“Bir oğlumun böyrəklərini çıxartdılar, o birini maşınla vurub öldürdülər, ailəm isə yoxa çıxdı...” - HEKAYƏT - FOTO
26 aprel 2011 18:02 (UTC +04:00)

“Bir oğlumun böyrəklərini çıxartdılar, o birini maşınla vurub öldürdülər, ailəm isə yoxa çıxdı...” - HEKAYƏT - FOTO

Elə küçədəki skamyadaca şirin-şirin yatmağı yanından keçən hər kəsin diqqətini çəkirdi.
Bura “Fəvvarələr meydanı”ndakı skamyalardan biridir.
Köhnəlmiş, bəlkə də aylarla su üzü görməyən, yamaqlı paltar içində olan bu orta yaşlı kişi paltarının altından qarnına nə yığmışdısa, qarnı az qala burnuna dəyirdi. Yanına üç-dörd ədəd içi dolu kisə də düzmüşdü. Oturduğu vəziyyətdə əllərini yan cibinə qoyub, başını “şişmiş” qanına əyərək elə həvəslə xoruldayırdı ki, onunla üzbəüz oturduğum oturacaqda az qala yuxum gəlirdi.
Onun kirli, tük basmış, qırış və yorğun üzündə sezilən qəribə xoş ifadəni diqqətlə izlədikcə mənə elə gəldi ki, o, həmin an yuxuda bəlkə də ən çox arzuladığı dəqiqələri yaşayır. Bəlkə də həmin yuxuda o, reallıqda gördüyü milyonlarla insan arasında onun qayğısına qalan arzuladığı kəsi tapıb.
“Yəqin, indi yuxuda kiməsə ürəyini boşaldır” - düşünürdüm ki, qəfil qarşısından keçən qadının yanındakı uşağın qışqırması onu diksindirdi. Üz-gözündən hiss olundu ki, heç ayrılmaq istəmədiyi yuxudan yarımçıq ayıldı. Keçib ona yaxın skamyada əyləşdim:

- Yaman bərk yatmışdın...

Elə bil indi gördü məni. Diksinib mənə baxaraq:

- Yox niyə ki... gecələr yata bilmirəm, indi sakitlik idi, gözümün acısını alırdım...

- Gecələr niyə yata bilmirsən?

- Allahın skamyasında da yatmağa imkan vermirlər...

- Kimlər?

Elə bil yarasına duz basdım:

- Evindən, ata-anasından bezib küçələrə düşənlər, mən nə bilim?!... A qadan alım, mənim başımı salmağa komam yoxdur, amma bunların imarətləri ola-ola küçələrdən yığışmırlar. Bu gecə axırda elə elədilər ki, başımı burdan götürüb (gecələr həmişə yatdığı skamyanı göstərir) “28 may” tərəfə getdim. İki nəfər oğlum yaşda cavan uşaqlar idi. Bağın kənarında “qanı qiyməti”nə bahalı maşından düşdülər, yanlarında da özləri ağılda iki qız uşağı, gecə yarıya qədər məni qoymadılar burda yatım.

- Çoxdan bayırda gecələyirsən?

- Düz 9 ildir yatağım skamyalardı, oğul... Mərdimazarın evi başına uçsun görüm, başına...

Axırıncı sözlərini elə yanıqlı-yanıqlı dedi ki, dindirməyə belə peşman oldum.
Bir qədər danışmadan dayandıq. Mən ona baxırdım, o, isə gözlərini yerə dikmişdi.
Maraq hər şeyə üstün gəldi:

- Kimdir o mərdimazar?

- Ağrın alım, onsuzda yuxusuzam, çıx get, işinlə məşğul ol... Başım ağrıyır onsuz da... Axşama da nə qədər işim var... Öləndə də imkan verməyəcəklər ölməyə, əl çəkmirlər- astaca deyinməyə başladı.

Ona paralel skamyada idim. Hiss etdim ki, kişi ənənəsi üzrə məndən də ehtiyat edib çəkinir. Oturduğum yerdən durub ona yaxınlaşdım, qarşısında azacıq çömbəlib:

- Danış a kişi, boşalt içini, mən adamyeyən deyiləm.

