləndirdim:

- Keç, keç, özünü də sakit apar, Görmürsən toyun axırıdır artıq. Otur, kondisionerli zaldır, qalanı mənim boynuma.

Biz içəri girəndə hətta aş belə nə vaxt idi ki, verilmişdi. Amma qadasın aldığım “Can-cana”, deyəsən, buralarda da hakim idi. Hə, bir də “Qurban olum Şamaxı”.

“Sadığın bacısı oğlu deyilsiz ki?”

Zalın orta hissəsində oturduq. Amma insaf naminə onu da deyim ki, ofisiantlar dərhal təzə qonaqların yanına gəlib stolu təmizlədilər, aş, hardansa qalma salat və bozartma gətirdilər. Oturmağımızdan heç beş dəqiqə keçməmiş keçəl bir dayı - yaşı yəqin ki 60 olardı – yaxınlaşıb, “xoşgəldiz” elədi. Elnura “Sadığın bacısıoğlu deyilsən ki” deyə müraciət etdi. İnsafən Elnur da duruxmadı. Ağzındakı tikəni çeynəyə-çeynəyə başı ilə təsdiq etdi. Beş dəqiqə keçməmiş stolumuzun üstü müxtəlif kabablarla da doldu. Başımız yeməyə qarışsa da, sürücümüzün nə vaxtsa tərpənəcəyini də yaddan çıxarmamışdıq. Elnur sürücüyə zəng edir. Cavab: “Qardaş, bir saata çıxırıq, inşallah”. Bəs şadlıq evindən necə çıxaq? Elnur unikal bir təklif edir: “Gəl, sifariş verib rəqs edək, onsuz da toyun axırıdır, it yiyəsini tanımır”. Bircə bu qalmışdı. Elnur təkid edir. Deyəsən boşaltdığı araq da ona təsir etmişdi. Və... “Şamaxı” mahnısı! Elnur incə telə toxunmuşdu. Durub dəli kimi rəqs etməyə başladı. Bir xeyli içkili yerli cavan da ona qoşuldu. Necə deyərlər, ara qarışdı, məzhəb itdi.

Rəqsin ortasında Elnur yaxınlaşdı.

“Yaz... on manat”

- Gedirik müəllim, mən oynayanda şofer zəng elədi ki, maşın 10 dəqiqəyə hazırdı.

- Gedək.

- Birdən toy pulu yığanlar nəsə… Bax, stolun üstündə “oğlan evi”, “qız evi” yazıblar…

- Biz yəqin oğlan eviyik də…

- Müəllim, zarafatsız, bizə baxırlar…

- Oğlan evinə mən yazdıraram. Sən bayıra çıx, gözlə…

Elnur şəstlə bayıra çıxır. Elə eyni şəstlə mən stola yaxınlaşıram. Pul yazanın stolunun üstünə qoyulmuş qabdan bir gilas götürüb ağzıma atıram.

- Yaz, Səbuhi Kulisov.

- Qardaş familiyanı bir d de.

- Kulisov... 10 manat.

Pula, daha doğrusu, onun az məbləğinə, bir də soyadıma baxıb qısa tərəddüddən sonra adımı siyahıya əlavə edir.

- Sağ olun!

- Xoşbəxt olsunlar!

Və soyuqqanlılıqla məclisi tərk edirəm. Özümə təsəlli verməyə də imkan tapıram: 10 manat da puldu da, bəyin kasıb qohumu da ola bilər. Özü də toyun axırında gəliblər.

Aşağıda isə Elnur artıq taksi tutmuşdu. Bakıdan çıxan maşınımıza çatmaq üçün.

1 manatlıq aşıq

Biz çatanda maşın artıq düzəlmişdi. Sürücü Etibar dedi ki, camaat istəsə - yəni sərnişinlər - bir də “pereval”da saxlayaq, yolumuza davam edək. Çünki Balakənə qədər heç bir yerdə dayanmayacaq. Biz onsuz da tox idik. Amma yerdə qalan sərnişinlərin cavabını gözləyirdik. Yekdil rəy bu oldu ki, yolda, yəni Ağsu aşırımında bir hovur dayanaq.

14 kilometrlik Ağsu aşırımında irili-xırdalı bəlkə də 144 kafe var. Sürücü onların birində saxlayır. Deyəsən tanışıdır. Çünki kafe işçiləri başına fırlanırlar. Biz Elnurla çay sifariş edirik. Bir qism sərnişin yoldaşımız yemək istəyir, bəziləri isə maşından ancaq tualet üçün düşürdülər. Hə, bura da maraqlı məkan imiş. Ən azı aşığı vardı. Düzdür aşıq, bir az naşı idi. Oxuyub-çaldığı ancaq iki havadan ibarət idi: “Yanı Kərəmi”, bir də “Ruhani”. Amma buralarda, deyəsən, bu aşıq “yek”dir. Həm ucuz oxuyur, təxminən bir havanı 1 manata. Həm də nə oxuduğundan bir kimsə heç nə anlamadığından hər iki tərəf razı qalır. Aşıq o stol, bu stol cövlan edib, bizim masaya da yaxınlaşır. Deyəsən, Elnurun da aşıq havalarından başa çıxmır. Elə beləcə də deyir:

- Şair, (nədənsə aşıq yox, məhz şair - S.M.) kişi kimi bir mahnı oxu!