Yuxarıdan aşağı bir gözü qapalı mənə baxıb:

- Sən də onlardansan? Keçən dəfə aparıb bir gecə saxladılar, ağılları bir şey kəsməyib buraxdılar. İndi nə istəyirsiniz məndən bimirəm?!

Gördüm məni tamamilə səhv salıb. Bunu elə ilk andan gözlərindəki qorxudan hiss etmişdim. Ona kimliyimi dedim. İzah etdim ki, onunla yaşadıqlarını paylaşmaq həqiqətən mənə maraqlıdır. İstəyirəm yazam . Başa saldım ki, onu əsla dolamaq fikrim yoxdur.
“Eyyy, ay bala”- deyib, bir balaca qurcuxub yerini rahatladı və uzun illər küçə sakini kimi yox, gözlənilmədən əsl elitar görkəm alaraq sözə başladı...

Vahid İsmayılov Gürcüstanda yaşayan azərbaycanlılardandır. 1964-cü ildə Tiflisdə əsasən ermənilər yaşayan küçədə doğulub, orada da boya-başa çatıb. Ali məktəbi Bakıda bitirib, ixtisasca Azərbaycan dili və ədəbiyyatı müəllimidir. Ali təhsilini başa vurduqdan da sonra Tiflisə qayıdıb, orada yaşayıb, orta məktəbdə müəllimlik etməyə başlayır. “Mənim şagirdlərim var ki, bu gün həm Gürcüstanda, həm Azərbaycanda, həm də Ermənistanda yüksək vəzifədə işləyirlər. 10 ildən çox dərs demişəm. Doğulduğum ailədə evin tək uşağı olsam da özümün 3 oğlum olub. Hər şeydən razı olmuşam, mən naşükür insan olmamışam oğul. Amma baisin evi yıxılsın, qəfil bəla kimi həyatımı əlimdən aldı, həyatımı...”

Həmsöhbətim deyir ki, yaşadığı məhəllənin sakinlərinin təxminən 80 faizi erməni olub və mehriban qonşuluq ediblər. “Heç vaxt ağlıma gəlməzdi ki, uşaqlıqdan bir yerdə böyüdüyüm, dostluq etdiyim bir adamdan belə alçaqlıq görərəm. Özü də yaşadığımız küçənin əksəriyyəti ermənilər olsa da çoxu ziyalılar idi. 1994-cü il idi. Burada Qarabağ müharibəsi getsə də Tiflisdə yaşadığımız yerdə əksər qonşu ermənilər ilə münasibətimiz pis deyildi. Pis deyildi deyəndə ki, elə pisliklərini görmürdüm. Həmin illərdə böyük oğlum böyrək ağrılarından şikayət edirdi. Bir dəfə Bakıya gələndə burada tanınmış həkimlərdən birinə göstərdim, dedi ki, adi soyuqlamadı, amma müalicəyə ehtiyacı var. Müalicə olunsa, ağrılar keçər. Bakıda çox qala bilməməyimizdən fikirləşdim ki, bunu elə Tiflisdə edərəm. Tiflisə qayıtdıqdan da sonra ağrılar səngidi deyə bir müddət həkimə aparmaq yada düşmədi. Ancaq bir gün məktəbdə olarkən evdən mənə zəng etdilər ki, Bayramın (həmin oğlunun) belindən sancılar tutub, təcili xəstəxanaya götürüblər. Tez dərsimi yarımçıq qoyub, evə gəldim. Dedilər uşağı qonşumuz doktor Ambarsumun işlədiyi xəstəxanaya aparıblar. Ambarsum erməni idi və elə uşaqlıqdan da bir yerdə böyümüşdük (mən ata evimdə yaşayırdım). Həm uşaqlıq dostu kimi, həm də qonşu kimi əla münasibətlərimiz vardı. Sadəcə, mən ali təhsilimi Bakıda, o isə Tiflisdə almışdı. Hətta müdafiə də etmişdi - deyəsən tibb elmlər namizədi idi. Bir sözlə, elə Sovet dövründən küçəmizdə bir yeri ağrıyan onun üstünə qaçırdı.

Mən təcili həmin xəstəxanaya getdim. Orada məni Gürcüstanın başqa bölgəsindən olan azərbaycanlı həkim tanışım qarşıladı. Mənə dedi ki, uşağı Ambarsum müayinəyə götürüb, narahat olma, hər şey yaxşı olacaq ( bu azərbaycanlı həkim də erməni ilə dost idi). Bir az arxayınlaşdım. Az keçmişdi ki, doktor Ambarsum gəldi. Dedi ki, bəs uşağın böyrəklərində soyuqlamadan şiş yaranıb, əməliyyat etmək lazımdır. Mən əvvəlcə tərəddüd etdim. Çünki cəmi bir ay deyildi Bakıdan müayinədən qayıtmışdıq. Dediyim azərbaycanlı - həmyerlim olan həkimlə də məsləhət etdikdə mənə dedi ki, Ambarsum savadlı həkimdir, nə deyirsə razılıq ver. Yoxsa uşaq əldən gedər. Razılaşdım. Sabahı uşağı əməliyyata götürdülər. Yadımdadır, düz 6-7 saat çəkdi əməliyyat. Bir gün sonra məni və həyat yoldaşımı uşaqla görüşməyə buraxdılar. Uşaq (dediyim kimi böyük oğlum idi, 14 yaşı vardı onda) bu neçə gündə xeyli arıqlamışdı. Əməliyyatdan çıxmışdı, başa düşülən idi. Bir-iki gün keçəndən sonra mənə dedilər ki, uşağı evə apara bilərsən, artıq hər şey arxada qalıb, yaxşı olacaq. Mən də götürüb gəldim evə, amma bir-iki gün də keçmişdi ki, baxdım oğlum gün-gündən geri gedir. Artıq gecələr ağrıdan sızıldamağa, getdikcə bir dəri bir sümük olmağa başladı. Elə həmin həkimlərə (dediyim o erməni və azərbaycanlı həkimlərə) müraciət etdim. Gəlib evdə baxdılar, bir az dərman yazdılar və dedilər ki, qorxulu bir şey yoxdur. Hətta o Ambarsum gözləmədiyim formada mənə gileyləndi ki, “niyə səs- küy salırsan? Mənə inanmırsan? Bir-iki həftəyə uşaq ayağa qalxacaq, narahat olma müəllim!”

Vahid müəllim də həmyerlisinə və qonşusu erməni həkimə yenidən arxayın olur. İnanıb gözləyir ki, tezliklə oğlu sağalıb ayağa qalxacaq. Amma sağalmır ki, sağalmır. Deyir, həmin vaxt maddi imkanı da yaxşı deyildi. O dövrdə (1994) Gürcüstandakı vəziyyətlə əlaqədar dərs dediyi məktəbdən aldığı maaş dolanmağına ancaq çatırdı: “Əvvəlki illəri imkan yaxşı idi, istəyəndə bir ayağım Bakıda olurdu. Amma artıq heç Tiflisdən çıxmağa imkanım çatmırdı. Qalmışdım naçar. Bilmirdim nə edim, necə edim ki, uşağı başqa bir inandığım həkimə göstərim, görüm bunun dərdi nədir. Uşaq gözümün qabağında dil açıb yalvarırdı ki, dözə bilmir, ölür. Aradan neçə gün keçmişdi bilmirəm, bir gün qonşuluğumuzda Valina adlı bir rus müəllimə vardı. Bir məktəbdə işləyirdik. Bir axşam o mənə dedi ki, bəs sabah Moskvadan onun yaxın qohumu olan daxili xəstəliklər üzrə bir həkim qohumu onlara gələcək. Valina müəllimə çox yaxşı qadın idi, oğlum yatağa düşəndən yoldaşımla birgə onun yastığının kənarından aralanmırdı. Valina mənə dedi ki, həmin qohumu professordur və ona etibar etmək olar. Gəldi və uşağı ona göstərdik. O, oğlumu diqqətlə müayinə etdikdən sonra məndən onun nə vaxt və necə əməliyyat olunmasını soruşdu. Mən hər şeyi olduğu kimi ona danışdım. O, məni kənara çəkib oğlumda şübhələndiyi hallar olduğunu dedi. Dedi ki, bunu mütləq xəstəxana şəraitində analiz götürüb müayinə etmək lazımdır. Mən ona:

- Tiflisdən kənara çıxmaq üçün heç bir maddi imkanım yoxdur - dedim.