- Nə oxuyum, qadoyu alım?

- Nə istəsən, ləzzətli olsun.

Aşıq bəlkə də bu gün ilk dəfə gördüyü 5 manatlığı alıb, sazını kökləyir. Və başlayır, nə başlayır – “Nar çiçəyi”. Deyəsən, Elnura ləzzət eləmişdi. Çünki ona daha 1 manat verdi...

Maşınımız bir də Qaraməryəmdə dayandı. Deyəsən, kiminsə ürəyi bulanmışdı, qaytarmaq istəyirdi. Özü də möhkəm içmişə oxşayıdı. Onu Qaraməryəmdə arvadı düşürdü. Təxminən yarım saatdan sonra kişi bir qədər rahatlanıb, maşına oturdu. Bu yarım saat ərzində Elnurla mən bir pivə də içdik və insafsızcasına həmin adama lağ etdik. Məlum oldu ki, bu ailə əsgərlikdə olan uşaqlarına dəyməkdən qayıdırmış. Sən demə, Qusardakı hansısa hərbi hissədə xidmət edən uşaqları da …zəhərlənibmiş… Taleyin işinə bax…

“Fit çalıram ki, yatmayım”

Qaraməryəmi keçəndən sonra hamı yatdı. Hətta Elnur belə xoruldayırdı. Sürücü isə, nədənsə fit çalırdı. Mən “niyə fit çalırsan?” soruşanda orijinal cavab verdi: “Gecə saat ikidir. Yuxunun ən pis gələn vaxtıdır. Hamınız yatmışız. Fit çalıram ki, yuxuya getməyim”. Maraqlı məntiqdir. Nə deyə bilərik?

Əslində az sonra mən də yuxuya getdim. Bir də ayıldım ki, Zaqataladayıq. Sürücü nədənsə trasdan çıxıb, harasa dönüb. Hara düşmüşük? Sən demə, maşındakı sərnişinlərdən birini gətirib, yükünü boşaltmalıdır. Deyəsən qaraçı məhəlləsidir, ya evidir. Maşından iki yekə kisə boşaldılır. Bu iki kisəni kim boşaltsa yaxşıdır? Təxminən 12-13 yaşıl uşaqlar. Maşında olan, bizlər, qeyri-qaraçılar isə bu cocuqların ağır kisələri bellərinə alıb, necə daşıdıqlarına heyranlıqla baxırıq.

- “Pesok”dur, Bakıdan “zakaz” ediblər. Qaraçı deyillər e, artıq bizim kimidirlər. Bizlərdən qız alırlar, verirlər. Yaxşı adamlardır.

Sürücü Etibar sanki yoldan çıxdığına görə, sərnişinlərdən imdad diləyirdi.

Etibar Balakənə az qaldığını deyib, sərnişinləri oyadır da. Onsuz da Zaqatalaya çatanda maşının yarısı boş idi.


***

Balakənə Etibar, mən, Elnur və daha iki nəfər gedirdi. Balakəndə Etibar bizə bir kabab qonaqlığı vəd edir. Elnurla məni şəhərin qırağında bir yerə aparıır. Və əsil şofer söhbəti də burda başlayır.

- Bir dəfə maşınla Balakənə gəlirdim. Yolda, təxminən Pirəküşkül tərəfdə bir qadın əl elədi. Fikirləşdim ki, Şamaxıya gedir. Bir az getmişdik, dedi saxla. Dedim bacı, bura çölün ortasıdır, hara düşürsən? Qayıtdı ki, bacı özünsən, əsgərəm, Müşfiqdə postu keçməliydim… Hi-hi-hi…

- Nəyi gülməlidir ki? - Elnur ciddiləşir.

Sürücü bu dəfə dillənmir.

İkinci əhvalatı danışmağa isə Elnur imkan vermir.

Söhbəti mən yumşaldıram:

- Sübh tezdən Gəncəyə, ordan da Qazaxa getməliyəm, necə edim?

Bu dəfə sürücü cəld dillənir:

- Özüm yola salaram!

- Bəlkə, ilk Yevlaxa gedim? Sonra Gəncəyə, ordan da Qazaxa.

- Müəllim sən istəyirsən bir-iki gün Balakəndə qal, nə var aranda?

- Qazax da arandır?

- Bəs nədi? Antalya? (Üçümüz də gülürük)

****

Amma səhəri Gəncədə, biri gün isə Qazaxda olacağıq. Gəncədə məşhur aktyor Ələddin Abbasovla – “Cahandar ağa” ilə görüşməliyik. Və… bu başqa söhbətin mövzusudur. Bəlkə bizi izləməkdə davam edəsiniz. Maraqlı olacaq. Özü də çooox!!!

Səbuhi Məmmədli

Bakı-Baləkən-Azərbaycan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 791

Oxşar yazılar