O:

- Mənim burda - Tiflisdə tanıdığım bir poliklinika var. Ora aparaq.

Razılaşdıq və yığışıb uşağı o dediyi poliklinikaya apardıq. Analiz götürdülər, yoxladılar - düz axşama kimi müayinə etdilər. Cavab alana kimi xanımımla mən palatanın qapısından əl çəkmədik. Gecəyə yaxın Moskvadan gəlmiş həmin doktor məni həkimin otağına çağırdı. əvvəlcə ordan-burdan danışdı. Hiss etdim ki, nəsə var. Dedim, doktor, mətləbə keç, onsuz da öyrəncəliyəm, təsəlli vermək lazım deyil. Həkim qayıtdı ki, əməliyyat zamanı oğlunuzun böyrəkləri dəyişdirilib. Daha doğrusu, onun öz böyrəkləri çıxarılaraq, əvəzində bir ədəd, özü də başqa böyrək qoyublar. Ona görə də orqanizm onu götürmür. Əgər belə getsə, uşağı itirə bilərsiniz. Təcili uşağın böyrəkləri bərpa olunmalıdır. Təbii ki, onu əməliyyat edən həmin həkimləri məsuliyyətə cəlb eləməklə...

Ondan sonra həkimin nə dediyini eşidə bilmədim... Bir də gözümü açdım ki, başımın üstündə tibb bacıları dayanıb... Axşama yaxın mənə dedilər ki, bəs infarkt keçirimisən...
Məni oğlumun böyrəklərinin əməliyyat adı ilə oğurlanmasından çox onu edənlərin uşaqlıq dostum olan doktor Abarsumla həmyerlim olan bir həkimin etməsidir. Elə sabahı gün Abrasumun evinə getdim. Hər şeyi ona danışdım və bunu ona bağışlamayacağımı dedim. Ona vaxt qoydum ki, əgər tezliklə elədiyini qaytarmasa, prezidentə qədər yazacam. O, mənə dedi ki, “sənin başın xarab olub nədir? Nə böyrək oğurlamaq, sən nə danışırsan? Biz sənin oğlunu əməliyyat edib böyrəyindən şişi götürmüşük. İçib-eləmisən deyəsən, get işinlə məşğul ol!” Mən ona analizin nəticələrini və uşağın üzərində həqiqətən öz böyrəklərinin olmaması ilə bağlı həmin professor da daxil olmaqla həkim komissiyasının qərarını göstərdim. O, vəziyyətin gərgin olduğunu görüb, başladı mənə hədə-qorxu gəlməyə ki, guya onu şərləyirəm. Mübahisəyə başladıq, məni qapısından qovdu. Mən evə qayıdan kimi Gürcüstan Baş Prokurorluğuna, Səhiyyə Nazirliyinə və Prezident Aparatına bu barədə geniş bir məktub yazdım. Həkim komissiyasının da qərarını məktuba əlavə edib, ünvanlarına göndərdim. Göndərməyimə baxmayaraq, onlardan nəsə çıxacağına o qədər də ümidim yox idi. Çünki o vaxt Gürcüstanda hökumət yox kimi idi.

Ancaq ürəyim partlayırdı, gözümün qabağında mənə dağ çəkmişdilər. Məktub göndərdiyim günün sabahı məktəbdən evə gələndə qarşılaşdığım hadisə məni yerimdəcə dondurdu. Mən həmişə məktəbdən evə qayıdanda kiçik oğlum qabağıma qaçırdı. Bu dəfə də elə oldu oğlum mənə tərəf qaçanda haradansa peyda olan bir “Niva” yolu keçən oğlumu vurub, kənara atdı və qaçdı. Heç nömrəsini götürə bilmədim. Yerə düşən oğlumla aramızda cəmi 50-60 metr olardı. Özümü çatdırdım ki, gecdir - yerindəcə keçinmişdi...

Həmsöhbətin hekayətinin bu hissəsinə çatanda əməlli-başlı doluxsundu, gözlərindən yaş bulaq kimi gəlməyə başladı. Mən susurdum, sadəcə, mane olmaq istəmirdim... Qoca oturduğu yerdəcə bir az da büzüşüb az qala yumağa döndü. Mənə elə gəldi ki, indicə kiçilib yox olacaq...

Çalışdım təsəlli vermək üçün nəsə deyəm. Demək üçün ürəyimdə nəsə axtarırdım ki, o özü davam etməyə başladı...

- Sabahı gün də elə ölən kiçik oğlumun dəfnindən qayıdanda həyət qapısının önündə bir məktub tapdıq. Məktub gürcü dilində yazılmışdı: “Ya səsini kəs, ya da biz səni susduracağıq!” Axşam qonşum Valina müəllimə dedi ki, doktor Ambarsum barədə şəhərdə qəribə söz-söhbətlər gəzir. “Deyirlər yuxarılarda yaxşı adamı var, xəstəxanalarda əlinə düşən kimsəsiz xəstələrin orqanlarını çıxarıb, xarici ölkələrə göndərir və bu işdə tək deyil. Əlaqədə olduğu dəstə var. Başıma bu oyunu gətirmələrinə baxmayaraq, inanmırdım ki, Ambarsum belə işlərlə məşğul olar. Yası yola verib məktəbə gedəndə direktor heç sinfə girməyə imkan vermədi. Məni çağırıb dedi ki, “Vahid müəllim, nazirlikdən göstəriş gəlib, ixtisarlar aparırıq, işdən azadsınız”. Bu, artıq mənim üçün gözlənilməz deyildi. Aydın oldu ki, Valina düz deyirmiş - bütün bunlar Ambarsumun işləridir. Yazdığım yerlərdən də heç bir cavab gəlmirdi. Heç bir ay keçməmiş böyük oğlum da böyrəksizlikdən öldü... Belim qırıldı. Ondan sonra dalbadal iki dəfə də hədələyici məktub atdılar həyətə, özü də bu dəfə erməni dilində. Ailəmin başına bir iş gələcəyindən qorxub, daha səsimi çıxarmadım. Düz bir ildən çox belə davam etdi. Mən artıq dolana da bilmirdim, işdən qovulandan sonra Valina müəllimədən başqa heç qapımızı da açan yox idi. Ailəmlə (arvadım və sağ qalan yeganə ortancıl oğlum) məsləhətləşib qərara aldıq ki, mən Bakıya işləməyə gəlim.

Bakıya gəldim. Axtarıb uzaq qohumlarımdan birini tapdım, onun köməkliyi ilə “8-ci kilometr”də çörək sexlərinin birində fəhlə kimi işə düzəldim. Bir ilə yaxın işlədim, pis deyildi, aylıq qazancımdan ailəmə də göndərirdim. Bir gün nədənsə işlədiyim sexi bağladılar. Qaldım işsiz. Bir müddət tanıdığım supermarketlərdə fəhləlik etdim. Amma gördüm bacara bilmirəm, yük qaldıra bilmirdim. Tamam zəifləmişdim. Hətta bir dəfə belimə qaldırdığım un çuvalının altında huşumu da itirdim. Ondan sonra məni fəhlə kimi də işə götürmədilər, dedilər yaramırsan. Həmin vaxt 3 aya yaxın idi ki, ailəmlə də əlaqə yarada bilmirdim. Bərk narahat idim. Ancaq bir gün xəbərim oldu, kaş olmayaydı... Bakıda “qul bazarı” deyilən yerdə Tiflisdən başqa məhəllədən olan bir həmyerlimi gördüm. Dedi, 10 gün olar Tiflisdən gəlmişəm. Gəlməmişdən qabaq sizin evi yeni tikilən bina yerinə düşdüyü üçün uçurtdular. Yoldaşınla oğlun Dmanisiyə qayınatangilə getdi. Biz eşitdik ki, orda da dolanışıq çətin olduğu üçün sən ailəni də götürüb Rusiyaya getmisən. Amma sən Bakıdaymışsan...

Mənim heç nədən xəbərim yox idi. Həmdə qayınatam iki il olardı ölmüşdü, yoldaşım heç vaxt oralara getməzdi...

Həmin gün “qul bazarında” qalmadım, ondan ayrılıb birbaşa Bakıda olan yeganə uzaq qohumumgilə getdim. Vəziyyəti ona danışdım, xahiş etdim ki, mənə ailəmdən bir xəbər öyrənmək üçün kömək etsin. İki gün sonra onun vasitəsi ilə öyrəndim ki, arvadımla oğlum evdən qovulduqdan sonra həqiqətən Dmanisiyə - atası evinə gedib. Qayınatam öldüyü üçün bir müddət bacısıgildə qalıb. Sonra isə Bakıya - mənim yanıma gəlmək üçün sərhədi keçiblər, sonrasından heç kimin xəbəri yoxdur. Bu xəbəri eşidəndən sonra birbaşa bax oturduğumuz yerə - bura gəldim. O vaxt “Xutorda” kirayədə qalırdım, son günlər iş olmadığı üçün kirayəni də ödəyə bilmirdim. Ona görə də daha ora getmədim... O vaxtdan - düz 10 ilə yaxındır küçələrdə gecələyirəm, oğul...

- Bəs ailəndən heç xəbərin olmadı?

- Təxminən üç il bundan qabaq Bakıdakı həmin uzaq qohumumla rastlaşdım. O, mənə dedi ki, bəs necə olubsa arvadım sərhədi keçəndən sonra Bərdə rayonuna gəlib. Orada Qızıl Xaç cəmiyyəti ilə rastlaşıb və onlardan kömək istəyiblər. Onlar da arvadımla oğlumu Saatlı rayonunda kiçik bir evlə təmin ediblər. Mən bunu eşidən kimi tez Cəmiyyətin buradakı ofisinə gedib məsələni öyrəndim. Onlar təsdiqlədilər və Saatlıdakı ünvanı mənə verdilər. Mənim özümü düzəldib Saatlıya getməyim 10 gün çəkdi. Getdim evi tapdım, amma ailəmi yox. Qonşular dedilər ki, “onlar burada iki il yaşadılar, amma getdilər”. Hara, heç kim bilmədi. Evdə mənim qalmağıma icazə vermədilər, icra nümayəndəsi dedi ki, bu sənin yox, həmin qadınla uşağındır (arvadımla oğlumu deyir). Məndə də pasportumdan başqa heç bir sənəd yox idi. Kor-peşman Bakıya qayıtdım, bala... Açığı, heç indən belə onlarla rastlaşmaq da istəmirəm... Məndən onlara daha heç nə olmaz...

Bunları deyib, başını aşağı salaraq uşaq kimi ağlamağa başladı. Söz tapa bilmirdim deyim, axı nə də deyəydim... Bir xeyli belə gözlədim... Sakitləşib susdu...

- İndi nə ilə dolanırsınız bəs?

- Bax bu gördüyün qonşu dükanlar, dönərxanalar gündəlik nə versələr onunla, ya da ki, imkan düşdükcə əlimə düşən butulkaları, dəmir-dümürü yığıb, satıram. Bax bu qarnıma da yığdığım alüminium qırıqlarıdır...

- Niyə ora yığımısan?

- Yanıma qoysam, yuxuya gedən kimi gəlib aparırlar. Etibarlı yerim indi buradır.

- Bu neçə ildə ancaq burada gecələmisən?

- Əvvəllər Səməd Vurğun bağında idim. Orda gecələr yaman səs-küy olurdu. İki il olar bura “köçmüşəm”. Heç burda da imkan vermirlər. Neçə dəfə bu polislər buralarda hər oğurluq olanda birinci gəlib məni aparırlar. Elə bezmişəm ki, böyük həvəslə özümü öldürərəm, amma ürəyimdə bir arzum var, ona çatmamış ölməyəcəm...

- Nədir o arzu? Maraqlıdır...

- Mən daha heç kimə etibar etmirəm oğul, incimə...

P.S. O, bu hekayəti danışan zaman arada onun başına bu oyunu gətirən həmin erməni və azərbaycanlı həkim barədə hədindən artıq əsəbi halda nalayiq söyüşlər söyürdü. Məni isə hətta ondan ayrılandan sonra da yeganə bir şey düşündürürdü: müəllim, ziyalı bir insan bu vəziyyətə düşür, yurdu-yuvası dağılır, həyatı əlindən alınır, amma yenə də arzu ilə yaşayarmış...

Mübariz Aslanov


mubariz1982@mail.ru
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1469

Oxşar yazılar